Mövcud terminlərin YUNESKO-nun nəzdində fəaliyyət göstərən Terminologiya üzrə Beynəlxalq İnformasiya Mərkəzinin və Beynəlxalq Standartlaşdırma Təşkilatının tələblərinə uyğunlaşdırılması, eləcə də, Azərbaycan terminoloji reyestrinin və bu sahədə informasiya bankının yaradılması üzərində də işlər aparılacaq
Azərbaycan Milli Elmlər Akademiyasından verilən məlumata əsasən, Azərbaycan terminlərinə aid
www.azterm.az portalının bu yaxınlarda istismara verilməsinə dair qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul olunub. İclasda AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının 2009-cu ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabat məruzəsi ilə çıxış edən AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyası sədrinin müavini, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova AMEA İnformasiya Texnologiyaları İnstitutu tərəfindən Terminologiya Komissiyası ilə birgə yaradılmış veb-portal haqqında məlumat verib.
S.Sadıqova bildirib ki, veb-portalın yaradılmasında əsas məqsəd mövcud terminoloji lüğətləri, ilk dəfə olaraq, vahid mərkəzə toplamaq, bununla da onların hər bir kəs üçün əlyetərliyini təmin etmək, şagird, tələbə, müəllim və elmi araşdırmalarla məşğul olanlara, ümumiyyətlə, müxtəlif peşə sahələri nümayəndələrinə gündəlik işlərində rastlaşdıqları terminlərin izahını asanlıqla əldə etməyə yardımçı olmaqdır. Alim və mütəxəssislər, elmi kollektivlər tərəfindən müxtəlif elm sahələri üzrə, vaxtaşırı olaraq, yeni terminlərin yaradıldığını, terminlərin izahlı lüğətlərinin hazırlanaraq nəşr etdirildiyini söyləyən sədr müavini Azərbaycanda elm və texnikanın müxtəlif sahələrinə aid təxminən 600-ə yaxın terminoloji lüğətin olduğunu qeyd edib. S.Sadıqova dilimizdə işlənən, eləcə də, yeni yaranan terminlərin, mövcud terminoloji lüğətlərin toplanması, aprobasiyası və tətbiqinin sürətləndirilməsi, onları sistemləşdirən terminoloji lüğətlərin elektron variantlarının virtual məkanda yerləşdirilməsinin Azərbaycan dilinin terminoloji arealının müasir metodlarla zənginləşməsini zəruri etdiyini söyləyərək, Azərbaycanın müstəqil terminologiya siyasətinin həyata keçirilməsi məsələlərinin həllinin zamanın tələblərindən olduğunu bildirib. O, Azərbaycan terminlərinə aid portalın yaradılmasının xaricdə yaşayan soydaşlarımıza da dilimizin qanunauyğunluqlarına əsaslanan terminlərdən istifadə etmək imkanı verəcəyini vurğulayıb.
S.Sadıqova, həmçinin, mövcud terminlərin YUNESKO-nun nəzdində fəaliyyət göstərən Terminologiya üzrə Beynəlxalq İnformasiya Mərkəzinin (İnfoterm) və Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO - İnternational Organization for Standardization) tələblərinə uyğunlaşdırılması, eləcə də, Azərbaycan terminoloji reyestrinin və bu sahədə informasiya bankının yaradılması üzərində də işlərin aparıldığını bildirib.O, ilkin olaraq, respublika üzrə terminoloji lüğətlərin toplanması işlərinin həyata keçirildiyini qeyd edib.
Bundan əlavə, S.Sadıqova terminləri yaradan alim və mütəxəssislərin müəlliflik hüquqlarının qorunması, yeni terminləri qəbul edərkən, onların indiyə qədər qəbul olunmuş lüğətlərdə olub-olmaması haqqında məlumatların toplanılması, dərc olunan kitabların, xüsusən də, dərsliklərin terminoloji tələblərə uyğunluğunun yoxlanılması, bu işlərin monitorinqinin təşkili məsələlərinə də ciddi diqqət yetirildiyini bildirib.
S.Sadıqova, həmçinin, 2009-cu ildə Terminologiya Komissiyasının qərarı ilə nəşr edilmiş kitablar haqqında da məlumat verib. Bildirilənə görə, 2009-cu ildə "Ehtimal nəzəriyyəsi və riyazi-statistika ensiklopediyası", "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", "Mediada işlənən alınma sözlərin izahlı lüğəti" müzakirə olunub, təkmilləşdirildikdən sonra nəşr olunmuşdur. Bundan əlavə, "İngiliscə-rusca-azərbaycanca fizika terminləri lüğəti", "İzahlı tərcüməşünaslıq terminləri lüğəti", "Azərbaycan-rus-ingilis-türk dillərində fizika terminləri lüğəti", "Məhkəmə ballistik ekspertizasına aid terminlərin izahlı lüğəti" və "Azərbaycan-rus-ingilis-türk-alman-fransız dillərində ellektrofizika terminləri lüğəti" müzakirə olunmuş, komissiyanın tövsiyəsi ilə üçdilli və izahlı lüğətlərin tərtibinə geniş yer ayrılmışdır. Terminologiya Komissiyasının qərarı ilə hər il "Terminologiya məsələləri" toplusu nəşr olunur.
S.Sadıqova hazırda komissiya tərəfindən "Rusca-azərbaycanca arıçılıq terminləri lüğəti"nin təkmilləşdirilməsi üzərində işlərin aparıldığını bildirib.
İclasda, həmçinin, "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, Mərkəzi Elmi Kitabxana, Respublika Seysmoloji Xidmət Mərkəzi, Respublika Xatirə Kitabı Redaksiyası, AMEA Şəki və Lənkəran Regional Elmi Mərkəzlərinin də 2009-cu il üçün elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatları dinlənilib.