Ermənistan vətəndaşları müxtəlif üsullarla hərbi çağırışdan yayınmağa çalışırlar
"Bu gün Ermənistan ordusu faktiki olaraq, hərbi polis rejimini xatırladır. Orduda qulluq etmək erməni vətəndaşları üçün şərəf yox, zülmə çevrilib. Xidmətdən yayınmaq halları, "dedovşina" faktları ildən-ilə artmaqdadır. Orduda hansısa vətənpərvərlikdən, ruh yüksəkliyindən danışmaq olmaz". Bu sözləri Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzəadə Ermənistan ordusundakı vəziyyəti şərh edərkən deyib.
A.Mirzəzadə bildirib ki, Ermənistan ordusunun maddi təminatının zəifliyi şəxsi heyətin ruh yüksəkliyinin zəifliyində özünü göstərir. Bu sahəyə dövlət büdcəsindən ayrılan vəsaitin böyük bir hissəsi müxtəlif mərhələlərdə mənimsənilir.
Onun sözlərinə görə, qonşu dövlətin torpaqlarını işğalda saxlamaq bu gün erməni əsgərləri, zabitləri üçün maraq kəsb etmir. Çünki onlar özlərinin yaşayışını düşünür, bundan narahat olur. Komitə sədrinin müavini qeyd edib ki, Ermənistan vətəndaşları müxtəlif üsullarla hərbi çağırışdan yayınmağa çalışırlar: "Cəbhə xəttinə düşməmək üçün hərbi komissarlıqlara böyük rüşvətlər verilir. Artıq cəbhə və sərhəd xətlərində ciddi əsgər çatışmamazlıqları hiss edilir".