PDF Oxu

Xəbərlər

  • 12

Əli Əhmədov: "Avropa İttifaqının Cənubi Qafqazdakı münaqişələrin nizama salınmasında təsir mexanizmləri var"

Əli Əhmədov: "Avropa İttifaqının Cənubi Qafqazdakı münaqişələrin nizama salınmasında təsir mexanizmləri var"
"Avropa İttifaqı Avropanın ən mötəbər təşkilatı olaraq bu məkanda sülhün və təhlükəsizliyin təmin edilməsində maraqlıdır. Azərbaycan da Avropanın bir hissəsidir. Cənubi Qafqaz bölgəsindəki münaqişələr, xüsusilə Dağlıq Qarabağ problemi Avropanın təhlükəsizliyinə bilavasitə təsirini göstərir".
Bu sözləri yap.org.az saytına açıqlamasında Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov Avropa İttifaqının Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində oynaya biləcək rolunu şərh edərkən deyib.
Əli Əhmədov bildirib ki, Cənubi Qafqaz regionunda yerləşən Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və bunun önəmi gündən günə artmaqdadır. Ona görə də, bölgədə sabitliyin təmin olunması daha da aktuallaşmaqdadır.
"Bu mənada Avropa İttifaqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinə maraqlı olduğunu açıq şəkildə ifadə etməyə başlayıb. Xüsusilə, ötən illər ərzində Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi məsələsində üzə çıxan bir sıra problemlər Azərbaycanın bu baxımdan rolunu əhəmiyyətli dərəcədə artırıb. Hesab edirəm ki, Avropa İttifaqının Cənubi Qafqazda münaqişələrin nizama salınmasında təsir mexanizmləri var. Ancaq bu mexanizmlərdən hansı formada istifadə edilməsi üzərində düşünülməlidir. Bu günün reallığı odur ki, Dağlıq Qarabağ probleminin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. ATƏT-in Minsk qrupunun nümayəndələrinin əksəriyəti Avropa İttifaqının üzvüdür. Belə olan halda isə Avropa İttifaqının prosesə təsir rıçaqlarının olması açıq şəkildə özünü göstərir. Amma söhbət ədalətin bərpa olunmasına dövlətlərin nə dərəcədə hazırlığından gedir. Hesab edirəm ki, təşkilata üzv dövlətlər buna maraqlı olsalar, münaqişənin həlli tez baş verə bilər" deyə YAP-ın Sədr müavini vurğulayıb.

Digər xəbərlər