PDF Oxu

Xəbərlər

  • 8

Millətin əxlaqı nəyin əsasında formalaşmalıdır?

Millətin əxlaqı nəyin əsasında formalaşmalıdır?

Əxlaq (latınca moralis - xasiyyətə aid olan) - insan hərəkətlərinin normativ tənzimlənməsinin əsas üsullarından biridir. Əxlaq xasiyyətə aid olan baxışları və hissləri, həyatın yönümü və prinsiplərini, hərəkətlərin və insan münasibətlərinin niyyət və məqsədlərini - xeyir və şər, vicdan və vicdansızlıq, qeyrət və qeyrətsizlik, ədalət və ədalətsizlik, nizam və nizamsızlıq, mərhəmət və sərtlik anlayışlarını fərqləndirərək - əhatə edir.
(Əvvəli ötən sayımizda)

Əxlaq və hüquq

Sözsüz, hər bir cəmiyyətdə qanunçuluq olmalıdır. Dövlət özbaşınalıqla mübarizə aparmalı və öz vətəndaşlarını qorumalıdır. Vətəndaşlar isə qanuna hörmət edib, ona riayət etməlidirlər.
Lakin burada belə bir sual meydana gəlir: ictimai və fərdi münasibətlər təkcə Qanunla tənzimlənməlidir? Məsələ burasındadır ki, bizim dövrümüzdə mənəvi-əxlaqi aspektləri inkar edərək, Qanunu mütlət kəmiyyətə çevirən iddialara tez-tez rast gəlinir. Hər yerdə qanunun həlledici rol oynaması: onun harada çox, harada az olması haqqında qızğın mübahisələr gedir. Lakin vicdan, vicdansızlıq, əxlaq, əxlaqsızlıq və s. bu kimi anlayışlar unudulur. Ümumiyyətlə, bunlara müasir dünyada əhəmiyyətli yer verilmir, ciddi baxılmır.
Buna görə belə bir hal yaranır ki, insanın təbii olan daxili özü-özünü idarə etmə sisteminə ehtiyac olmur və o, bir mexanizm kimi, yalnız Qanun adlanan xarici amillə özünü idarə edir. Lakin burada "yalnız onunla hər şey tənzim edilə bilərmi" sualı yaranır. Axı xeyir-şər, əxlaq-əxlaqsızlıq, mənəviyyat-mənəviyyatsızlıq və s. anlayışlarını fərqləndirmədən tam mənada insan adını daşımaq mümkün deyil, çünki insan hər şeydən öncə, mənəvi varlıqdır və bu keyfiyyət onu heyvanlar aləmindən fərqləndirir. Müasir dünyada hökm sürən dəyərlər sistemi bütün bunlara məhəl qoymayaraq, insanın təbiətinə zidd olaraq, yalnız ruhsuz qanun topluları ilə kifayətlənməyə üstünlük verir. Çox vaxt heç qanun da heç bir rol oynamır, müdiriyyətin istəyi, daha güclü, pullu və "irəliləmiş" adamların anlayışları ilə əvəz olunur. Qanuna və ya müdirin göstərişinə əməl edərək, başqa adamlara ziyan vermək də olar. Həm də qanunları pozmayıb, onların üstündən ötmək olar. Daha bir sual verilə bilər: məgər qanunlara riayət edən toplularda o pozulmur? Axı öz yüksək səviyyəli qanunçuluqları ilə öyünən ölkələrdə cinayətkarlıq çox yüksək səviyyədədir. Bundan başqa, cinayətinin üstünün açılmamasına əmin olan adamlar da var. Onlar öz çirkin əməllərini bu və ya digər şəkildə davam etdirmişlər. Bu hallar necə olsun? İnsan qanunu pozduğunu bilmirsə, onda necə olsun? Cəmiyyətdə hökm sürən qanunlar milli ənənəyə zidd olarsa, nə etməli? Nəhayət, qanunlar insanı və cəmiyyəti düşkünlüyə aparan əməlləri (fahişəlik kimi) qadağan etmirsə, onda və etməli?
İnsan mənəvi varlıq olduğundan, onda təbii özünü idarəetmə mexanizmləri vardır və bunlar, müasir cəmiyyətlərdə olduğu kimi, boğulmamalı, əksinə, aktivləşdirilməlidir. Hər bir insanda qanuna və mənəviyyata zidd olan hərəkətlərin edilməsinin qarşısını təbii yolla alan yüksək mənəvi keyfiyyətlərin aşkarlanması üçün şərait yaradılmalıdır. Məsələ bu cür qoyularsa, hüquq-mühafizə orqanları tərəfindən təqib olunma təhlükəsi deyil, vicdan və günah hissləri adamları cinayəti törətməkdən çəkindirər. Bu halda, insan cinayəti birinci növbədə qanuna deyil, öz əqidəsinə zidd olduğuna törətməz, hüquq-mühafizə orqanları tərəfindən təqibdən deyil, öz vicdanından çəkinəcək. Müasir adamlar üçün ən böyük itki, onlar tərəfindən günah anlayışının anlamaması və unudulmasıdır. Bu anlayışın olmaması isə, yuxarıda deyilən insanların təbii özünü idarəetmə qabiliyyətini sıfıra endirir.
Mənəvi varlıq olan insan günah (cinayətkar) əməllərdən çəkinmək üçün yüksək, fövqəlinsani və esxatoloji (axirət) anlayışlara yiyələnməli, onları qəlbən qəbul etməlidir. Nəciblik, mərhəmət, alicənablıq, təmənnasızlıq, vicdan və s. bu kimi mənəvi anlayışları heç bir qanun əhatə edə bilməz, məcəllə şəkilinə salmaz. Lakin bu keyfiyyətlər olmasa, insanı tam mənada insan da adlandırmaq olmaz. Qanunu pozmayaraq üstündən keçmək olar, lakin bu halda, özündə mənəvi keyfiyyətləri tərbiyə edən adam yuxarıda sözü keçən keyfiyyətləri tətbiq edəcək və ətrafdakılar onun hərəkətlərindən ziyan çəkməyəcək. Bu keyfiyyətlər haqqında xəbəri olmayanlar isə, hətta qanuna tam riayət etsələr belə, başqalarına ziyan verəcəklər. Lakin bütün bu deyilənlər müasir quruluş tərəfindən inkar edilir və onlara məhəl qoyulmur. Bundan başqa, mənəviyyatsız qanunçuluq yalnız onu yaradan və içində fəaliyyət göstərən sistemə bağlıdır. Bu sistem dağılan kimi, onun qanunçuluğu da heç kəsə lazım olmayacaq. Hamı Avropa və Amerikaya baxır və onlardan ibrət götürmək istəyir, amma bu dünyada hər şey müvəqqətidir. Biz artıq bir nəhəng sistemin dağılmasının şahidləri olmuşuqsa, Qərb sisteminin dağılması da bizi təəccübləndirə bilməz. O halda, hələ bilinmir, ibrət götürdüyümüz "irəliləmiş" və "mədəni" qərblilər nəyə çevriləcəklər. Axı onların varlığı maddi sərvətlərin yığılması və istehlakçılıqdan ibarətdir. O cəmiyyətlər ruhsuz bədəndir. Böyük ehtimalla demək olar ki, o Qərb sistemi dağılan kimi orada hərc-mərclik və vəhşilik hökm sürəcək. Bunu biz Sovetlər Birliyinin dağılması zamanı görmüşdük.

Ardı var.

Digər xəbərlər