Yeni Azərbaycan Partiyası daim inkişafda olan partiyadır
YAP-ın 17-ci ildönümü ilə əlaqədar keçirdikləri tədbiri giriş sözü ilə açan Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov YAP-ın yaranma tarixindən, keçdiyi inkişaf yolundan bəhs etdi.
Vurğuladı ki, bugünün uğurları Ulu Öndər Heydər Əliyevin "YAP dünənin, bugünün, gələcəyin partiyasıdır" fikrinin həqiqət olduğunu təsdiqləyir. R.Tatarov partiyanın sıralarının kəmiyyət və keyfiyyət baxımından təkmilləşdirilməsini Heydər Əliyev ideyalarına sədaqətin, həyata keçirilən siyasətin gələcəyinə inamın bariz nümunəsi kimi qeyd etdi. "Bizim partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsidir. ... Bu, nəinki Azərbaycanda, eyni zamanda, bölgədə çox böyük siyasi qüvvədir. Partiyamızın bütün proseslərə təsir imkanları çox genişdir və bu imkanlar getdikcə daha da artır."
Prezident İlham Əliyevin bu fikirlərini önə çəkən R.Tatarov qeyd etdi ki, ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan Yeni Azərbaycan Partiyasının ölkəmizdə keçirilən bütün seçkilərdən uğurla çıxmasını şərtləndirən ən başlıca amillərdən biri də onun ümumxalq partiyası olmasıdır. YAP yarandığı gündən fəaliyyətini Azərbaycan dövlətinin möhkəmlənməsinə, çiçəklənməsinə, daha da qüdrətlənməsinə yönəltdi.
YAP Ağstafa rayon təşkilatının sədri onu da bildirdi ki, YAP gəncləşən partiyadır. Partiyanın sıralarında birləşən 500 mindən artıq üzvün 190 mini gənclərdir. Azərbaycan gəncləri dövlətin həyata keçirdiyi siyasəti dəstəkləyir, cənab İlham Əliyevin ətrafında sıx birləşir: "Keşməkeşli bir yol keçməsinə baxmayaraq, partiya 17 il müddətində getdikcə xalqın ümid etdiyi partiyaya çevrildi. Bu gün Yeni Azərbaycan Partiyasını heç bir partiya ilə müqayisə etmək olmaz. Çünki Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır. Müstəqilliyimizin və xalqımızın qarantı olan bir partiyadır. Ümummilli Liderimiz Heydər Əliyevin fikrinə istinadən "Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir." Bu gün Yeni Azərbaycan Partiyası dövlətimizin, xalqımızın azadlığını, müstəqilliyini, istiqlaliyyətini həmişə qoruyub."
Tədbirdə YAP Ağstafa rayon təşkilatının qadınlar şurasının sədri Niyasət Bəhramova, YAP Ağstafa rayon təşkilatının gənclər birliyinin sədri Nadir Hüseynov, rayon təşkilatının şura üzvləri İlham İbrahimov, Ərəş Pənahov və başqaları çıxış edərək, bildirdilər ki, ölkə Prezidenti İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarından irəli gələn vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi nəticəsində yüz minə yaxın yeni iş yerləri yaradılıb, yoxsulluq həddi 14 faizə enib. Yeni məktəblər, səhiyyə ocaqları tikilir, infrastruktur yeniləşdirilir. Dövlətin həyata keçirdiyi iqtisadi siyasətin əsasında əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması dayanır. İqtisadi uğurlar, ölkə əhalisinin Prezidentinə etimadı xalq-iqtidar birliyini daha da möhkəmləndirir.
Tədbirin sonunda bir qrup partiya veteranlarına qiymətli hədiyyələr təqdim edildi.