Şahin Əliyev: "Özünü demokratik sayan mətbuatın özü demokratiyanın qaydalarına əməl etmir"
Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası şöbəsinin müdiri Şahin Əliyev mətbuatda guya Azərbaycanda "Konstitusiya çevrilişi"nin hazırlanmasına dair yayılan iddialara münasibət bildirib.
Milli.Az xəbər portalının məlumatına görə, Ş.Əliyev Day.Az saytına müsahibəsində bildirib ki, guya ölkədə Konstitusiya çevrilişi həyata keçirildiyi barədə "dərin düşüncəli" mühakimələrə səbəb qanun layihəsinin 43.1 maddəsidir. "Məqalə müəllifləri iddia edir ki, bu maddəyə əsasən Milli Məclisin qanunvericilik planı mütləq Prezidentlə razılaşdırılmalıdır, bundan sonra isə Azərbaycan Prezidentinin razılığı olmadan parlament heç bir qanunu qəbul etmək hüququna malik olmayacaq" - deyən şöbə müdiri əslində maddədə nəyin nəzərdə tutulduğunu açıqlayıb: "Orada bildirilir ki, "müvafiq olaraq Azərbaycan Respublikasının Milli Məclisi və Azərbaycan Respublikasının Prezidenti qanun layihələrinin hazırlanmasının qarşılıqlı razılaşdırılmış illik planını tərtib edir". Söhbət qarşılıqlı şəkildə razılaşdırmadan gedir. Əgər məqalə müəlliflərinin məntiqi ilə yanaşsaq, onda iddia etmək olar ki, Azərbaycan Prezidenti də Prezident Administrasiyasının qanunvericilik işləri planına bir layihə də daxil edə bilməz". Ş.Əliyev bildirib ki, qanunverici və icraedici hakimiyyətlər arasında qanunvericilik işlərinin planının qarşılıqlı razılaşdırılması praktikası demokratik ölkələrdə adi proseduradır. Onun sözlərinə görə, burada söhbət layihələrin hazırlanmasında fəaliyyətin koordinasiya olunmasından, bu prosesdə bir-birini təkrarlamağa yol verməməkdən gedir. Şöbə müdiri bildirib ki, bəzi KİV-də Konstitusiya çevrilişi haqda sensasiyalı iddiaların ortaya çıxmasına səbəb həmin mətbuat orqanlarının istənilən yolla, hətta ictimaiyyət üçün açıq olan bir sənədin konkret müddəalarının təhrif edilməsi ilə sensasiya axtarışıdır. Ş.Əliyev hesab edir ki, özünü demokratik hesab edən mətbuat özü demokratiyanın qaydalarına riayət etmir: "Bir müddət əvvəl mən "Azadlıq" qəzetində senzuranın mövcudluğu faktı ilə rastlaşmışam. Bu qəzetin 19 aprel saylı nömrəsində Rövşən Hacıbəylinin mənim haqqımda yazdığı məqalədə iddia olunurdu ki, guya mən Prezident Aparatına işə 1992-ci ildə Xalq Cəbhəsinin hakimiyyəti dövründə götürülmüşəm. "Azadlıq" qəzetinin elektron formatı oxucuların məqalələrə dair öz şərhlərini yazmasına imkan verir. Lakin mənim və tanışlarımın məqalə müəllifini bu vəzifəyə hələ Sovet İttifaqı dövründə, 1991-ci ilin oktyabrında təyin olunmağım barədə inandırmaq cəhdlərim boşa çıxdı. Bu məqaləyə şərhlər "Azadlıq" qəzetinin saytında yerləşdirilmədi".