PDF Oxu

Xəbərlər

  • 9

Türkiyə regionun taleyində həlledici rola malikdir

Türkiyə regionun taleyində həlledici rola malikdir

Bu günlərdə Cənubi Qafqaz regionunda və ümumiyyətlə, dünyada Türkiyənin rolunun artması ilə bağlı hadisələr cərəyan etməkdədir. Bunun da əsas təkanverici amili kimi məhz Türkiyənin regionda artan nüfuzu göstərilir ki, buraya da bir sıra mühüm məsələləri aid etmək olar. Türkiyənin öz qonşuları ilə yaratdığı mehriban qonşuluq siyasəti və qurmaq istədiyi sıx əməkdaşlıq münasibətləri, regionda sülh və təhlükəsizliyin qurulması və bütün bunların göstəricisi kimi "qonşularla sıfır problem" siyasəti ilə bağlı atılan ciddi addımları da buraya daxildir. Son günlərdə isə Türkiyənin artan nüfuzu bir sıra digər hadisələrdə də özünü göstərməkdədir.
May ayında Türkiyənin iştirakı ilə baş verən hadisələrə nəzər yetirmək lazımdır ki, Türkiyənin nüfuzunun artmasını aydın görək. Belə ki, ayın əvvələrində Rusiya prezidenti D.Medvedevin Türkiyəyə səfəri zamanı keçirilən görüşlər və aparılan müzakirələr iki ölkə arasında əməkdaşlığın gələcək prespektivlərini müəyyənləşdirməklə yanaşı, eyni zamanda, regionda da bir sıra hadisələrin gedişatına Türkiyə və Rusiyanın rolunu da müəyyən etmiş oldu. İki ölkə arasında viza rejiminin ləğv olunması yüksək əhəmiyyətli məsələ kimi qiymətləndirilir. Bu amil Türkiyə və Rusiyanın bir-birinə yaxınlaşması prosesini daha da sürətləndirmiş olacaq. Regionun iki aparıcı ölkəsinin bir-birilə, həmçinin, regional məsələlərdə ortaq mövqeyə gəlməsi də əlamətdar hadisə kimi göstərilə bilər. Burada, xüsusilə, regionda sülh, təhlükəsizlik və əməkdaşlıq platformasının yaradılması önə çəkilir. Bu mənada, Rusiya - Türkiyə yaxınlaşması gələcəkdə regionun sabitliyi və inkişaf perspektivini də müəyyən etmiş olur.
Digər bir tərəfdən isə, bu günlərdə Türkiyənin baş nazirinin Azərbaycana səfəri də regional səviyyədə yüksək qiymətləndirilir. R.T.Ərdoğanın Bakıya səfəri zamanı Prezident İlham Əliyevlə keçirdiyi görüş, aparılan müzakirələr və sonda verilən bəyanatlar təkcə Azərbaycan - Türkiyə dostluğunu və qardaşlığını əks etdirmir, eyni zamanda, hər iki ölkənin regional sabitliyin bərpa olunmasında da birgə fəaliyyətini və ortaq mənafelərini nümayiş etdirir. Xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində Türkiyənin münaqişənin sülh yolu ilə həll olunmasına tərəfdar çıxması ilə yanaşı, Azərbaycanın mənafelərini də müdafiə etməsi hər iki ölkənin maraqları daxilindədir.
Yuxarıda adların çəkdiyimiz hadisələrlə yanaşı, Türkiyə baş naziri R.T.Ərdoğan Bakıya səfər etməzdən öncə, İrana getmiş və orada İran rəhbərliyi və Braziliyanın iştirakı ilə beynəlxalq sabitlik üçün çox mühüm əhəmiyyət daşıya biləcək bir sənədin imzalanmasında iştirak etdi. Daha çox Türkiyənin təşəbbüsü ilə bu üç ölkə arasında imzalanan Tehran bəyannaməsi artıq uzun müddətdir, bütövlükdə, dünya ictimaiyyətinin qarşısını almağa çalışdığı İranın nüvə problemini, demək olar ki, həll etmiş oldu. Bu müqavilə ilə İranın nüvə silahı istehsal etməsi ehtimalı da aşağı düşmüş oldu. Əlbəttə, bu sənədin beynəlxalq səviyyədə tanınması üçün Türkiyə dövləti böyük səylə çalışır. Bununla bağlı olaraq, R.T.Ərdoğanın Rusiya prezidenti D.Medvedev və ABŞ prezidenti B.Obama ilə telefon danışıqları aparması da bunu deməyə əsas verir. Təsadüfi deyil ki, dünyanın aparıcı ölkələri sayılan Rusiya və ABŞ rəhbərliyi də Türkiyənin bu addımını alqışladıqlarını bildiriblər. Çox güman ki, adları çəkilən və digər dövlətlər tərəfindən də Tehran bəyannaməsi tanınacaq və Türkiyənin regionda həyata keçirdiyi növbəti uğurlu addımı kimi qiymətləndiriləcək.
Bütövlükdə, sadaladığımız amillər Türkiyənin regionda artan nüfuzunu bir növ nümayiş etdirmiş olur. Yəni artıq Türkiyə regionda söz sahibi olan nüfuzlu bir dövlətə çevrilməkdədir. Yaranan vəziyyət onu tələb edir ki, digər dövlətlər də hər hansı bir addım atarkən, Türkiyə ilə hesablaşsınlar. Bu isə bəzi qüvvələri narahat etməyə bilməz. Bu qüvvələrin başında dayanan məhz Ermənistandır ki, artıq Türkiyənin artan nüfuzundan onlarda müəyyən narahatlıqlar yaratmağa başlayıb. Türkiyə - Ermənistan münasibətləri və Dağlıq Qarabağ münaqişəsində Türkiyənin Ermənistana qarşı xüsusi bir sərt mövqe göstərməsi erməniləri təşvişə salıb. Azərbaycanla və Rusiya ilə müşahidə olunan yaxınlaşma isə ermənilərdə xüsusi bir narahatçılıq yaradıb. Belə ki, region dövlətləri arasında yaranmağa başlayan bu əməkdaşlıq və mehriban qonşuluq münasibətləri heç bir regional layihədə iştirak etməyən və qonşularla münasibətləri pis olan Ermənistanı qorxuya salıb. Artıq düşünmək olar ki, region dövlətləri arasında mənafelərin yaxınlaşması Ermənistanın yeritdiyi qeyri-konstruktiv siyasətdən ələ çəkməsi üçün ona qarşı təzyiqlərin aratacağına səbəb olacaq. Bu isə onun regionun təhlükəsizliyi baxımından mühüm əhəmiyyətə malik olan Dağlıq Qarabağ münaqişəsində mövqeyinin yumşaldılmasına səbəb olacaq.

Digər xəbərlər