PDF Oxu

Xəbərlər

  • 14

"Azərbaycan öz hərbi gücünü artırdığını gizlətmir və öz müdafiə potensialını möhkəmləndirmək siyasətini davam etdirəcəyik"

"Azərbaycan öz hərbi gücünü artırdığını gizlətmir və öz müdafiə potensialını möhkəmləndirmək siyasətini davam etdirəcəyik"
"ATƏT-in Minsk Qrupu həmsədrlərinin vəzifəsi erməni tərəfini yenilənmiş Madrid prinsiplərini qəbul etməyə inandırmaqdır ki, tərəflər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud mövzuların müzakirəsinə başlasınlar.
Azərbaycan həmişə könstruktiv mövqe nümayiş etdirib və praqmatik mövqeyə sadiq qalıb. Bu, Azərbaycan rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yürütdüyü mövqedir". APA-nın Moskvadakı müxbirinin verdiyi məlumata görə, bu fikirləri Azərbaycan Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Nuriyev Moskvada keçirdiyi mətbuat konfransında deyib. Ermənistan-Türkiyə münasibətlərinin perspektivlərinə toxunan Elxan Nuroyev bildirib ki, Avropa İttifaqından fərqli olaraq Türkiyə Ermənistanla sərhədlərin açılması məsələsində prinsipial və praqmatik mövqe tutub və protokolların Ermənistan parlamentindən geri çağırılması İrəvanın yürütdüyü siyasətin iflasa uğradığını göstərir: "Bununla belə Türkiyənin Qafqaz regionunda rolu daha da artdı, Azərbaycanla strateji müttəfiqliyi daha da möhkəmləndi. Həmçinin Rusiya-Türkiyə münasibətlərində də müsbət tendensiyalar müşahidə olunur. Ermənistan rəhbərliyi isə yalnız öz xalqını təcridə doğru düşünməkdədir, erməni tərəfi bunun üzərində yaxşı düşünməlidir". Onun sözlərinə görə, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir: "Bəli, biz öz hərbi gücümüzü artırdığımızı gizlətmirik və zəruri halda öz torpaqlarımızı Ermənistanın işğalından qurtarmaq üçün ölkənin müdafiə potensialını və hərbi-sənaye kompleksini möhkəmləndirmək siyasətini davam etdirəcəyik. Yalnız Ermənistan Silahlı Qüvvələri işğal altında olan əraziləri tərk etdikdən və məcburi köçkünlər yurdlarına qayıtdıqdan sonra sərhədlərin açılması, kommunikasiyaların bərpa olunması barədə danışmaq olar".
APA-nın Moskva müxbirinin münaqişənin mümkün eskalasiyası və ciddi hərbi qarşıdurmaya çevrilməsi ehtimalı barədə sualı cavablandıran Elxan Nuriyev qeyd edib ki, "nə müharibə, nə sülh" durumu işlərin ümumi durumunu mürəkkəbləşdirir: "Azərbaycanın ərazi bütövlüyü məsələsi ümumiyyətlə müzakirə mövzusu ola bilməz. ATƏT Xarici İşlər Nazirləri Şurasının Afina konfransında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi qətnamə qəbul olunub. Bu qətnamə ilə də ərazi bütövlüyü, yoxsa millətlərin öz müqəddəratını təyinetmə prinsipinin üstün olması barədə mübahisələrə son qoyulub. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınıb".

Digər xəbərlər