PDF Oxu

Xəbərlər

  • 9

ABŞ Dövlət Departamenti qərəzli hesabatlar yaymaqdadır

ABŞ Dövlət Departamenti qərəzli hesabatlar yaymaqdadır
Artıq məlum olduğu kimi, bir neçə gün bundan öncə, ABŞ Dövlət Departamentinin "Narkotiklərə nəzarət Strategiyası 2010" son hesabatını yayıb. Bu hesabatda iddia edilir ki, guya Azərbaycanda 300 min nəfər narkoman var və onların 30-35 faizi tələbələrdir. Belə çıxır ki, Azərbaycanda 120 min tələbənin, o cümlədən də, qız tələbələrin hər dördündən üçü narkomandır. Əlbəttə, ABŞ Dövlət Departamentinin yaydığı bu bəyanat heç bir reallığı əks etdirməyən və tamamilə absurd bir qərardır. Bu hesabat qeyri-obyektiv olması ilə yanaşı, ABŞ Dövlət Departamentinin nüfuzuna da xələl gətirmiş olur.
Hesabatla bağlı olaraq, ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson isə məsələyə münasibətini bildirərkən hesabatda göstərilmiş statistikanın qeyri-rəsmi mənbələrdən götürüldüyünü bildirib. ABŞ Dövlət Departamentinin belə əhəmiyyətli bir qərar verərkən qeyri-rəsmi mənbələrdən aldığı məlumatlar əsasında hesabat tərtib etməsi heç də məntiqə uyğun görünmür. Əslində isə, burada əsas məsələ düzgün hesabat yaymaq deyil, məhz Azərbaycanda və yaxud digər ölkələrdə mövcud olmayan bir vəziyyəti siyasiləşdirərək qabartmaqdır. ABŞ Dövlət Departamentinin bu yönümdə yeritdiyi siyasət onun dövlət nüfuzuna xələl gətirir, dövlətin hadisələri real qiymətləndirməməsinə, qeyri-obyektiv qərarlar verməsinə gətirib çıxarır. Özünü demokratik ölkə kimi göstərməyə çalışan ABŞ digər öləkələrdəki vəziyyətə qiymət verməyi, daha doğrusu, onların daxili işlərinə müdaxiləni öz qarşısına məqsəd kimi qoyaraq, özünü demokratiyanın göstəricisi kimi göstərməyə çalışır.
Dövlət Departamentinin hesabatında qərəzli və yoxlanılmamış məlumatların yer alması ABŞ-ın obyektivliyinə şübhə yaradır. Azərbaycanda narkomaniyanın vəziyyəti ilə bağlı son hesabat da bu qəbildən olan məlumatlara aiddir. Əslində, dünyanın başqa yerlərində bu hal ilə bağlı daha acınacaqlı vəziyyət müşahidə olunsa da, nədənsə, ABŞ hökuməti bunlara diqqət ayırmaqdan çəkinir, onlara münasibət bildirmir. Elə Amerikanın özündə bu bəla ilə bağlı daha acınacaqlı vəziyyət müşahidə olunmaqdadır. Bu barədə ABŞ Dövlət Departamentinin heç nə deməməsi isə, onun qeyri-obyektivliyini bir daha sübut etmiş olur. Bundan başqa, ABŞ-ın Əfqanıstanı işğal etdikdən sonra bu ölkədə narkotik plantasiyalarının çoxalmasını da araşdırmaq daha düzgün olardı. Ermənistanın Azərbaycanın işğal edilmiş torpaqlarında geniş miqyasda narkotik becərilməsi və narkotik alverçiliyi ilə məşğul olması da ABŞ Dövlət Departamentinin hesabatı üçün yaxşı fakt ola bilərdi. Lakin ABŞ bu cür beynəlxalq təhlükəsizlik və insan həyatı üçün potensial təhlükə yaradan məsələlərə toxunmur və bununla yanaşı, belə faktların qeydə alınmadığı ərazilərdə onun olması barədə məlumat yayır.
ABŞ universitetlərində təhsil alan tələbələrin Avropa ölkələrinə nisbətən daha sərbəst davranması və öz hərəkətlərinə görə heç bir məsuliyyət daşımamaları bütün dünyada məlumdur. Onların bundan istifadə edərək pis vərdişlərə qurşanması da aydındır. Bu mənada, amerikalı tələbələrin narkomaniyaya və digər pis vərdişlərə yiyələnmələri də tez-tez müşahidə olunan hallardandır. Belə bir halın Azərbaycanda müşahidə olunması isə görünməmiş bir haldır. Azərbaycanlı tələbələrin daha intellektli və öz davranışlarında məsuliyyətli olmaları, həm də milli özünəməxsusluğumuz narkomaniya tipli pis vərdişlərin tələbələrin arasında yer almasına maneçilik törədən başlıca amillərdir. Görünür, ABŞ Dövlət Departamenti öz hesabatını hazırlayarkən, bu amilləri nəzərə almağı yaddan çıxarıb.
Əslində, ABŞ-ın bu tipli qərəzli və qeyri-obyektiv qərarları ilk deyil. Dövlət Departamentinin bundan öncəki insan haqları ilə bağlı hesabatlarında da analoji xətt hiss olunur. Özünün ərazisində və işğal etdiyi ölkələrdə bu sahədə də vəziyyətin pis olmasını nəzərə almadan Azərbaycan və digər ölkələrdə insan haqlarının pozulması barədə məlumatlar verir, hesabatlar yayır. Bunları ikili standartların tətbiqi kimi də qəbul etmək olar. Belə ki, ABŞ öz hesabatlarında qanunsuzluq və anti-demokratiyanın geniş yayıldığı ölkələrə göz yumaraq, əksinə, bu hesabatları daha demokratik ölkələrə qarşı tətbiq edirlər.
Göründüyü kimi, ayrı-ayrı ölkələrdə narkomaniya, insan haqları ilə bağlı vəziyyət barədə hesabatlar yayan ABŞ-ın özündə kifayət qədər problemlər mövcuddur. Yaxşı olardı ki, qərəzli yanaşma və əsassız iddialarla müşahidə olunan hesabatlarda ABŞ-ın özündə baş verən hüquq pozuntuları, cinayətlər və digər neqativ hallar öz əksini tapardı.

Digər xəbərlər