PDF Oxu

Xəbərlər

  • 15

Erməni məsələsi tək bizim deyil, bütün dünya türklərinin məsələsidir

Erməni məsələsi tək bizim deyil, bütün dünya türklərinin məsələsidir
Müsahibimiz Milli Məclisin Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Qənirə Paşayevadır
- Qənirə xanım, məlum olduğu kimi, bu günlərdə Türkiyənin Bursa şəhərində "Yaxın tariximizdə türk və müsəlman soydaşlarımızın məruz qaldığı insan haqları məsələləri" adlı beynəlxalq simpozium keçirilib və qeyd edək ki, bu simpoziumla bağlı artıq mətbuatda müəyyən informasiyalar özünə yer alıb. Bu tədbirin iştirakçısı və Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi, simpozium barədə geniş məlumat verəsiniz.
- Bu tədbir Ahıska Türkləri Dərnəkləri Federasiyasının təşkilatçılığı və Türkiyə dövlətinin, TİKA-nın dəstəyi ilə keçirildi. Bu tədbirdə dünyanın 50-yə yaxın ölkəsindən türklər, müsəlmanlar iştirak edirdi. "Yaxın tariximizdə türk və müsəlman soydaşlarımızın məruz qaldığı insan haqları məsələləri" adlanan həmin beynəlxalq simpoziumda, əsasən, dünyada insan haqları sahəsində törədilən pozuntu məsələsi geniş müzakirə mövzusu oldu. Sizə yaxşı məlum olduğu kimi, həmin tədbirdə Azərbaycan nümayəndə heyəti də yaxından iştirak edirdi...
- Bildiyimizə görə, bu tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti tərəfindən sərgi də təşkil olunub...
- Doğrudur, təşkil etdiyimiz bu sərgidə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü əsasında hazırlanan Azərbaycan həqiqətləri ilə bağlı müxtəlif dillərdə kitablar, "Xocalı soyqırımı" filmi, eləcə də, digər filmlər nümayiş olundu. Eyni zamanda, Azərbaycanın digər qurumlarının- milli təhlükəsizlik nazirliyinin - onlar da bu məsələyə dəstək verdilər - hazırladıqları kitablar, disklər, o cümlədən, tarix institutunun dərc etdiyi materiallar bu sərgidə nümayiş etdirildi. Üumiyyətlə, bu sərgi-tədbir çox böyük diqqət çəkdi. Türkiyənin dövlət naziri Faruk Çelik, həmçinin, Bursa şəhərinin rəhbər şəxsləri həmin sərgiyə qatıldılar. Həmin sərgidə təkcə Ermənistanın 20-ci əsrin sonunda Azərbaycan ərazilərinə qarşı işğalçılıq siyasəti, Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi, işğal etdiyi ərazilərdə törətdiyi vandalizm aktları, dini, tarixi, mədəni abidələri dağıtması, yox etməsi, etnik təmizləmə siyasəti aparması, Xocalı qətliamını törətməsi məsələləri deyil, eyni zamanda, ermənilərin son iki əsr boyunca Azərbaycan torpaqlarına köçürülməsi, bu köçürülmələri arxasında duran böyük güclərin maraqları, ermənilərin köçürüldüyü ərazilərdən azəri türklərinin zorla çıxarılaraq, ermənilərin o ərazilərdə daha çox sayda yerləşdirilmələri, Ermənistan dövlətinin tarixi Azərbaycan torpaqları üzərində qurulması, İrəvanın, Zəngəzurun, Göyçənin zorla Azərbaycandan və azərbaycanlılardan alınaraq, ermənilərə verilməsi, 1948-53-cü illərdə yüz minlərlə soydaşımızın deportasiya olunması, 1988-ci ildə yüz minlərlə insanımızın son nəfərinədək Ermənistandan didərgin salınması məsələləri, bütövlükdə, bunların hamısını əhatə edən kitablar, disklər, digər materiallar tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Sərgidə nümayiş etdirdiyimiz kitablar simpozium iştirakçılarına paylanıldı ki, onlar Azərbaycan həqiqətləri ilə bağlı daha geniş məlumatlar əldə edə bilsinlər...
- Erməni məsələsi tək bizim deyil, bütövlükdə, türklərin, müsəlmanların problemi, məsələsidir?
- Şəxsən mən haqlı və əsaslı olaraq, belə düşünürəm. Bu gün ermənilər türklərə, türk dünyasına qarşı çox böyük yalan, iftira kampaniyası aparır, eləcə də, onların Azərbaycan türklərinə qarşı törətdikləri soyqırımlar, qətliamlar, etnik təmizləmə bütün dünyanın gözü qarşısındadır. Ona görə, belə hesab edirəm ki, həmin insanlar öz ölkələrində, bütövlükdə, dünyada çox böyük işlər görə bilərlər. Biz, hətta bildirdik və bu gün də bu mövqedə qalırıq ki, həmin türklər, müsəlmanlar bizim qardaş-bacılarımız olaraq, beynəlxalq təşkilatlara, dünyanın güc mərkəzlərinin parlamentlərinə müraciətlər ünvanlaya bilərlər. Müraciətlər göndərə bilərlər ki, siz nə üçün bütün müasir dünyanın gözü qarşısında Ermənistanın, ermənilərin törətdiyi bu dəhşətli Xocalı soyqırımına adekvat reaksiya vermirsiniz, onu soyqırım aktı kimi tanımırsınız? Məgər dünyada bundan böyük insan haqları pozuntusu ola bilərmi? Dünyanın gözü qarşısında bu cür dəhşətli bir qətliam, soyqırım aktı törədilib. İndi belə olan halda, nə üçün belə bir soyqırımı törədən dövlətə, xalqa qarşı hansısa addımlar atmırsınız və yaxud atmaq istəmirsiniz? Onlar da görsünlər ki, bu, təkcə Azərbaycan türklərinin mövqeyi deyil, dünyanın hər bir bölgəsində yaşayan türklərin, müsəlmanlar mövqeyidir. Düşünün, dünyanın hər yerindən - istər Balkan türkləri, istər Rusiya türkləri, istər İraq, İran türkləri olsun, fəqi yoxdur, hər yerdəki türklər bu cür addımlar atsa, bu cür müraciətlər ünvanlasa, görün, o zaman biz bütün beynəlxalq ictimaiyyətin diqqətini nə qədər bu problemə daha möhkəm şəkildə çəkə, yönəldə, müəyyən uğurlu nəticələr əldə edə bilərik. Sevindirici haldır ki, bizim qaldırdığımız bu təklifləri, məsələləri simpozium iştirakçıları çox böyük sayğıyla qarşıladılar və eyni zamanda, bunları simpoziumun yekun bəyannaməsində də nəzərə aldılar, reallaşdırdılar.
- Yeri gəlmişkən, bu tipli beynəlxalq simpoziumun və yaxud konfransın yaxın zamanlarda Azərbaycanda da keçirilməsi mümkündürmü?
- Ümumiyyətlə, qeyd edim ki, Azərbaycan, Qarabağ, Xocalı həqiqətlərinin dünyaya yayılması, tanıdılması istiqamətində Azərbaycanda son illər ərzində çox böyük işlər həyata keçirilir. Bununla bağlı, ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr var. Xüsusilə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu yöndə müxtəlif dillərdə həm kitabar, həm filmlər hazırlanıb. Eyni zamanda, son bir neçə il ərzində dünyanın əksər ölkələrində, o cümlədən, Avropada, ABŞ-da bu istiqamətdə sərgilər düzənlənib və Heydər Əliyev Fondunun, Onun prezidentinin təşəbbüsü ilə reallaşdırılan bu tədbirlər böyük beynəlxalq ictimai diqqəti özünə cəlb etməyə nail ola bilib. Həmçinin, Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!" kampaniyası həyata keçirilir və qeyd edim ki, bu kampaniyanın Azərbaycan həqiqətlərinin, xüsusilə, Xocalı qətliamı ilə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində də çox uğurlu nəticələri olub, var. Ancaq bununla belə, hesab edirəm ki, biz bu istiqamətdəki işlərimizi gələcəyə doğru daha da sürətlə davam etdirməyə çalışmalıyıq. Özü də gözləmək lazım deyil ki, bu işləri təkcə Azərbaycan, Azərbaycan dövləti həyata keçirsin. Dünya türklərinin, daha doğrusu, azəri türklərinin cəmi 8-9 milyonu Azərbaycanda yaşayır. 40 milyondan artıq insanımız, soydaşımız indiki Azərbaycan hüdudlarından kənarda yaşayır, fəaliyyət göstərir. Amma Qarabağ problemi, Xocalı soyqırımı hamımızın, bütün azəri türklərinin, dünya türklərinin problemi, ağır yarasıdır və bu yara bizim qədər onları da narahat etməli, belə demək mümkünsə, incitməli, mübarizəyə səfərbər etməlidir. Bu məsələdə onların da dəstəyinə, fəaliyyətinə, fəaliyyətlərinin daha da genişləndirilməsinə böyük ehtiyacımız var. Biz onlardan məhz bunu gözləyirik. Bir daha qeyd edirəm ki, erməni məsələsi təkcə bizim məsələ deyil, bütün dünya türklərinin məsələsidir. Ermənilər azərbaycanlılara qarşı həyata keçirdikləri qətliamlar, o cümlədən, Xocalı soyqırımı zamanı demirdilər ki, bunları azərbaycanlılar olduqları üçün məhv edirlər, deyirdilər ki, bunları məhz türk olduqları üçün məhv edirlər. Ona görə də, erməni məsələsi bütün türklərin də məsələsi olmalıdır. Əgər belə olarsa, biz həm Azərbaycan həqiqətlərinin, həm Xocalı soyqırımının, həm də uydurma erməni soyqırımı yalanlarının nədən ibarət olduğunu dünyaya yaxşı çatdırmış, daha uğurlu nəticələr əldə etmiş olarıq...
- Qənirə xanım, Xocalı faciəsinin baş verməsindən xeyli müddət keçməsinə baxmayaraq, demək olar ki, "Fəryad" filmindən savayı bu faciəni, ümumilikdə, Azərbaycan və Qarabağ həqiqətlərini özündə əks etdirən digər bir təsirli bədii film bugünədək çəkilməyib. Bu baxımdan, yaxın gələcəkdə istər Xocalı sıyqırımına, istərsə də, bütövlükdə, Azərbaycan və Qarabağ həqiqətlərinə həsr olunmuş daha təsirli bədii filmin və yaxud filmlərin çəkilməsi üçün konkret addımların atılması mümkündürmü, gözləniləndirmi?
- Bilirsiniz, daim bu yöndə fikirlərimi, təkliflərimi, bəzən hətta tənqidlərimi də dilə gətirmişəm. Bunlar olmalıdır, çox vacibdir. Biz, belə demək mümkünsə, bu işdə xeyli gecikmişik. Hesab edirəm ki, artıq bizdə də istər Xocalı soyqırımına, istər Qarabağ hadisələrinə, istərsə də tarixi keçmişimizdə baş vermiş faciələrə həsr olunmuş tutarlı, sanballı bədii filmlər çəkilsin və çəkilməlidir. Hesab etmirəm ki, burada da əsas maneə maliyyə problemi olsun və ya ola bilər. Bu gün Azərbaycan dövlətinin maliyyə imkanları kifayət qədər yetərincədir. Yəni, həqiqətlərimizi, xüsusilə də, Xocalı vəhşiliklərini dünya ictimaiyyətinə təsirli və bədii formada çatdırmaq baxımından hansısa bir bədii filmin çəkilməsi üçün bizdə maliyyə problemi yoxdur. Eyni zamanda, hesab edirəm ki, dövlətimiz də bu işə istənilən məqamda dəstək verməyə hazırdır. Bu filmi çəkmək, ərsəyə gətirmək üçün, elə hesab edirəm ki, dünyada tanınmış aktyorları, prodüserləri, ssenariçiləri, rejissorları, texniki işləri həyata keçirən yüksək səviyyəli professionalları dəvət etmək olar. Bu, olarsa, elə hesab edirəm ki, biz dünya miqyasına daha layiqli bir bədii filmlər çıxara bilərik. Bilirsiniz, yəhudilərin İkinci Dünya müharibəsi zamanı üzləşdikləri soyqırım aktına həsr olunmuş çoxlu kitablar, ədəbiyyatlar, əsərlər var. Bunların bir çoxunu şəxsən mən özüm də oxumuşam. Ancaq mənə ən çox təsir edən "Şindlerin siyahısı" və "Pianoçu" filmləridir. Bu filmlər o qədər təsirli, professional çəkilib ki, adam filmdəki hadisələrə heç cür sakit, soyuqqanlı yanaşa bilmir. Orada baş verənləri, yaşananları adam bir anlıq da olsa, özündə hiss edir. Bu baxımdan, elə bilirəm ki, təkcə dünya miqyasına çıxarmaq üçün yox, elə daxili ideoloji təbliğatımızda yararlanmaq üçün məhz belə bədii və sənədli filmlər çəkilməlidir. Bu məsələnin vaxtı, zamanı çoxdan yetişib.

Digər xəbərlər