Xalq cəbhəsinin yaxın perspektivdə birləşməsi mümkünsüzdür
"Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyası"nın ("BAXCP") Ali Məclisinin sədri Mikayıl Rəhimovun "Səs" qəzetinə müsahibəsi
- "BAXCP" parlament seçkilərinə hazırlıqla bağlı artıq seçki siyahılarının hazırlanmasına start verib. Bu tələskənliyinə ilə izah etmək olar?
- Bunu tələskənliklə izah etmək düzgün olmazdı. Partiyanın idarə heyətinin iclasında nəticə o oldu ki, qarşıdan gələn parlament seçkiləri ilə bağlı rayon təşkilatlarına konkret tapşırıqlar verilsin və seçki qərargahları ilə bağlı məsələlərə yenidən baxılsın. Ötən seçki proseslərindən sonra partiyanın strukturunda bir sıra dəyişikliklər baş verib. Belə ki, "BAXCP" dairə və məntəqə seçki komissiyalarına yeni namizədlər irəli sürüb. Bu baxımdan nəzərə aldıq ki, növbəti parlament seçkilərinə hazırlıq məqsədilə partiyanın rayon təşkilatlarına bu məsələ ilə bağlı konkret tapşırıqlar verilməlidir.
- Müxalifət düşərgəsinə mənsub olan bəzi mətbuat orqanlarının, daha dəqiq desək, "Azadlıq" və "Yeni Müsavat" qəzetlərinin yazdıqlarına görə, "BAXCP" bu qərarı müstəqil şəkildə deyil, hansısa kənar qüvvələrin təsiri nəticəsində verib. Bu tələskənliyi onunla izah etmək olarmı?
- Mətbuatda yer alan bu cür informasiyalar həqiqəti əks etdirmir və tamamilə yanlışdır. Partiyanın bu qərarında hansısa kənar təsirdən söhbət gedə bilməz. Bu fikri ifadə edən insanlar və ya qruplar müstəqil olmadıqlarından, "BAXCP"-nin qərarını bu cür qiymətləndirirlər. Halbuki həmin şəxslərin özü müstəqil qərar vermək iqtidarında deyil. Hesab edirəm ki, bu cür fəaliyyət olduqca uğursuz bir fəaliyyətdir. Cəmiyyətdə bu cür yanlış informasiyalar yaymaqla fəaliyyət göstərmək olmaz. Tam əminliklə və səmimi olaraq deyirəm ki, "BAXCP" bütün qərarlarında müstəqildir və bu qərarlar kollegial qəbul olunur. Hər hansı bir məsələ partiyanın aidiyyatı strukturunda müzakirə olunduqdan sonra mətbuata və ictimaiyyətə olduğu kimi açıqlanır.
Yanvarın 5-də də partiyanın idarə heyətinin növbəti toplantısı keçirildi. Həmin toplantıda bu qərar heyət üzvləri tərəfindən yekdilliklə qəbul olunub. Bu qərarın hansısa kənar qüvvələrin təsiri ilə verilməsi haqqında düşünmək absurddur. Bu cür məlumatların yayılması həmin şəxslərin "BAXCP" haqqında dərin informasiyaya malik olmamalarından xəbər verir. Bu yanaşma, eyni zamanda, partiyamıza qısqanc münasibətdən və öz fəaliyyətsizliyini ört-basdır etməkdən qaynaqlanır. Bir sözlə, "BAXCP" onun haqqında yazılan bu cür məlumatları böhtan olaraq qəbul edir.
- Ola bilərmi ki, bu, vaxtilə baş verən məlum hadisələr fonunda AXCP (i) sədri Əli Kərimovun sizə qarşı qisasçılıq mövqeyindən irəli gəlsin?
- Təbii ki, ola bilər. Əgər onun tabeliyində olan "Azadlıq" qəzetinə nəzər salsaq, hər dəfə "BAXCP"-yə qısqanclıqla yanaşdığını görmək olar. Hətta ara-sıra partiyamız haqqında böhtan xarakterli yazılara da rast gəlmək olur. Onların bu cür hərəkətlərə yol vermələrini ancaq qısqanclıqları ilə əlaqələndirmək olar.
- Mikayıl bəy, siz də AXCP (i), Müsavat, "Ümid" və s. partiyalar kimi müxalifət düşərgəsinə aid olduğunuzu bildirirsiniz. Bəs onda bu cür konfliktlərin baş verməsi hansı marağı bölüşə bilməmənizdən qaynaqlanır?
- İndi özlərini "BAXCP"-yə alternativ görən siyasətçilərin əksəriyyəti vaxtilə bizimlə eyni sırada çalışan insanlardır. Hələ 2001-ci ilə qədər bizim birgə fəaliyyətimiz var. Biz dəfələrlə Əli Kərimovun və İsa Qəmbərovun atdığı addımların milli və partiya maraqlarına zidd olduğunu söyləmişik. Partiya strukturlarının iclaslarında bununla bağlı qərarlar qəbul olunub. Onlarla yaranan fikir ayrılıqlarının səbəbi məhz bundan ibarətdir. "BAXCP"-nin ilk qurultayında da AXCP (i)-nin sədri Əli Kərimovun apardığı siyasətin yanlışlıqlarının nədən ibarət olduğunu, "BAXCP"-nin məqsəd və məramını açıq şəkildə bildirmişik.
Bu gün də bu siyasi xəttin həmin şəxslər tərəfindən davam etdirilməsi onlara inanan insanların uğursuzluğuna gətirib çıxarır. Həmin partiyada qəbul olunan qərarlar müstəqil deyil, kollektivin fikirlərini ifadə etmir. Həmin qərarlar, yalnız avtoritar dövrlərdə olduğu kimi, bir liderin iradəsi əsasında qəbul olunan qərarlardır. Nəticə etibarilə həmin insanların hansısa uğurlarından danışmaq yersizdir.
- AXCP (i) və Müsavat partiyaları haqqında səsləndirdiyiniz fikirlərdən sonra onların mətbu orqanlarında təhqir hədəfinə çevrilməyinizdən çəkinmirsinizmi?
- Mənim söylədiklərim həqiqətə uyğundur. İndi "Səs" qəzeti vasitəsilə söylədiyim fikirləri, vaxtilə onlarla birgə keçirdiyimiz müzakirələrdə də bildirmişəm. Konkret qənaətim ondan ibarətdir ki, həmin partiyalarda qəbul olunan qərarlar kollektiv əməyin nəticəsi deyil. Bu cür qərarlar onları aktiv siyasətdən kənara salır, həmin partiyaların öz nüfuzunu itirməsinə imkan yaradır. Bir faktı qeyd edim ki, vaxtilə Əli Kərimov indi parlamentdə təmsil olunan Əli Məsimlini, Fazil Mustafanı, "KXCP"-nin sədri Mirmahmud Fəttayevi AXCP (i) sıralarından xaric etmişdi. Yanlış davranışlar və qərarlar nəticəsində partiyadaxili ziddiyyətlər ortaya çıxdı və bu cür parçalanma baş verdi. Baş verən ziddiyyətlərin və fikir ayrılıqlarının aradan qaldırılmasına cəhd göstərilmədi və nəticədə xalq cəbhəsi adını daşıyan üç partiya - AXCP (i), "BAXCP" və "KXCP" fəaliyyət göstərir. Bir daha təkrar edirəm ki, vaxtilə aparılmış yanlış siyasətin nəticəsidir ki, bu gün Azərbaycan müxalifətində kəskin münasibətlər formalaşıb. Hətta yadınıza salım ki, 2003-cü ilin prezident seçkilərində "BAXCP" bəyan etdi ki, əgər müxalifət partiyaları vahid namizəd məsələsində konkret qərar qəbul edirsə, onu dəstəkləməyə hazırdır. Müxalifət partiyaları həmin vaxt bir araya gələ bilmədilər, şəxsi və qrup maraqlarını milli maraqlardan önə çəkərək, uğursuzluğa düçar oldular. Ona görə də mən söylədiyim fikirlərin üzərində dayanıram. Hesab edirəm ki, onlar müxalifətin vahid siyasi blokunun yaradılması üçün siyasi maraqlardan imtina etməyi bacarmalıdırlar. Kollektivin fikirlərinə hörmət bəsləyən qərarların qəbulu üçün iş görməlidirlər.
- Sizcə, hansısa mərhələdə hər üç xalq cəbhəsi partiyasının birləşməsi mümkündür?
- Siyasi reallıq onu göstərir ki, bu, hələlik, mümkün deyil. Çünki az öncə də, qeyd etdiyim kimi, həmin partiyaların qrup rəhbərləri yanlış mövqe tutublar və bu amili nəzərə alaraq, bunun mümkünsüzlüyünü önə çəkirəm. İnanıram ki, AXCP (i) və "KXCP"-də təmsil olunan insanlar yanlış yolda olduqlarını başa düşəcəklər və vahid blokda birləşməyin vacibliyini dərk edəcəklər. Yaxın perspektivdə bu cür blokun və ya birliyin yaradılması real görünmür.
- Müsavat deputat qrupunun üzvü Pənah Hüseynovun sözlərinə görə, ən aktiv müxalif siyasi partiyalar məhz AXCP (i), Müsavat və "KXCP"-dir. Belə olan təqdirdə, "BAXCP"-nin fəaliyyəti nədən ibarətdir və o hansı yönümlü partiyadır?
- Pənah Hüseynovun haradan bu cür qənaətə gəldiyini bilmirəm. Ümumiyyətlə, o, hansı hüququn daşıyıcısıdır ki, bu cür fikri söyləyir. Müxalifətdə və iqtidarda olan siyasi partiyalar yürütdükləri siyasətdə tam açıqlığı ilə görünürlər. Pənah Hüseynovun bu cür açıqlaması onun şüurunun, düşüncəsinin və məntiqinin nəticəsidir. Görünür, o, şəxsi maraqlarına cavab verən siyasi partiyaları aktiv müxalifət partiyaları hesab edir və onların adlarını çəkir. Bu, yanlış fikir və mövqedir.