PDF Oxu

Xəbərlər

  • 11

"Qoy ömrümüz çiçək açsın!"...

"Qoy ömrümüz çiçək açsın!"...
Dünən "Yeni Azərbaycan" qəzetinin təşkilatçılığı, Nəsimi rayon İcra Hakimiyyəti, "Azercell Telekom" şirkətinin dəstəyi ilə "Abşeron" Rəsm Qalereyasında "Qoy ömrümüz çiçək açsın!" adlı sərginin açılışı olub. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunan sərgidə Nəsimi rayonu 268 saylı xüsusi məktəbin (əqli cəhətdən zəif inkişaf etmiş uşaqlar üçün) şagirdlərinin 60-a yaxın əl işi nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan "Abşeron" Rəsm Qalereyasının rəhbəri Eldəniz İbrahimov bildirib ki, ekspozisiyaya daxil olan maraqlı tətbiqi sənət nümunələri biokompozisiyalar, qrafika nümunələri, applikasiya, o cümlədən, bədii tikmə, intarsiya, qarışıq texnikada hazırlardan əsərlərdən ibarətdir.
Layihənin təşəbbüskarı olan "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Məmmədov çıxışında diqqətə çatdırıb ki, mətbu orqan Ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində ənənəvi olaraq müxtəlif tədbirlər həyata keçirir: "Keçən il "Yeni Azərbaycan" qəzeti olaraq dama, futzal yarışmaları keçirmişik. Bu il isə voleybol üzrə KİV-lər arasında yarışma keçiririk. Növbəti təşübbüslərimizdən biri də əqli cəhətdən zəif inkişaf etmiş uşaqların yaradıcılıq qabiliyyətinin üzə çıxaralması məqsədi daşıyan əl işlərindən ibarət sərgidir. Bilirsiniz ki, Ulu öndər Heydər Əliyev cəmiyyətin bütün sahələrinə diqqət göstərib. Və bütün sahələrin inkişafı üçün əlindən gələni edib. Məlumdur ki, cəmiyyətin hər bir sahəsi inkişaf edə bilər. Amma əsas diqqətin yönəldilməsi lazım gələn sahələrdən biri də sosial yardıma ehtiyac duyulan sahələrdir. Bu məqsədlə də biz məhz əqli cəhətdən zəif inkişaf etmiş uşaqları seçdik. Onların cəmiyyətə qoşulması, cəmiyyətdə baş verən hadisələrdə iştirak etmələri, onların öz potensiallarını reallaşdırmaları vacib məsələlərdən biridir. Ulu öndərin irəli sürdüyü vacib məsələlərdən biri də ondan ibarət idi ki, cəmiyyətin hər bir fərdi özünü bu cəmiyyətdə normal hiss etməlidir. Hər bir fərd öz potensialını nümayiş etdirməlidir. Cəmiyyətin hər bir fərdi hiss etməlidir ki, ona Azərbaycan dövləti tərəfindən diqqət və qayğı var. Hesab edirik ki, keçirdiymiz tədbir də məhz ayrı-ayrı fərdlərin sosial birləşməsinə və özünü təqdim etməsinə xidmət edəcək. Çünki, hər bir cəmiyyəti irəli götürən məhz kollektivçi meyillərdir. Nəticə etibarı ilə bu proseslərin hamısı hər bir cəmiyyətdə müəyyən bir dayanışmaya, doğmalaşmaya səbəb olur. Beləliklə, cəmiyyətin gücü, millətin gücü monolitləşir. Hansı ki, bu bizə mövcud beynəlxalq şəraitdə, movcud regional şəraitdə olduqca vacibdir". Layihəyə dəstək verən hər kəsə təşəkkürünü bildirən H.Məmmədov sərgilənən əl işləri arasından ən yaxşılarını müəyyən etməkdə münsiflər heyyətinin seçim qarşısında qaldığını da diqqətə çatdırıb.
Daha sonra YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı çıxış edərək nəcib işi təşkil edən və dəstək olan hər kəsə öz minnətdarlığını bildirib. Və əqli cəhətdən zəif inkişaf etmiş uşaqların istedadının üzə çıxması istiqamətində görülən işi yüksək qiymətləndirib. Daha sonra "Azercell Telekom" MMC-nin Korporativ Ünsiyyət və Sosial Məsuliyyət bölümünün rəhbəri Ülviyyə Həsənzadə çıxış edərək Azercell-in sosial məsuliyyətli layihələrin təşəbbüsündə pioner şirkət olduğunu söyləyib: "Ən qürür duyacağımız layihələr isə əsasən uşaqlarla bağlı olan layihələrdir. Ümumiyyətlə uşaqlarla bağlı həyata keçirilən hər bir uğurlu və səmərəli iş sevindiricidir".
Sərgidə çıxış edən 268 saylı xüsusi məktəbin direktoru Seyfəddin Mustafayev isə diqqətə çatdırıb ki, məktəb Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın himayəsi altındadır. Qeyd edək ki, qalereyada Mehriban Əliyevanın məktəbdə keçirdiyi müxtəlif tədbirlər zamanı çəkilən fotolar da nümayiş etdirilir.
Tədbirdə, həmçinin, münsiflər heyəti tərəfindən müəyyən olunmuş ən yaxşı əsərlərin müəllifləri mükafatlandırılıb. Azercell-in xüsusi mükafatına "Azərbaycan bayrağı" əsəri ilə Aynur Cahangirova layiq görülüb.
"Bahar qızı" əsəri ilə Xatirə Şirinova I yerə, "Qaranquş" əsəri ilə Fərid Əmrahi II yerə, "Daş ev" əsəri ilə Günay Orucova III yerə layiq görülüb. Həvəsləndirici mükafatlarla isə Dayana Mardovina və Mustafa Abdullayev təltif olunub. Tədbirə 268 saylı xüsusi məktəbin şagirdlərinin hazırladıqları rəqs nömrələri ilə yekun vurulub. Qeyd edək ki, "Qoy ömrümüz çiçək açsın!" sərgisi mayın 10-na kimi davam edəcək.

Digər xəbərlər