YAP İdarə Heyətinin və Siyasi Şurasının üzvlərinin, millət vəkillərinin, müxtəlif siyasi partiyaların rəhbərlərinin iştirakı ilə keçirilən mərasimi giriş sözü ilə açan YAP Sədrinin müavini, millət vəkili Əli Əhmədov bildirdi ki, saxtakarlıqlar müxtəlif olur: "Görünür, hələ də tarix bəzi saxtakarlıqların və yalanların qarşısının alınmasında çətinlik çəkir. Belə olmasaydı, ermənilər tərəfindən uydurulan "erməni soyqırımı" adlandırılan saxtakarlıq bu qədər yaşaya bilməzdi.
İndi ermənilər və onlara havadarlıq edənlər bu saxtarkarlığın 95-ci ilini qeyd edirlər. Bu saxtakarlıqdan tarix də, xalqlar da, insanlar da əziyyət çəkir. Saxtakarlığın mahiyyəti, məqsədi hər birimizə aydındır. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu yalana havadarlıq edənlər hələ də mövcuddur. Aydındır ki, belə bir saxtakarlığın meydana gəlməsi türk dünyasına qarşı çevrilib və təzyiq məqsədi güdür. Son zamanlar bunun fəaliyyət və təsir sferasını genişləndiriblər. Türkiyə ilə yanaşı, Azərbacan da bu saxtakarlığın hədəfinə çevrilib. Düşünməyək ki, bu yalanın yaşaması yalnız ermənilərin apardığı təbliğatın nəticəsidir. Bəzi dövlətlər bölgə ilə əlaqədar həyata keçirdikləri siyasətdə bundan bir vasitə kimi istifadə edirlər. Bu saxtakarlıq faktına inananların coğrafiyasına diqqət yetirək. XX əsrin əvvəllərində baş verən hadisələr bizim bölgədə cərəyan edib. Baş verənləri bu bölgədə yaşayanlar daha yaxşı bilərlər. Lakin bu uydurmanı qəbul edən dövlətlər bizim bölgədən çox uzaqdadırlar. Təbii ki, həmin ölkələrdə yaşayanlar bizim bölgədə baş verənləri gözləri ilə görmək imkanına malik deyillər. Şərq dövlətləri tərəfindən saxtakarlığın qəbul olunmaması, tarixin bu dərəcədə təhrif olunmasına yol verilməməsi, Qərbdə isə buna çox böyük həvəslə dəstək göstərilməsi bunun, sadəcə olaraq, hadisənin həqiqi səbəbləri və kökləri ilə bağlı olduğundan daha çox siyasi bir amil kimi istifadə olunmasına işarədir. Ona görə də, bizim hər birimizin qarşısında duran məqsəd tarixi reallıqları ortaya çıxarmaqla yanaşı, həm də tarixin saxtalaşdırılmasının arxasında duran niyyətləri hər kəsə çatdırmaqdır. Bu işdə hər bir Azərbaycan, Türkiyə vətəndaşı dünyanın hansı ölkəsində olmasından asılı olmayaraq, böyük fədakarlıq nümayiş etdirərək, xalqlar və dövlətlər arasında normal münasibətlərin yaranmasında ciddi əngələ çevrilən bəlanın aradan qaldırılmasına öz töhfələrini verməlidirlər."
Ə.Əhmədov qeyd etdi ki, uzun illər Türkiyə və Azərbaycanda da buna xüsusi əhəmiyyət verilməyib: "Düşünmüşük ki, əgər bir şey yalandırsa, saxtadırsa, onu sübut etməyə ehtiyac yoxdur. Lakin hadisələrin gedişi göstərdi ki, bu yalanlara, tarixin saxtalaşdırılmasına məqsədli şəkildə inananlar var. Müəyyən qədər geçiksək də, bu gün onun qarşısını almaqdan ötrü on illər, yüz illər tələb olunsa belə, ən böyük fədakarlıqlar göstərəcəyik. Tarixə müraciət etsək, bu kimi hadisələrin şahidi olarıq ki, soyqırımına məruz qalanlar onu törədənlər kimi dünyaya təqdim olunurlar. Qubadakı məzarlıq bir çox məqamlara aydınlıq gətirdi. Müxtəlif yerlərdə azərbaycanlılar və türklərə qarşı törədilən vəhşiliklər və onların nəticəsində yüz minlərlə azərbaycanlı və türklərin qətlə yetirilməsi tarixin unudulmaz səhifəsinə çevrilib. Lakin bunu törədənlər soyqırımına məruz qalanlar kimi təqdim edilir."
YAP İcra katibi onu da vurğuladı ki, Qubada bir neçə kənddə törədilən soyqırımının izlərini gizlətmək mümkün olmadı: "Oradakı məzarlıq aşkar olundu. Kimlərsə iddia edir ki, Türkiyədə bir milyon yarım erməni soyqırımına məruz qalıb, hardadı o cəsədlər, sümüklər? Bunu gizlətmək mümkün deyil. Türkiyənin hər qarış torpağı böyük tarixi sivilizasiyanı özündə yaşadan torpaq kimi tədqiq edilir, öyrənilir və arxeoloji qazıntılar aparılır. Haradadı bir milyon yarım cəsəd ki, onu tapmaq mümkün olmayıb? "Erməni soyqırımı"nın saxta, uydurma olduğunu sübut etməyə çoxlu faktlar var. Bu gün təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bir sıra dövlətlər soyqırımı oyununda iştirakçıya çevriliblər. Bu gün də iştirak edirlər. Türkiyə-Azərbaycan birliyi bu saxtakarlığın ifşasına xidmət edəcək. Bugünkü toplantı da hər kəsin bu məsələnin çözülməsinə töhfə vermək niyyətindən xəbər verir".
YAP Siyasi Şurasının üzvü, millət vəkili, AMEA-nın Tarix İnstitunun direktoru Yaqub Mahmudov bildirdi ki, Azərbaycan son dərəcə şanlı və şərəfli tarix yaşadığı kimi, qloballaşan dünyada çətin, mürəkkəb tarixi proseslərdən keçməyə məhkum olub. Ona görə də, biz daim informasiya müharibəsindəyik və cəmiyyətimizin hər bir fərdi bu işdə öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməlidir. Təbii ki, bu müharibənin ön cəbhəsində tarixçilər dayanır: "Biz bütün istiqamətlərdə informasiya cəbhəsində düşməni qabaqlamağı bacarmalıyıq. Biz əsil tariximizi xalqımıza çatdırmalıyıq. Bu gün Ermənistan deyilən ərazidə 1918-ci il mayın 29-na qədər erməni dövləti olmayıb. Deməli, biz İrəvanı öz qədim şəhərimizin tarixi kimi öyrənməliyik. Azərbaycan Qarabağın sahibidir. İrəvan da, Zəngəzur da Azərbaycan xalqına məxsusdur. Ermənilərin yaratdığı saxta tarix real faktlarla ifşa olunur. İrəvan xanlığı Azərbaycan dövlətinin tarixi olub. Bu, həmin torpaqlardır ki, rus imperiyasının köməkliyi ilə işğal edilib. İşğaldan sonra ermənilər İrəvan xanlığının ərazisinə köçürülüb, Rusiyanın köməyi ilə həmin ərazidə möhkəmləniblər. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Mayın 29-da isə böyük dövlətlər təzyiq göstərdilər ki, erməni məsələsini həll etməkdən ötrü Azərbaycan onlara torpaq versin. Azərbaycan hökuməti təzyiq nəticəsində İrəvanın ermənilərə verilməsi haqqında qərar qəbul etdi. Bu tarixdən erməni dövləti var və bu dövlət Azərbaycan torpağı hesabına yaranıb".
Millət vəkili bildirdi ki, saxtakarlığı sevməyən tarix faktlara əsaslananda, daha inandırıcı olur, aparılan təbliğat öz müsbət nəticəsini verir: "Tarix sübut edir ki, 1915-ci ildə soyqırımı erməni quldur dəstələri tərəfindən Anadolu türklərinə qarşı həyata keçirilmişdir. Bü dövrdə mürəkkəbləşən vəziyyət ondan ibarət idi ki, müxtəlif dövrlərdə Azərbaycan torpaqlarına köçürülən ermənilər hərəkətə gətirilirdilər. Mahiyyət isə, bundan ibarət idi ki, bütün Şərqi Anadolunun ardınca Qarabağda, keçmiş İrəvan xanlığının ərazisində, Azərbaycan torpaqlarında dinc əhalinin kütləvi şəkildə məhv edilməsinə başlanıldı. Arxeoloji qazantı işlərinə başlanılsa, Azərbaycanın hər yeri kütləvi məzarlıqla doludur. Bunlardan biri təsadüfən Qubada aşkar olundu. Tarix faktlara əsaslanır. Bu fakt hər kəsə bəllidir ki, heç bir tarixi sənədlərdə "ermənilərə qarşı soyqırımı həyata keçirilib" ifadəsinə rast gəlmək mümkün deyil. Bu gün tarix yenidən təkrar olunur. 1918-ci ildə böyük faciə ilə üzləşəndə, bizi Türkiyə-Azərbaycan birliyi xilas etdi. Son olaylarda da Azərbaycan dövləti öz qətiyyətini nümayiş etdirdi. Türkiyə-Azərbaycan birliyi sarsılmazdır".
Tədbirdə Milli Məclisin deputatları Sabir Rüstəmxanlı, İlyas İsmayılov, Vahid Əhmədov, Bəxtiyar Əliyev, Fəzail Ağamalı, Arif Rəhimzadə, Asim Mollazadə, Aydın Mirzəzadə, Məlahət İbrahimqızı, professor Şahlar Əsgərov çıxış edərək, həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasında Türkiyə-Azərbaycan birliyinin rolundan geniş bəhs etdilər. Natiqlər qeyd etdilər ki, özlərinə tarix yazan ermənilər daim fakt qarşısında acizdirlər. Hadisələrə ən böyük dəyəri zaman özü verir. Bu gün Türkiyə-Azərbaycan birliyi sayəsində erməni yalanları ifşa olunur.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradova bildirdi ki, ötən hər bir gün bir həqiqəti bizə aydın dərk etməyə imkan verir ki, çox ciddi bir problemlə üz-üzəyik: "Tarixin müxtəlif dövrlərində ermənilər hər zaman dəstəkləniblər. Bunun səbəbləri üzərində düşünürük. Səbəblər müxtəlifdir. Həm ermənilərin öz maraqları, həm də başqalarının əlində alətə çevrilmələri bu səbəblər içərisində geniş yer alır. Həqiqətlərimizi dünya ictimaiyyətinə çatdırmaq üçün səylərimizi daha da artırmalıyıq. Türkiyə və Azərbaycan böyük gücə malikdir. Bütün hallarda Azərbaycan və Türkiyə bir-birinin yanındadır. Martın 4-dən bu günə qədər Azərbaycan dövləti ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin "erməni soyqırımı" layihəsini qəbul etməsinə etirazını müxtəlif formalarda ifadə edir. Bizim gücümüz birliyimizdədir".
Türkiyənin Azərbaycandakı səfiri Hulisi Kılıc çıxış edərək, Azərbaycan-Türkiyə dostluğunun möhkəm təmələ əsaslandığını bildirdi: "Ermənilərin iddiaları əsassızdır. Rəsmi Ankara tarixçi və hüquqşünaslardan ibarət birgə komissiyanın yaradılması ilə bağlı Ermənistan prezidentinə təklif göndərdi. Lakin onlar bu təklifə cavab vermədilər. Bu məsələ ilə tarixçilər məşğul olmalıdır.
Səfir, həmçinin, onu da söylədi ki, erməni yalanlarını təsdiqləyən xeyli sənədlər var: "Erməni işğalçıları Azərbaycan ərazilərini qeyd-şərtsiz azad etməyincə, "erməni soyqırımı" iddiasından əl çəkməyincə, Ermənistan-Türkiyə sərhədlərinin açılmasından söhbət gedə bilməz. Türkiyə-Azərbaycan birilyi sarsılmazdır. Ermənilər həmişə türklərə, azərbaycanlılara qarşı soyqırımı siyasəti aparmışlar.Ancaq əfsuslar olsun ki, dünya birliyi bunu ya görmür, ya da görmək istəmir. Ermənilərin, erməni lobbisinin uydurma faktları əsasında qərar qəbul edirlər. Biz bir olmalı, təbliğatımızı gücləndirməliyik".
"Əsrin saxtakarlığı" adı ilə keçirilən dəyirmi masa iştirakçılarının çıxışlarında bu fikir bir daha vurğulandı ki, Azərbaycan-Türkiyə dostluq və qardaşlıq, strateji tərəfdaşlıq əlaqələri yüksək səviyyədədir. Eyni zamanda, həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı tədbir iştirakçıları müxtəlif təkliflər irəli sürdülər.