PDF Oxu

Xəbərlər

  • 27

AŞPA prezidentinin Azərbaycana səfəri uğurlu oldu

AŞPA prezidentinin Azərbaycana səfəri uğurlu oldu

Xəbər verdiyimiz kimi, aprelin 14-dən etibarən AŞPA prezidenti Mövlud Çavuşoğlu Azərbaycanda səfərdə olub. Səfərin ilk günü Prezident İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edib. AŞPA rəhbəri daha sonra dövlət rəsmiləri ilə və ictimaiyyət nümayəndələri ilə görüşlər keçirib. Görüşlər zaman AŞPA sədri önəmli açıqlamalar verib.
Azərbaycanın dövlət başçısı Mövlud Çavuşoğlunu Avropa Şurası Parlament Assambleyasının sədri seçilməsi münasibətilə təbrik edib. Türkiyə nümayəndəsinin bu quruma sədr seçilməsini ədalətli qərar kimi qiymətləndirən Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, Mövlud Çavuşoğlunun rəhbərlik etdiyi dövrdə Avropa Şurası Parlament Assambleyası üzərinə düşən vəzifələri uğurla icra edəcək.
Dövlətimizin başçısı, eyni zamanda, Mövlud Çavuşoğlunun AŞPA sədri kimi ilk səfərlərindən birinin Azərbaycana etməsini yüksək qiymətləndirib və bu səfərin Parlament Assambleyası ilə Azərbaycan arasında əməkdaşlığın genişlənməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Mövlud Çavuşoğlu AŞPA sədri seçilməsində Azərbaycanın göstərdiyi dəstəyə görə, Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, AŞPA-da uzun illər Azərbaycanın parlament nümayəndə heyəti ilə uğurlu əməkdaşlıq etdiklərini vurğulayıb.
Görüşdə Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

"AŞ Azərbaycanda demokratik islahatların həyata keçirilməsini dəstəkləməkdə davam edəcək"

"Azərbaycana səfərim çərçivəsində keçirdiyim görüşlər zamanı bu ölkənin Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirməkdə qətiyyətli olduğunun bir daha şahidi oldum"-deyən Çavuşoğlu keçirdiyi mətbuat konfransında ilk səfərlərindən birini məhz Azərbaycana etdiyindən məmnunluğunu ifadə edib və keçirdiyi görüşlərin olduqca məhsuldar olduğunu bildirib.
Qonaq səfərin məqsədinin Azərbaycanda demokratikləşmə prosesi və bu ölkənin AŞ qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı indiyə qədər həyata keçirdiyi islahatların davamı ilə bağlı müzakirələr aparmaq olduğunu deyib. Gələn il Azərbaycanın AŞ-a daxil olmasının 10-cu ilinin tamam olacağını qeyd edən M.Çavuşoğlu ölkəmizin bu müddətdə təşkilat qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində mühüm addımlar atdığını qeyd edib. M.Çavuşoğlu vurğulayıb ki, AŞ Azərbaycanda demokratik islahatların həyata keçirilməsi və bu ölkənin Avropa standartlarına tam nail olması istiqamətində atdığı addımları dəstəkləməkdə davam edəcək.
Görüşlər zamanı, həmçinin, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müzakirələrin aparıldığını deyən qonaq bu məsələdə AŞ-nin mövqeyinin dəyişməz olduğunu, bunun təşkilat tərəfindən qəbul edilmiş sənədlərdə də öz əksini tapdığını qeyd edib. Yaxın zamanlarda münaqişə ilə bağlı AŞPA-da alt komitənin yaradılacağını deyən M.Çavuşoğlu bu istiqamətdə danışıqların artıq başlandığını diqqətə çatdırıb.

"Dağlıq Qarabağla bağlı alt komitənin fəaliyyəti məsələsi aktual olaraq qalır"

Mövlud Çavuşoğlu Milli Məclisin sədri Oqtay Əsədovla görüşündə deyib ki, Azərbaycanın Avropa Şurasına üzv olması bu ölkənin Avropa dəyərlərinə verdiyi böyük önəmdən irəli gəlir. Avropa Şurası bunu yüksək qiymətləndirir və o, əməkdaşlığımızın daha da genişlənməsi üçün əlindən gələni edəcək. M.Çavuşoğlu deyib ki, təşkilata rəhbərliyi dövründə ikili standartların ləğvinə çalışacaq.
AŞPA sədri Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də mühüm işlər görüləcəyinə və önəmli nəticələrin əldə olunacağına ümidvar olduğunu bildirib.
Xarici işlər naziri Elmar Məmmədyarovla görüşündə Çavuşoğlu AŞPA-nın ölkəmizdə gedən demokratikləşmə proseslərini yüksək qiymətləndirərək, onların vacibliyini vurğulayıb, təmsil etdiyi qurumun bu porseslərə öz dəstəyini verməkdə davam edəcəyini qeyd edib.
Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar AŞPA tərəfindən 25 yanvar 2005-ci ildə qəbul olunan 1416 saylı qətnaməni diqqətə çatdıran M.Çavuşoğlu AŞPA-nın siyasi komitəsində Dağlıq Qarabağla bağlı alt komitənin fəaliyyəti məsələsinin aktual olaraq qaldığını və yaxın vaxtlarda alt komitənin işinin bərpa olunmasının planlaşdırıldığını və bunun da münaqişənin həllinə müsbət təsiri olacağına ümidvar olduğunu bildirib.

"Azərbaycana qarşı ikili standart aradan qaldırılarsa, Qarabağ problemi həllini tapar"

AŞPA prezidenti Azərbaycana səfəri çərçivəsində Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri ilə də görüşüb. AŞPA prezidentinə universitetin fəxri doktoru adına layiq görülməsi ilə bağlı diplom və xüsusi geyim təqdim edilib.
Azərbaycanın və Türkiyənin müxtəlif beynəlxalq tribunalarda ortaq çalışdığını deyən AŞPA prezidenti qeyd edib ki, Azərbaycana qarşı nümayiş etdirilən ədalətsiz yanaşma aradan qaldırılarsa, bir sıra məsələlər, eləcə də, Dağlıq Qarabağ problemi həllini tapar. Şurada islahatların aparılmasının da vacib olduğunu söyləyən M. Çavuşoğlu qəbul olunan qərarların icrası üçün buna ehtiyac olduğunu bildirib.
Bakıda keçirdiyi görüşlərdən sonra AŞPA prezidenti Gəncə şəhərinə uçub. Şəhər icra hakimiyyəti başçısı Eldar Əzizovla görüşdən sonra Gəncə şəhəri ilə yaxından tanış olmaq üçün bir sıra tarixi yerləri gəzib. KİV nümayəndələrinin suallarını cavablandıran AŞPA prezidenti Avropa Şurasında Ermənistanı işğalçı kimi tanıyan qətnamalərin mövcud olduğunu ancaq bəzi məqamların bu qətnamalərin icrasına imkan vermədiyini dilə gətirib.
"Bəzi dövlətlərin ikili standartlara yol verdiyini görürük. Ancaq çalışacağıq ki, bu məsələni həll edək", -deyə M.Çavuşoğlu bildirib.
Nizaminin məqbərəsini ziyarət edən Çavuşoğlu daha sonra Göygölə yola düşüb.

"AŞPA-nın qərarları problemin nədən ibarət olduğunu açıq göstərir"

"Avropa Şurası Parlament Assambleyası Alt Komitəsində Dağlıq Qarabağla bağlı müzakirələrdə ATƏT-in Minsk Qrupunun 11 üzvü də iştirak edəcək"- Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.
Problemin nədən ibarət olmasının məlum olduğunu söyləyən qurumun rəhbəri bildirib ki, əsas məqsəd problemin həlli üçün yolların axtarılmasıdır: "Məqsədimiz parlamentarların köməyi ilə problemin həlli istiqamətində irəliyə doğru addım atmaqdır".
Ermənistanın AŞPA-nın 1416 saylı qətnaməsinin yerinə yetirməməsi ilə əlaqədar bu ölkəyə təzyiqlərin olunması ehtimalına gəlincə, M. Çavuşoğlu qurumun qəbul etdiyi qərarların da gündəmdə olacağını vurğulayıb: "Bu qərarlar problemin nədən ibarət olduğunu göstərən qərarlardır. Bu qərarlar çərçivəsində münaqişənin həll edilməsi istiqamətində müzakirələr aparacayıq".
Beləliklə, AŞPA prezidenti Mövlud Çavuşoğlunun Azərbaycana səfəri və bu beynəlxalq təşkilat adına verdiyi açıqlamalar önəmlidir. Bölgədə yaranmış siyasi durum və Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə aparılan danışıqların intensivliyinin artması fonunda bu səfərin çox önəmli olduğunu demək olar. Bu səfər AŞ-Azərbaycan əməkdaşlığının daha da möhkəmlənməsinə və ölkəmizin Avropaya inteqrasiyasına böyük töhfə verəcək.

Digər xəbərlər