PDF Oxu

Xəbərlər

  • 14

Bələdiyyə seçkiləri: YAP-la müxalifətin fərqi

Bələdiyyə seçkiləri: YAP-la müxalifətin fərqi
Məlum olduğu kimi, dekabrın 23-də Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək. Bələdiyyə seçkiləri yaxınlaşdıqca partiyaların fəaliyyətində canlanma müşahidə edilir. Hazırda bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi və qeydə alınması başa çatıb. Artıq 1718 bələdiyyə üzrə 15682 bələdiyyə üzvü yerinə 28 minə yaxın şəxsin namizədliyi təsdiq edilib. Bəs siyasi partiyaların seçkilərə hazırlıq işi necə gedir? Bu yazıda bu məsələyə aydınlıq gətirməyə çalışacağıq.
Bu ilki bələdiyyə seçkilərində ən çox namizədlə hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsil olunacaq. Partiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, seçkidə partiya şəklində qatılmaq barədə qərar verən YAP namizədləri əngəllərlə üzləşməyib.
YAP-ın ölkə üzrə bütün bələdiyyələrə namizədləri var. Partiyadan "Səs"ə verilən məlumata görə, bu seçkilərdə namizədliyi iurəli sürülən şəxslərin arasında gənclər üstünlük təşkil edir. 1993-cü ildən bəri ölkədə keçirilən bütün seçkilərdə iştirak edən və qalib gələn YAP Azərbaycan xalqının ümid yerinə çevrilib və onun etimadını doğruldub. Partiyanın fəaliyyətində gənclərin də özünəməxsus rolu var. Bu gün YAP üzvlərinin 40 fazini təşkil edən gənclər Heydər Əliyev siyasətinin davamçılarıdır.
YAP-da hesab edirlər ki, partiya bu seçkilərdə də böyük üstünlüklə qalib gələcək. Partiyanın lideri, ölkə Prezidenti İlham Əliyevin uğurlu fəaliyyəti xalqın dəstəyini təmin edəcək.
Ötən dövrdə dövlət başçısının gərgin və şərəfli fəaliyyəti nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu daha da yüksəlib, ölkəmiz regionun lider dövlətinə çevrilib.
Həyata keçirilmiş məqsədyönlü siyasət, uğurla davam etdirilən sosial-iqtisadi islahatlar, möhkəm ictimai-siyasi sabitlik və sürətləndirilib, dinamik iqtisadi inkişaf həm gənclərimizin, həm də bütün xalqımızın xoşbəxt gələcəyə inamını daha da artırıb. Eyni zamanda Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılmış yüksək nailiyyətlər onu haqlı olaraq xalqımızın qürur mənbəyinə və uğur simvoluna çevirib.
Ümid partiyasının sədri İqbal Ağazadə isə, qarşıdan gələn bələdiyyə seçkilərinə münasibət bildirərkən deyib ki, "Bu gün namizədlər siyahısına baxanda Ümid Partiyasının apardığı təbliğat çox yüksək səviyyədə olmasa da, Azərbaycanı tam şəkildə əhatə etməsək də, partiya kimi əzı azı 900 subyektdə iştirak edəcəyik. Bu da 3 mindən artıq namizədin seçki marafonuna qatılması ilə nəticələnəcək. Hesab edirəm ki, bu sayda ikinci bir müxalifət partiyası seçkidə olmayacaq. Hesab edirəm ki,bələdiyyə seçkilərində hakimiyyətin ən ciddi alternativi Ümid partiyası olacaq".
Azərbaycan Demokrat Partiyası (ADP) seçkiyə partiya olaraq qatılmasa da, üzvlərinə sərbəstlik verib. Partiya İdarə Heyətinin qərarına əsasən, istənilən ADP üzvü sərbəst şəkildə bələdiyyəyə seçkilərində iştirak edə bilər. ADP sədrinin müavini Rəşid Mənsurov deyir ki, namizədlərin qeydə alınması prosesində ciddi bir maneə ilə rastlaşmamışıq. Üzvlərimizə həm hüquqi, həm də sənədlərinin hazırlanması işində köməklik etmişik, bundan sonra da onların işinə dəstək verəcəyik".
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) qarşıdan gələn bələdiyyə seçkilərində partiya şəkilində iştirak etməməyə qərar verən partiyalardandır. AMİP mətbuat və təbliğat katibi Əli Orucovun sözlərinə görə, Seçki Məcəlləsində olan maneələri əsas tutaraq belə bir qərar veriblər: "Bildiyiniz kimi, seçkidə partiya şəklində iştirak üçün xeyli sayda sənədlər tələb olunur. Bunları bir araya gətirmək üçünsə kifayət qədər maliyə lazımdır. Bizdə isə maddi imkanlar bəllidir. Bu səbəbdən də qərara almışıq ki, üzvlərimiz fərdi şəkildə prosesə qatılsınlar".
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) Seçki Qərargahının rəhbəri Söhrab Abdullayev açıqlamasında 1000-ə yaxın namizədin irəli sürüldüyünü bildirib: "Bu sayda namizəd təxminən 700 bələdiyyə üzrə irəli sürüb. Eyni zamanda, üzvlərimiz arasında namizədliyini fərdi qaydada irəli sürənlər də var. Biz bu işə başlayanda 900 namizəd irəli sürəcəyimizi hədəfləmişdik. Artıq demək olar ki, qoyduğumuz hədəfə çatmışıq. Qurduğumuz plana uyğun olaraq işlərimiz davam edir".
Müsavat Partiyası da bələdiyyə seçkilərində partiya şəklində iştirak etməklə bağlı qərar qəbul edib. Partiya Mərkəzi İcra Aparatının sədri Arif Hacılı mətbuata verdiyi açıqlamada MSK-nin onlara sənədləşmə işində problem yaratdığını qeyd etmişdi.
Siyasi partiyaların seçki hazırlıqlarının normal getdiyi bir zamanda bəzi radikal müxalifətçilər tərəfindən seçkilərin saxtalaşdırılacağı haqda iddialar irəli sürülməsi radikalların hansısa yeni oyuna başlamaq niyyətində olduqlarını göstərir. Gülməlisi isə odur ki, bu adamlar hələ keçirilməmiş seçkinin demokratikliyini şübhə altına almağa çalışırlar. Belə bir analoq dünya təcrübəsində rast gəlinməyən hadisədir. Çünki seçkilər bitməmiş onun nəticələri barədə kimsə nəsə deyə bilməz.
Bəzi funksionerlər bildirirlər ki, bələdiyyə seçkiləri demokratik olamayacaq, ona görə də orada iştirak etmək lazım deyil. Guya müxalifət bu seçkinin nəticələrini tanımayacaq. Lakin, hansısa siyasi qüvvələrin seçkilərin nəticələrini tanıyıb-tanımamaları bütünlükdə xalqın seçkilərə münasibəti demək deyil. Xalq bir nəfər kimi gedib seçkilərdə iştirak edəcəksə, kimin nə mənəvi, siyasi, yaxud hüquqi haqqı olacaq desin ki, yox biz bu seçkilər tanımırıq.
Dəfələrlə qeyd olunub ki, müxalifət uğursuzluğunun kökünü başqa yerdə axtarmasın, son vaxtlar dəb halını almış "xalq günahkardır", "mübarizəyə hazır deyil" kimi deyimlərlə baş qatmasın. Düşərgənin uğursuzluğunun suçu siyasi arenanı tərk etmək istəməyən ənənəvi müxalifət liderlərinin özündədir. Artıq bu həqiqət düşərgənin öz daxilində dərk edilir və ara-sıra dilə gətirilir. Maraqlıdır ki, ənənəvi müxalifət liderlərinin tənqidi elə düşərgənin öz içindən, liderlərə yaxın şəxslər tərəfindən səslənir.
Siyasi dairələrdə diskussiya obyektinə çevrilən söhbətlərdən biri də növbəti seçkilərədək ortaya yeni qüvvələrin çıxması ilə bağlıdır. Amma iri partiyalar öz ətraflarında keçilməz sədd yaradaraq, kiçik partiyaları gündəmdən kənarda saxlamağa çalışırlar. İri partiya liderləri düşünür ki, biz bu boyda partiya ola-ola ətrafımızda cəmi 1-2 yüz adam var, o zaman 5-3 nəfərlik partiyalar bizim nəyimizə lazımdır?
Yeri gəlmişkən, dünən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev müxalifət təmsilçilərinin seçki prosesinə müdaxilələr və seçkidə iştirakdan imtina barədə fikirlərinə münasibət bildirərkən imzaların toplanması, təsdiqlənməsi dövründə bütün partiyalara eyni şəraitin yaradıldığını söyləyib: "YAP-a yaradılan şərait digər partiyalara da yaradılıb. Əsas problem odur ki, özlərini müxalifət adlandıran siyasi partiyaların sosial dayaqları tükənib".
R.Mehdiyev bildirib ki, müxalifət partiyaları müxtəlif aldadıcı tədbirlərlə nümayəndələrinin sayının artırmağa çalışıblar: "Məlum olurdu ki, bəzi seçki dairələrində adamların özlərinin xəbəri olmadan adlarını siyahılara daxil ediblər. Nəinki adları siyahıya salıblar, hətta adamların xəbəri olmadan onları partiyanın nümayəndəsi kimi təqdim ediblər. Həmin adamlar sənədlərini təqdim edəndə, onlardan hansı partiyanın nümayəndəsi olduqlarını soruşublar. Bəziləri heç bir partiyanın üzvü olmadıqlarını deyib, digərləri isə başqa-başqa partiyaların adını çəkib.
Yəni, həmin partiyalar tərəfindən verilən siyahıları təsdiq etməyiblər. Onlar belə aldadıcı variantlarla saylarını artırmaq istəyiblər. Yaxud qanunda göstərilib ki, vətəndaş bələdiyyəyə namizədliyini yaşadığı ərazidən verə bilər. Məsələn, Bakıda yaşayan adamın Gəncədə hansısa məntəqədə namizədliyini verməsi qanunauyğun deyil. Siyahıları yoxlayanda isə məlum olub ki, həmin adamlar həmin ərazidə yaşamırlar. Belə adamlar əlbəttə ki, qeydiyyatdan keçməyiblər. Məsələnin mahiyyəti bundan ibarətdir".
"Bizim məqsədimiz odur ki, Azərbaycanda həqiqətən də demokratik seçkilər keçirilsin"-, deyə PA rəhbəri vurğulayıb.
Beləliklə, ölkə müxalifətinin hansı durumda olduğu bir daha ortaya çıxır. Hazırki siyasi vəziyyəti və cəmiyyətdəki rəyləri nəzərə alsaq, möcüzə baş verərsə bələdiyyə seçkilərində müxalifət ümumilikdə maksimum 1 faiz səsə ümid edə bilər. Beləliklə də, növbəti fiaskoya uğrayan radikal müxalifət siyasi səhnədən tamam silinəcək və yeni konstruktiv müxalifət meydana çıxacaq.
Ümumiyyətlə, bələdiyyə seçkilərinə hazırlıq prosesindən görünür ki, müxalifət partiyalarından fərqli olaraq YAP bu seçkiyə daha ciddi yanaşır və yüksək səviyyədə hazırlaşır. Bu da onu deməyə əsas verir ki, müxalifət partiyaları hətta bələdiyyə seçkilərində azacıq belə uğur qazanacaqlarına inanmırlar. YAP həmişəki kimi bu seçkinin də aşkar favarotidir.

Digər xəbərlər