III Beynəlxalq Seminar davam etməkdədir
Xəbər verildiyi kimi, Bakıda qeyri-maddi mədəni irsin qorunması üzrə TÜRKSOY təşkilatının "Türkdilli xalqların qeyri-maddi mədəni irsinin konvensiyalaşdırılması, inventarlaşdırılması və proqramlaşdırılması" mövzusunda III Beynəlxalq Seminarı işə başlamışdır. Proqrama uyğun olaraq Şəki şəhərindəki "Sənətkarlar evi"nin konfrans zalında Beynəlxalq Seminar öz işini davam etdirmişdir.
Şəki şəhər icra hakimiyyətinin başçısı Murad Cabbarlı qədim dövlətçilik ənənələrinə, zəngin tarixə və yüksək mədəniyyətə malik Şəki şəhərində belə bir mötəbər tədbirin keçirilməsindən məmnunluğunu bildirmişdir. O bildirmişdir ki, Şəki "2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları" Proqramına əsasən, 2010-cu ildə "Azərbaycanın sənətkarlıq paytaxtı" elan edilmişdir. Məqsəd Azərbaycanın qeyri-maddi mədəni irsini qorumaq, təbliğ etmək, xalq tətbiqi sənətini daha da inkişaf etdirmək, eyni zamanda, Şəki şəhərinin turizm potensialını genişləndirmək, beynəlxalq səviyyədə tanıtmaqdır. TÜRKSOY-un III Beynəlxalq Seminarının Şəkidə keçirilməsi bu baxımdan olduqca əhəmiyyətlidir. TÜRKSOY təşkilatı baş katibinin müavini Firat Purtaş Azərbaycanın qədim sənətkarlıq məskəni, özünəməxsus sənətkarlıq ənənələri və tarixi-memarlıq abidələri olan Şəki şəhəri ilə tanışlıqlarından məmnunluq hissi keçirdiklərini bildirmiş, seminarın işinə göstərdiyi hərtərəfli köməyə görə şəhər rəhbərliyinə minnətdarlıq etmişdir. Bildirmişdir ki, türkdilli xalqların qeyri-maddi mədəni irsinin zənginləşdirilməsi, yaşadılması, gələcək nəsillərə çatdırılması çox vacibdir. TÜRKSOY-un təşkilatçılığı ilə 2008-ci ildən etibarən həyata keçirilən belə seminarlar çox əhəmiyyətlidir. O, Şəkinin gələcəkdə türk dünyasının sənətkarlıq paytaxtı elan edilməsinə də ən real namizədlərdən biri olacağına ümid bəslədiyini diqqətə çatdırmışdır.