PDF Oxu

Xəbərlər

  • 25

"Amerika Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil"

"Amerika Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı deyil"
ABŞ bu gün dünyanın ən boyük güc mərkəzlərindən biri hesab olunur. Bu, təkcə hərbi və siyasi baxımdan deyil, eyni zamanda, iqtisadi baxımdan da qiymətləndirilir və onun dünyada oynadığı əhmiyyətli rol nəzərə alınır. ABŞ-ın dünyanın, demək olar ki, bütün bölgələrinə və orada cərəyan edən hadisələrə təsir etmək imkanları vardır. ABŞ-ın çoxmiqyaslı təsiri SSRİ dağılana qədər daha dar bir sahəni əhatə edirdisə, SSRİ dağıldıqdan və Rusiya zəiflədikdən sonra bu təsir öz miqyasını artırdı. ABŞ-ın, xüsusilə, Rusiyanın təsirinə daha çox məruz qalan ərazilərdə öz nüfuzunu artırmağa çalışması da, onun dünyada yeganə güc mənbəyi olmasına hesablanmışdır. ABŞ-ın Cənubi Qafqaz regionunda özünə müttəfiq qazanmaq və burada öz nüfuzunu möhkəmlətməyə çalışması da məlumdur. Onun region dövlətləri ilə apardığı siyasət və əməkdaşlıq meyilləri ilbəil inkişaf edir. Regionda olan münaqişələr də ABŞ xarici siyasətinin diqqət mərkəzindədir. Bu münaqişələrin həllində iştirak etmək cəhdləri və bu yöndə gördüyü işlər tez-tez dünya ictimaiyyətinin gündəmində durur. Bu günlərdə ABŞ-ın BMT-dəki keçmiş nümayəndəsi Con Boltonun səsləndirdiyi fikirlər də maraq doğurmaya bilməz. Xüsusilə, Azərbaycan üçün bu fikirlər daha əhəmiyyətli və cəlbedicidir. Belə ki, C.Bolton Amerikadakı institutlardan birində çıxışı zamanı ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmamasını bildirib. O, ABŞ-ın postsovet məkanında dondurulmuş münaqişələrin həlli üçün heç bir iş görmədiyini də qeyd edib. Prezident Barak Obamanın Rusiyanın yeritdiyi siyasətə nəzər salan siyasətçi Amerikanın Rusiyanın təsiri altında olan ərazilərə müdaxilə etmədiyini və münaqişələrin həlli yollarını axtarmadığını bildirib. ABŞ-ın postsovet məkanında, xüsusilə də, Cənubi Qafqaz regionunda özünəməxsus maraqlarının olması məlumdur. Buna səbəb də ABŞ-ın region ölkələrində, xüsusilə, Azərbaycanda iqtisadi maraqlara malik olmasıdır. Onun müxtəlif şirkətlərinin burada fəaliyyət göstərməsi ABŞ-ın regionda sülhün yaradılmasına səy göstərməsini zərurətə çevirmişdir. Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanla Ermənistan arasında yeganə vasitəçi qurum olan ATƏT-in Minsk Qrupuna həmsədrlik etməsi buna əyani sübut ola bilər. ABŞ-ın bu sahəyə xüsusi diqqət yetirməsi də, məhz bu münaqişənin alovlanaraq, silahlı münaqişə və müharibə vəziyyətinə gəlib çatmamasıdır. Belə olan təqdirdə, məhz ABŞ-ın bu regionda fəaliyyət göstərən obyektlərinə də ziyan dəyə bilər. ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində belə əhəmiyyətli rolu ola-ola, amerikalı siyasətçinin belə bir müstəvidə çıxış etməsinin səbəbi nədir? Düzdür, ABŞ Dağlıq Qarabağ münaqişəsinin və eləcə də, Cənubi Osetiya məsələsinin həllində öz təsirini göstərməyə çalışsa da, bunun hər hansı bir əhəmiyyətli nəticəsinin olması barədə danışmaq olmaz. Çünki artıq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı atəşkəs rejiminin 16 ildir ki, davam etməsinə baxmayaraq, digər həmsədr dövlətlər kimi, ABŞ da hər hansı konkret mövqe ilə çıxış etməmiş, münaqişənin həll edilməsindən daha çox, mövcud status-kvonun saxlanılmasına çalışmışdır. Məhz bu fakt C.Boltonun fikirlərində müəyyən qədər reallığın olmasına dəlalət edir. C.Boltonun fikirlərinə diqqət yetirsək, ABŞ-la Rusiya arasında son illərdə yaranan əməkdaşlıq meyillərinin hansı məqamlarla bağlı olması müəyyənləşir. Onun Amerikanın Rusiyanın təsiri zonasında olan ölkələrdə münaqişələrin həllinə heç bir səy göstərməyəcəyini bildirməsi müxtəlif cür izah edilə bilər. Daha çox məntiqə uyğun gələn variant ondan ibarətdir ki, ABŞ-la Rusiya arasında dünyanın iqtisadi zonalar üzrə bölüşdürülməsi prosesi də iki ölkə arasında münasibətlərin gələcək perspektivlərinə daxil edilib. Yəni ABŞ-la Rusiya dünyada öz təsir dairələrini əldən vermək fikrində deyillər. Dağlıq Qarabağ münaqişəsinin tərəflərindən biri olan Ermənistanın da, bilavasitə, Rusiyanın təsiri altında olması bəllidir. Biri digərinin təsir dairəsinə daxil olmamaqla, ABŞ-la Rusiya arasında münasibətlər inkişaf etməlidir. C.Boltonun dediklərindən belə bir nəticəyə gəlmək olar. Əslində, bu da məntiqəuyğundur. Əlbəttə, C.Bolton ABŞ-ın hər hansı dövlət nümayəndəsi və ya rəsmi şəxsi deyil. Lakin o, bir müddət ABŞ-ın BMT-də nümayəndəsi kimi çalışmışdır və baş verən hadisələr barədə mühakimə yürütmək iqtidarındadır. Bu səbəbdən də, onun fikirlərində məntiqilik axtarmağa dəyər.

Digər xəbərlər