Almaniyanın Ziqen şəhərində Azərbaycan Günü keçirilib
Almaniyanın Ziqen şəhərində Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyinin təşkilatçılığı ilə Azərbaycan Günü keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata əsasən, tədbiri giriş sözü ilə birliyin sədri Samir Abbasov açıb. Sonra birliyin maliyyə məsələləri üzrə koordinatoru Telman Əliyev "ATEİB-in fəaliyyəti", Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Elşən Bağırzadə isə "Alman-Azərbaycan iqtisadi əməkdaşlığı: mövcud durum və perspektivlər" mövzularında çıxış ediblər. Azərbaycanlı tələbələr və elmi işçilər müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparıblar. Tədbirin rəsmi hissəsindən sonra qonaqlar üçün Novruz süfrəsi təşkil edilib. Tədbirə Almaniyanın müxtəlif universitetlərində təhsil alan gənclərimiz qatılıb. Frayberq, Kiel, Köln, Düsseldorf və Berlin şəhərlərindən tədbirə gələn tələbələr xüsusilə aktivlik göstəriblər. Eyni zamanda, ATEİB sədri Samir Abbasov və ADİU-nun müəllimi Elşən Bağırzadə Kölndə fəaliyyət göstərən Almaniya Gənc Türklər Ocağındakı "Türkiyənin Türk Dünyası ilə bağlı əməkdaşlıq və inkişaf strategiyaları" mövzusunda konfransda iştirak ediblər. Tədbirdə AGTO-nun başqanı Şahin Goksu, Elşən Bağırzadə çıxış ediblər. Konfransda türk gəncliyinin və ümumilikdə türk dünyasının ictimai-iqtisadi və digər sahələrə aid problemləri müzakirə olunub. Tədbir çərçivəsində ATEİB-in və AGTO-nun gələcəkdə birgə layihələr həyata keçirməsi imkanları barədə də danışılıb.