PDF Oxu

Xəbərlər

  • 6

Yeni Azərbaycan Partiyası parlament seçkilərində qələbə qazanmaq əzmindədir

Yeni Azərbaycan Partiyası parlament seçkilərində qələbə qazanmaq əzmindədir
Ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan seçkilərə hazırlıq işləri bütün bölgələrdə uğurla həyata keçirilir. Xüsusilə də, 2010-cu ilin noyabrın 7-də keçiriləcək parlament seçkilərinə ölkənin ən güclü və xalqın partiyası olan Yeni Azərbaycan Partiyasının rayon təşkilatları mütəşəkkil şəkildə hazırlaşır. Artıq YAP-ın bütün rayon təşkilatlarında qarşıdan gələn parlament seçkilərinə hazırlıqla bağlı zəruri olan bütün işlər görülməkdədir.
Yeni Azərbaycan Partiyasının Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı: "Ölkəmizdə formalaşmış seçki mühiti budəfəki seçkilərin də tam demokratik şəkildə keçirilməsinə imkan yaradacaq"
- Azərbaycan özünün malik olduğu demokratik seçki təcrübəsinə əsaslanaraq, bütün seçki proseslərinin azad və ədalətli formada keçirilməsinə nail olur. Bunun üçün zəruri olan prinsipial cəhətlər də mövcud olduğundan, bu prosesin keçirilməsi yüksək ictimai fəallıq nəticəsində baş tutur. Çünki artıq Azərbaycan cəmiyyəti öz seçib-seçilmək hüququnu bilir. Ona görə də, vətəndaşın konstitusyon hüququ olan seçki məsələsində tutduğu mövqe onun maraqlarını tam ifadə edir. Təkcə ötən il ölkəmizdə keçirilmiş iki seçki prosesinin nəticələrinə və gedişinə nəzər salmaq lazımdır ki, bunun bir daha şahidi olasan. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, indi Azərbaycan cəmiyyəti 1990-cı illərin əvvəllərindəki düşüncəyə malik deyil. İndi insanların düşüncəsində, şüurunda inkişaf gedir. Cəmiyyətimiz beynəlxalq institutların tərkib hissəsinə çevrilib. Bütün bunlar isə insanların öz seçim hüququna olan inamlarından və etibarlarından irəli gəlir.
Ölkəmizin malik olduğu iqtisadi-siyasi göstəriciləri, yerləşdiyi əlverişli coğrafi mühit onun öz mövqelərini daha da möhkəmləndirməyə, bütün sahələrdə sürətli inkişafı təmin etməyə zəruri imkan yaradır. Düşünürəm ki, qarşıdakı parlament seçkilərində də ölkəmizin aparıcı siyasi qüvvəsi olan YAP-ın reallaşdırmaq istədiyi bütün ideyalar vətəndaş mövqeyinə və tam demokratik prinsiplərə uyğun gələcəkdir. Artıq YAP-ın bütün rayon təşkilatında da mühüm işlər görülür. Rayon təşkilatının qərargahında normal seçki mühiti yaradılıb. Müşahidəçilərin və məşvərətçilərin müəyyənləşdirilməsi istiqamətində məsləhətləşmələr və dəqiqləşdirmələr aparılır. Bu baxımdan da, inanırıq ki, qarşıdakı parlament seçkilərini də geridə buraxdığımız digər seçki prosesləri kimi yüksək seçki fəallığı və demokratik dəyərlərə yeni bir töhfə kimi keçirəcəyik.
YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev: "YAP təkcə seçki proseslərində deyil, bütün məqamlarda xalqın yanındadır"
- Azərbaycan cəmiyyəti inkişaf etdikcə öz seçmini hansı prinsiplər üzərində quracağını da yaxşı bilir. İndi ölkəmizin sürətli və hərtərəfli inkişafı cəmiyyətin inkişafına da öz müsbət təsirini göstərir. Ona görə də, Azərbaycan bütün seçki proseslərinin azad və ədalətli formada keçirilməsinə nail olur.Ölkəmizdə seçkilərin keçirilməsi üçün normal və münbit şərait yaradıldığı üçün bu prosesin keçirilməsi yüksək ictimai fəallıq nəticəsində baş tutur. Azərbaycan xalqı nəyin düzgün, nəyin yanlış olduğunu artıq çoxdan müəyyənləşdirmişdir. Yeni Azərbaycan Partiyasının bütün rayon təşkilatlarında olduğu kimi, Biləsuvar rayon təşkilatında da parlament seçkiləri ilə bağlı mühüm işlər görülür. Müşahidəçilərin və məşvərətçilərin məyyənləşdirilməsi istiqamətində məsləhətləşmələr və dəqiqləşmələr aparılır. Ölkəmizin aparıcı ictimai-siyasi gücə malik olan yeganə təşkilatı olan Yeni Azərbaycan Partiyası təkcə seçki proseslərində deyil, bütün məqamlarda xalqın yanındadır. Həmişə öz seçicisinə böyük hörmət və ehtiramını açıq şəkildə göstərən YAP xalqın bütün təbəqələri tərəfindən sevgi və dəstəklə əhatə olunub. Bu gün, nəinki ölkəmizin, eyni zamanda, regionun ən güclü siyasi təşkilatı olan YAP Azərbaycan xılqının maraqlarının gerçəkləşdirilməsində ən vacib addımları atıb. Ona görə də, hazırda ölkəmizdə bu siyasi təşkilata alternativ olacaq bir siyasi təşkilat mövcud deyil. Əsası ulu öndərmiz Heydər Əliyev tərəfindən qoyulan müstəqil dövlətimiz bu gün onun ən layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən böyük əzmlə idarə olunur və yüksək səviyyədə inkişaf mərhələlərinə qədəm qoyur. Bütün bunların arxasında isə xalqın öz liderinə olan dərin və tükənməz sevgisi dayanır. Bu gün bütün dünyada öz liderlik xüsusiyyətləri ilə öndə duran Prezident İlham Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan beynəlxalq arenada özünün mövqelərini günü-gündən möhkəmləndirməkdədir.
YAP-ın həyata keçirmiş olduğu məqsədyönlü və düzgün siyasət kursu da, məhz bu sadalananların məntiqi davamı kimi qiymətləndirilir. Ona görə də, YAP-ın 1993-cü ildən bu günə qədər qatılmış olduğu bütün seçki proseslərində özünün xüsusi dəsti-xətti açıq şəkildə görünməkdədir. Bütün seçkilərdə olduğu kimi, böyük inamla demək olar ki, bu ilin payızında keçiriləcək parlament seçkiləri də tam demokratik prinsipləri özündə ehtiva edəcək.
YAP Beyləqan rayon təşkilatının sədri Rəfael Pəşiyev: "Azərbaycan cəmiyyəti öz seçimini hansı prinsip üzərində qurmağı çox yaxşı bilir"
- Bu gün inkişafda olan Azərbaycan cəmiyyəti öz seçimini hansı prinsip üzərində qurmağı yaxşı bilir. Çünki indiki cəmiyyət 1990-cı illərin əvvələrindəki cəmiyyət deyil. İndi ölkəmizdə gedən hərtərəfli inkişaf xətti cəmiyyətin inkişafına da öz təsirini göstərib. Ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirmiş olduğu inkişaf konsepsiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Artıq regionun ən güclü dövləti olan Azərbaycan qarşısına qoymuş olduğu bütün məqsədlərə nail olur. Beynəlxalq arenada da Prezident İlham Əliyevin malik olduğu şəxsi keyfiyyətlər və üstün cəhətlər ölkəmizin də nüfuzunun artmasında mühüm və əhəmiyyətli dərəcədə təsir göstərir. Ölkənin hərtərəfli inkişafı buradakı demokratik ab-havanın yüksək səviyyədə olmasına da öz təsirini göstərir. Belə ki, günü-gündən inkişaf edən ölkəmizdə vətəndaş institutlarının formalaşması və inkişafı, cəmiyyətin inteqrasiyası müqabilində qarşıya qoyulan məqsədlərin hasil edilməsi, onu göstərir ki, Azərbaycan demokratik müstəvidə özünün layiq olduğu yeri çoxdan tutub. Bunun üçün malik olduğumuz tarixi köklər və bu zəngin dəyərlər üzərində inkişafın mümkün olması dövlətin demokratik dəyərlərə nə dərəcədə yaxın olmasından xəbər verir. Bütün bu proseslərin tərkib hissəsi olan seçki prosesi də Azərbaycanın azad bir seçki mühitinə malik olmasını bir daha şərtləndirir. Təkcə ötən il ölkədə keçirilmiş iki seçki prosesinə və bundan öncə keçirilmiş olan bütün seçki proseslərinə nəzər salmaq kifayət edir ki, Azərbaycanda demokratik seçki mühitinin nə dərəcədə olması barəsində qənaətə gəlinsin. Çünki cəmiyyətin birbaşa mövqeyini ifadə edən seçki prosesinin tam sərbəst və azad şəkildə keçirilməsi üçün ölkəmizdə ən zəruri addımlar atılıb. Ona görə də, tam əminliklə demək olar ki, qarşıdakı parlament seçkilərində də, həmişə olduğu kimi, insanlar sərbəst və müstəqil formada öz seçim hüquqlarından istifadə edəcəklər. Bunun üçün isə ölkədə zəruri olan sabitlik və inkişaf mövcuddur.
YAP Yardımlı rayon təşkilatının sədri Mahir Mirzəyev: "Azərbaycan özünün seçki təcrübəsinə əsaslanaraq, parlament seçkilərinin də demokratik keçirilməsinə nail olacaq"
- Bu gün Azərbaycan seçicisi öz seçim hüququnu bilir. Cəmiyyət inkişaf etdikcə, onu əhatə edən qanunlar da inkişafa və dəyişikliyə məruz qalır. Bu isə, artıq sosial bir sifarişdir. Azərbaycan xalqı nəyin düzgün, nəyin yanlış olduğu artıq çox yaxşı müəyyənləşdirə bilir. Bu baxımdan da, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rola malik olan Yeni Azərbaycan Partiyasının rolunu yüksək qiymətləndirmək lazımdır. Çünki YAP ölkənin yeganə güclü siyasi təşkilatı kimi özünün bütün istiqamətlərini vətəndaşın hüquqlarının qorunmasına və dövlətimizin daha da inkişafına həsr edib. YAP-ın qatılmış olduğu bütün seçki proseslərindən də bunu açıq şəkildə müşahidə etmək mümkün olur. Çünki bu partiya Azərbaycan xalqının istək və arzularının tərənnümçüsü olmaqla yanaşı, yeniliklərin də təbliğində liderdir. Bu günə qədər YAP-ın qatılmış olduğu bütün seçki proseslərindən də məlum olur ki, insanlar bu partiyaya gələcək arzularının tərənnümçüsü kimi yanaşırlar. Tam əminliklə demək olar ki, qarşıdakı seçkilərdə də ulu öndər Heydər Əliyevin müəyyənləşdirmiş olduğu inkişaf konsepsiyası və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu inkişaf prinsipiallığı qalib gələcək.

Digər xəbərlər