PDF Oxu

Xəbərlər

  • 4

Elmi praktik konfrans keçirilir

Elmi praktik konfrans keçirilir
Azərbaycanda Türk Kardioloqlar Dərnəyi və Azərbaycan Kardiovaskulyar Cərrahlar Assosiasiyasının təşkilatçılığı ilə "İnvaziv kardiologiya və exokardioqrafiya kursları" mövzusunda elmi praktik konfrans keçirilir. Konfransda Türk Dünyası Kardioloqlar Birliyinin üzvü olan 250-yə yaxın kardioloq iştirak edir.
Azərbaycan Kardiovaskulyar Cərrahlar Assosiasiyasının sədri Rəşad Mahmudov bildirmişdir ki, Azərbaycanda səhiyyə sahəsi sürətli inkişaf yolundadır. Son illər paytaxtda və regionlarda yeni tibb ocaqları istifadəyə verilmiş, onlar müasir texnoloji avadanlıqla təchiz olunmuşdur.
Kardioloq onu da qeyd etmişdir ki, konfransın məqsədi xarici ölkələrin tibb mütəxəssisləri ilə elmi bilik və təcrübə mübadiləsinin aparılması, tibb sahəsi üzrə yeniliklərin öyrənilməsi və Azərbaycanda tətbiq edilməsidir. Konfrans Azərbaycan səhiyyəsinin zəngin potensialının əyani nümayiş etdirilməsi baxımından da əhəmiyyətlidir. Konfrans iştirakçıları, ilk dəfə olaraq, canlı bağlantı ilə yerli və xarici mütəxəssislər tərəfindən ürəkdə aparılan cərrahiyyə əməliyyatlarını müşahidə edə biləcəklər. Regional mərkəzlərdə bu üsulla aparılan əməliyyatlar paytaxtdakı mütəxəssislərin nəzarəti ilə həyata keçiriləcəkdir.
Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç Azərbaycanda səhiyyənin inkişaf etdiyi bir dövrdə bu konfransın keçirilməsinin çox əhəmiyyətli olduğunu bildirmişdir. Səfir Türkiyənin Azərbaycanla hər sahədə öz təcrübəsini bölüşməyə hazır olduğunu vurğulayıb.
Tədbirdə məlumat verilmişdir ki, konfransın ilk iki günü invaziv kardiologiya sahəsinə həsr olunacaqdır. Mütəxəssislər tərəfindən anadangəlmə ürək qüsurlarının qapalı üsulla cərrahiyyəsiz korreksiyası əməliyyatları aparılacaqdır.
Konfrans iştirakçıları əməliyyatları canlı bağlantı ilə müşahidə edəcəklər.
Heydər Əliyev Fondunun dəstəyi ilə yüksək səviyyədə təşkil olunmuş texniki təchizat konfrans iştirakçılarının prosedurlar zamanı on-layn rejimində müzakirələrə qoşulmasına imkan yaradır.
Konfransın son iki günündə isə exokardioqrafiya sahəsinə həsr edilmiş xüsusi kursların keçirilməsi nəzərdə tutulur. Tibbi təhsilin davamlılığı ideyasına əsaslanan kurslarda müxtəlif mövzular müzakirə ediləcəkdir. Kurslar başa çatdıqdan sonra iştirakçılara sertifikatlar veriləcəkdir.
Konfrans noyabrın 24-dək davam edəcəkdir.

Digər xəbərlər