"DUİ" ilə "Azadlıq" bloku qarşdurması yeni raundda daha şiddətli olacaq
Qarşıdan gələn parlament seçkilərində müxalifətin hansı formada iştirakı məsələsi son zamanlar tez-tez gündəmə gətirilir. Düşərgə təmsilçiləri parlament seçkilərinə birgə qatılmaq barəsində bir-birinə təklif göndərsələr də, bunun mümkünsüzlüyü artıq indidən özünü göstərməkdədir. "Demokratiya Uğrunda İttifaq"da təmsil olunan partiyalar düşərgədə olan qurum və təşkilatlara əməkdaşlıq barəsində təklif göndəriblər. Onların ilk təklifi Müsavat partiyası tərəfindən müsbət qarşılansa da, sonrakı etaplarda bu, heç də xoş qarşılanmayıb. Daima bir-birinin üzünə gülüb, ayağının altını qazan müxalifət yetkililəri bu dəfə adətlərindən qalmayıblar. "DUİ"-nin "Azadlıq" blokuna göndərmiş olduğu təklifə ilkin olaraq müsbət reaksiya verilsə də, sonrakı mərhələlərdə bunun mümkünsüzlüyü ortaya çıxıb. Məlum olub ki, "DUİ"-nin təklifinə "Azadlıq" blokunda təmsil olunan "VİP" sədri Əli Əliyevin səyi nəticəsində rədd cavabı verilib. İlk olaraq təkliflərinin müsbət qarşılanmasından xoşhal olan "DUİ" təmsilçiləri bu dəfə anlaşılmaz bir durumla üzləşiblər. Artıq iki aya qədərdir ki, "KAXCP" sədri Mirmahmud Fəttayevlə aralarındakı şəxsi müstəvidə baş verən gərginliyi tam açıqlayan "VİP" sədri Ə.Əliyev bütün vasitələrdən istifadə edərək, təmsil olunduğu təşkilatın "DUİ" ilə əməkdaşlığına maneə olacağını bildirib. O, qeyd edib ki, blokda, ümumiyyətlə, "Azadlıq" blokuna qarşı antipatiya mövcuddur. Onlarla əməkdaşlığın heç də asan və səmərəli olmayacağına hər kəsi inandırmağa çalışan Ə.Əliyev M.Fəttayevi siyasətdən uzaq bir şəxs adlandırıb. "Bu gün müxalifət düşərgəsində təsadüfi olan şəxslərdən biri də M.Fəttayevdir. Onun kimi şəxslər siyasətə, sadəcə olaraq, bir pəncərədən yanaşırlar. Bu səbəbdən də, belə şəxsiyyətlər üçün zaman müstəvisi heç bir əhəmiyyət kəsb etmir. Çünki bu tipə aid olanlar nə məqsədə xidmət etdiyini heç özləri də bilmirlər"-deyən Ə.Əliyev Azərbaycan müxalifətinin bu cür şəxslərdən təmizlənməsinin tam zamanının çatdığını da qeyd edib. Öz növbəsində, göndərmiş olduğu təklif müqabilində qarşılaşdığı mənzərədən heç də məmnun görünməyən M.Fəttayev müxalifət düşərgəsində onlara qarşı atılan hər bir addıma adekvat cavab verəcəklərini bildirib. Qeyd edib ki, "DUİ" müxalifət daxilində ümumi birliyin yaranmasında maraqlıdır. Amma bir çox qurumların, xüsusilə də, "Azadlıq" blokunda təmsil olunan partiyaların tutmuş olduqları mövqenin kökündən yanlış olduğunu söyləyən M.Fəttayev onsuz da bu qüvvələrin düşərgəni tərk etməsinə az bir müddətin qaldığını da etiraf edib.