Bölgələrdə seçki prosesi uğurla davam edir
Ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan seçkilərə hazırlıq işləri bütün bölgələrdə uğurla həyata keçirilir. Xüsusilə də, ölkənin və xalqın ən güclü partiyası olan Yeni Azərbaycan Partiyasının rayon təşkilatlarında seçkilərə ciddi hazırlıq işləri aparılır.
Fərrux Haqverdiyev: "YAP vətəndaşların istək və arzularının yeganə təminatçısıdır"
YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev Seçki Məcəlləsinin dövlətimizin və cəmiyyətimizin inkişaf təzahürlərini özündə ehtiva edən prinsiplərdən ən başlıcası olduğunu bildirdi. F.Haqverdiyev onu da vurğuladı ki, bu məqsədlə də Azərbaycanın seçki qanunvericliyində mütəmadi olaraq aparılan təkamül nəzəriyyələri birbaşa vətəndaşların istək və arzularının tərənnümü kimi xarakterizə edilir: "Seçki məsələsinin həssaslıq və prinspiallığını nəzərə alan dövlətimiz bu istiqamətdə zəruri olan məqamları yerinə yetirir. 1993-cü ildən bu günə kimi Azərbaycanın ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası tərəfindən də vətəndaş iradəsinin tərənnümünə geniş yer verilir. Qarşıdan isə parlament seçkilər gəlir. İnanırıq ki, ölkəmizdə formalaşmış olan seçki ənənələri və seçki mədəniyyəti bu prosesin də şəffaflığının təmin edilməsinə imkan yaradacaq. Elə bu məqsədlə də YAP-ın bütün rayon təşkilatları, o cümlədən, Xızı rayon təşkilatlarında müəyyən işlər görülür və görülməkdədir".
Ölkədə bu günə qədər keçirilmiş bütün seçkilərin vətəndaş iradəsini ifadə etməsi ilə bağlı olduğunu qeyd edən YAP Xızı rayon təşkilatının sədri F.Haqverdiyev əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş demokratik dəyərlərin günü-gündən daha da inkişaf etdirildiyini bildirdi. Ulu öndər Heydər Əliyev də Azərbaycan xalqının müasir dövrümüzdə yeganə xilaskarı və ümummilli lideridir. Onun müəyyənləşdirmiş olduğu milli strategiya bu gün Prezident İlham Əliyevin böyük səyi və bacarığı nəticəsində daha geniş aspektdə öz anlamını tapmaqdadır. Demokratik dəyərlərin tərənnümü də ulu öndərin başlıca məramlarından biri olmuşdur. Elə bu məqsədlə də Azərbaycana sivil dəyərlərin gətirilməsi və inkişaf mərhələsi başlamışdır. Bu gün isə bu istiqamətdə əldə olunan nəticələr və qarşıya qoyulan vəzifələr daha məqsədli formada yerinə yetirilir. Ölkəmizdə demokratik dəyərlərə bariz töhfə olan seçki məsələsində dövlətimiz həmişə yüksək peşəkarlıq nümayiş etdirmişdir. YAP tərəfindən keçirilən bu seçki proseslərinin hər biri ayrı-ayrılıqda böyük anlam kəsb edir. Bu mənada, YAP Xızı rayon təşkilatında da, respublikamızın hər yerində olduğu kimi, bu günə qədər keçirilmiş seçkilərdə olduğu kimi, qarşıdan gələn parlament seçkilərində də ciddi nəticələrin əldə edilməsi istiqamətində vacib addımlar atılır. Eyni zamanda, rayon ərazisində parlament seçkilərinə layiqli şəxslərin namizəd olması üçün də artıq müəyyən məsləhətləşmələr aparılmaqdadır.
Etibar Heydərov: "Mövcud inkişaf parametrləri ölkəmizin demokratik dəyərlərə yaxınlaşmasını zəruri edib"
YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov bizimlə söhbətində bildirdi ki, ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdışı ilə ölkəmizi böhrandan, vətəndaş müharibəsindən xilas etdi, müstəqilliyimizin möhkəmləndirilməsinə, əbədi və sarsılmazlığına zəmin yaratdı. Məhz həmin tarixi gündən ölkəmizdə demokratik seçki mühitinin bünövrəsi qoyuldu. Xüsusilə də, ötən il hər bir Azərbaycan vətəndaşı, o cümlədən, YAP üzvləri üçün olduqca uğurlu oldu. Məhz 2008-ci ilin 15 oktyabrında Azərbaycan xalqı yenidən ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı İlham Əliyevə səs verməklə uğurlu gələcəyə, inkişafa, tərəqqiyə səs verdi. 15 oktyabr 2008-ci il prezident seçkilərində xalqın 88,73 səsini qazanan cənab İlham Əliyev seçki proqramında qarşıdakı illərdə görüləcək işləri bir daha diqqətə çatdırdı. Ötən prezident seçkilərində xalqın 76,84 faiz səsini qazanan cənab İlham Əliyev andiçmə mərasimində bəyan etmişdi ki, Azərbaycanın daha qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasi kursu davam etdirilməlidir. Ümummilli lider Heydər Əliyev 2003-cü il prezident seçkilərindən öncə xalqa müraciətində bildirmişdi: "İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyytını gözəl bilən, enerjili və təşəbbüskar bir siyasətçidir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm."
Nazim Ağayev: "Demokratik dəyərlər ölkəmizdə daha geniş anlamda təsbit edilir"
"YAP-ın ölkəmizin ictimai-siyasi həyatındakı rolu olduqca böyükdür" fikrini söyləyən YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev bildirdi ki, xalq artıq özünün istək və arzularının bu güclü təşkilat tərəfindən tərənnümünə arxalanır. N.Ağayev dövlətimizin demokratik dəyərlərlə idarə edilməsi və dünya miqyasında layiqli formada təmsil olunması üçün ən prinsipial vəzifələrin yerinə yetirildiyini vurğuladı. Bu baxımdan da, ölkəmizdə bu günə qədər keçirilmiş bütün seçki proseslərində vətəndaşların istək və arzularının geniş anlamda tərənnüm olunduğunu dilə gətirən rayon təşkilatının sədri cəmiyyətin formalaşmasında və inkişafında seçki prosesinin çox önəmli olduğunu bildirdi: "Cəmiyyətimiz inkişaf etdikcə istənilən məsələnin həlli artıq mümkün görünür. Milli strategiyamızın müəyyənləşməsi və dövlətçiliyimizin möhkəm təməllər üzərində bərqərar olunması ulu öndərin adı ilə bağlı olduğu üçün buradakı demokratik göstəricilər də Onun adı ilə bağlıdır. Eyni zamanda, bir zərurəti də nəzərə almaq lazımdır ki, Azərbaycanda milli dövlətçiliyin qurulması təkcə tarixi köklərlə izah olunmur. Burada, həmçinin, demokratik dəyərlərin də, təzahür tapması vacib amil kimi qiymətləndirilir. Ona görə də, ulu öndərimiz Heydər Əliyev Azərbaycanda demokratik dəyərlərin təbliğində və formalaşmasında daima mühüm addımlar atıb. Bu gün də məhz həmin strategiyanın tərəfləri özünü göstərməkdədir. Çünki ulu öndər Heydər Əliyevin ən layiqli davamçısı olan Prezident İlham Əliyev müəyyənləşmiş olan inkişaf konsepsiyasını daha da irəliyə aparmaqla dövlətimizin sivil dəyərlərə töhfəsi üçün əlindən gələni əsirgəmir. Seçki Məcəlləsinin də günün tələblərinə uyğunlaşması yuxarıda sadaladığımız məsələlərin tərkib hissəsidir. Çünki demokratik dəyərlərlə idarə olunan bir ölkədə Seçki Məcəlləsinin geniş anlamda təzahür olunması vacibdir. Bu baxımdan da, ölkəmizin hər yerində olduğu kimi, Xaçmaz rayonunda da keçirilmiş seçkilərin hər biri ayrı-ayrılıqda şəffaflığı və demokratikliyi ilə səciyyələnib. Rayon ərazisində mövcud olan bütün dairə və məntəqə seçki komissiyalarında qarşıdan gələn parlament seçkilərinə hazırlıqla bağlı mühüm addımlar atılır".
Bəxtiyar Abbasov: "Qarşıdakı parlament seçkiləri demokratiyanın uğurlu perspektivini nümayiş etdirəcək"
YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov bu ilin payızında keçiriləcək parlament seçkilərinə ciddi hazırlıq işlərinin getdiyini bildrdi: "Yeni Azərbaycan Partiyasının rayon təşkiltlarında qarşıdan gələn parlament seçkilərinə hazırlıqla bağlı işlərin başlanılmasına start verilib və bu istiqamətdə, hər bir bölgəmizdə olduğu kimi, Şamaxı rayonunda da mühüm işlər aparılır. YAP tərəfindən keçirilən seçki prosesləri ayrı-ayrılıqda böyük anlam kəsb edir. Bu mənada, YAP Şamaxı rayon təşkilatında da, qarşıdakı seçkilərdə ciddi nəticələrin əldə edilməsi istiqamətində vacib addımlar atılır".
B.Abbasov rayonda fəaliyyət göstərən dairə və məntəqə seçki komissiyalarında növbəti parlament seçkilərinə hazırlıqla bağlı mühüm işlərin görüldüyünü söylədi. Bildirdi ki, rayon ərazisində yerli özünüidarəetmə orqanlarında layiqli şəxslərin namizəd olması üçün də artıq müəyyən məsləhətləşmələr aparılaraq, qarşıya çıxan hər bir məsələnin tam dolğunluğu ilə həlli üçün zəruri tədbirlər görülməkdədir.