"Ölkəmiz Dağlıq Qarabağda antiterror əməliyyatı həyata keçirə bilər"
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisi Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində hələ də işğaldan azad edilməyib. Təəssüf ki, beynəlxalq qurumlar bu təcavüzə hələ də göz yumurlar. Ali Baş Komandan, Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, əgər torpaqlarımız sülh yolu ilə işğaldan azad edilməsə, Azərbaycan müharibə variantına əl atacaq. Respublikamız Dağlıq Qarabağ ərazisində antiterror əməliyyatları apara bilərmi? Məsələyə münasibət bildirən politoloq Elman Nəsirov qeyd etdi ki, bu, ölkəmizin tam hüququdur. E. Nəsirov, həmçinin, onu da bildirdi ki, bu gün sülhə və təhlükəsizliyə cavabdeh olan beynəlxalq təşkilatlar, o cümlədən, BMT böhran içərisindədir.
- BMT-nin Təhlükəsizlik Şurası (TŞ) Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 1993-cü ildə 4 qətnamə qəbul edib. Onların heç biri bu günə kimi həyata keçirilmir. Həmçinin, bu da hər kəsə bəllidir ki, BMT TŞ-nin və onun 15 üzvü (5 daimi, 10 qeyri-daimi üzvü) bütün dünyada sülhün və təhlükəsizliyin təminatına məsuliyyət funksiyasını həyata keçirir. Eyni zamanda, BMT-nin nizamnaməsinin 25-ci maddəsində qeyd olunur ki, adıçəkilən təşkilatın qəbul etdiyi qərarların yerinə yetirilməsi icbari xarakter daşıyır. Yəni eyni məntiqlə BMT-nin özünün 25 maddəsinə əsaslanıb, söyləyə bilərik ki, adıçəkilən qurum Dağlıq Qarabağ probleminin həlli ilə, qəbul etdiyi 4 qətnaməsini də yerinə yetirməlidir. Çünki onlar icbari xarakterə malikdir. Ancaq çox təəssüflər olsun ki, hələ də bu sənədlər kağız üzərində qalıb və heç biri də işlək mexanizmə malik deyil. Bu, nəyin göstəricisidir? Bu, onun göstəricisidir ki, dünyada beynəlxalq sülh və təhlükəsizliyə cavab verən, ən böyük və universial təşkilat olan BMT bu gün böhran içərisindədir. BMT-nin özünün çox ciddi islahatlara ehtiyacı var. BMT beynəlxalq hüququn önündə getmək əvəzinə, onun arxasında dayanır. O ki qaldı Avropa Şurasına, adıçəkilən qurum özü də bu münaqişə ilə bağlı mövqe bildirib və AŞPA Ermənistanı işğalçı dövlət elan edib. Ancaq məsələ ondadır ki, bu mövqedən sonra heç bir konkret əməli addım atılmayıb. Ermənistan bu gün də həmin qurumun üzvüdür və onun iclaslarında iştirak edir. Bu qənaətə gəlmək olur ki, hələ də dünyada ikili standartlar baş alıb getməkdədir. Bu və ya digər münaqişəyə münasibətdə fərqli prizmalardan yanaşmaq yenə də saxlanmaqdadır. İşğalçı ilə işğala məruz qalan tərəf arasında bərabərlik işarəsi qoyulub. Məsələnin kökündə o dayanır ki, bu gün beynəlxalq sülhə məsuliyyət daşıyan əsas oyunçuların və öz maraqları bu məsələlərin həllinə mane olur. Əgər bu gün BMT öz qərarlarını həyata keçirə bilmirsə, biz ondan kiçik olan Avropa Şurasından nə gözləyə bilərik? Bildiyiniz kimi, 1992-ci ilin mart ayından ATƏT-in Minsk Qrupu bu problemin həlli ilə məşğuldur. Yəni üstündən 18 il keçsə də, heç bir irəliləyişə nail ola bilməyib. Bu onu göstərir ki, bu gün beynəlxalq münasibətlər sisteminin əsas faktorlarından biri olan beynəlxalq təşkilatların özünün fəaliyyəti böhran içərisindədir. Ona görə də onlardan nə isə ciddi irəliləyiş gözləmək düzgün deyil. İslam Konfransı Təşkilatı ilk təşilatdır ki, Ermənistanı işğalçı dövlət elan edib. Amma bununla bağlı hansı addımı atıb? Bunun heç birinin şahidi olmamışıqsa, bu, son nəticədə ona gətirib çıxarır ki, cəzasız qalan işğalçı Ermənistan növbəti cinayətlərə əl atmaq istəyir. Yəni cəzasızlıq rejimi növbəti cinayəti etmək üçün şirnikləndirici bir amilə çevrilib. Nə qədər belə davam edəcək, o vaxta qədər də Ermənistanın işğalçılıq hərəkətlərinə son qoyulmayacaq. Bu da, təbii ki, təəssüf doğuran bir cəhətdir. Dünyada sülh və təhlükəsizlik məsələlərinə heç bir halda kömək etmir. Bu da Ermənistanın timsalında bir çox dövlətlərdə arxayınçılığa gətirib çıxarır və onlar hesab edirlər ki, heç bir zaman etdiklərinə görə cəzalandırılmayacaqlar. Ümid bəslədiyimiz BMT, Avropa Şurası, ATƏT və İslam Konfransı Təşkilatının özündə də bu münaqişənin həlli ilə bağlı ciddi addımların atılmasının şahidi olmamışıq. NATO prinsip etibarı ilə belə münaqişələrin həllində daha ciddi addımlar atmaq və nəticəsinə nail olmaq praktikasına malikdir. Xüsusilə Yuqoslaviya hadisələri bunu təsdiqlədi və eyni zamanda, Kosovo ilə bağlı proseslər göstərdi ki, NATO istədiyi halda bu və ya digər münaqişənin həllinə güc vasitəsi ilə nail ola bilər. Amma NATO-nun da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə mövqeyi bəllidir. Bu mövqe isə, ondan ibarətdir ki, bu problemin sülh yolu ilə həllini dəstəkləyir. Bildiyiniz kimi, sözügedən məsələ ilə ATƏT məşğul olur və NATO ATƏT-in bütün bu addımlarını müdafiə etməyə hazırdır.