PDF Oxu

Xəbərlər

  • 8

Bələdiyyə seçkiləri kütləviliyinə görə başqa seçkilərdən fərqlidir

Bələdiyyə seçkiləri kütləviliyinə görə başqa seçkilərdən fərqlidir
Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bələdiyyə seçkilərinə seçicilərin münasibətinin digər seçkilərdən fərqli olması ilə bağlı açıqlamasında bildirdi ki, heç bir Azərbaycan vətəndaşı bu prosesdə kənarda qalmır: "Bildiyiniz kimi, bələdiyyə seçkilərinə maraq parlament və prezident seçkilərinə maraqdan nisbətən azdır. Bu, ilk növbədə, ondan irəli gəlir ki, Azərbaycanda hələ bələdiyyə institutu ictimai-siyasi, iqtisadi, ümumiyyətlə, ölkə həyatının tam bərabərhüquqlu üzvünə yeni-yeni çevrilir".
Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri onu da bildirdi ki, dünya ölkələrində bələdiyyələrin yaşı, təcrübəsi 50-100 illərlə ölçülür, Azərbaycanda bələdiyyələr isə hələ çox çalışmalıdır: "Onlar gərəkli bir orqan olduqlarını sübut etməlidirlər ki, insanlar öz həyatlarını bələdiyyəsiz təsəvvür etməsinlər. Ona görə də, açıq deyək ki, bələdiyyə seçkilərinə maraq digər seçkilərdən azdır. Buna baxmayaraq, demək lazımdır ki, bələdiyyə seçkiləri kütləviliyinə görə seçilir. Bələdiyyə seçkilərində namizədlərin sayı 50 minlərlə olur. Kütləviliyi nəzər alsaq, istər seçici, istərsə də namizəd baxımından heç bir Azərbaycan vətəndaşı bu prosesdən kənarda qalmır. Lakin bələdiyyə seçkilərinə marağı artırmaq üçün hələ çox çalışmalıyıq".
Ə.Həsənov Azərbaycanda iki bloggerin həbs olunmasına münasibət də bildirdi. O, həbsdən əvvəl və həbsdən sonra beynəlxalq təşkilatların Azərbaycanla bağlı bəyanatlarının və göndərdikləri məktubların qərəzli olduğunu diqqətə çatdırdı: "Azərbaycanda hər il onlarla xuliqanlıq maddəsi ilə həbs olunan şəxslər var, lakin maraqlıdır ki, beynəlxalq təşkilatlar məhz həmin maddə ilə həbs olunmuş bu iki gəncə münasibət bildirirlər".
Ə.Həsənov Azərbaycan qanunvericilyinə görə, hər kəsin qanun qarşısında bərabər olduğunu, cinayət törətmiş məsələlər şəxslər arasında fərq qoyulmadığını vurğuladı.
Daha sonra Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri məhkəmənin həbs qərarına münasibət bildirərək dedi ki, Azərbaycan məhkəmələri müstəqildir, onların fəaliyyətinə müdaxilə yolverilməzdir: "Azərbaycan hüquqi dövlətdir. Əgər kiminsə bu məhkəmənin qərarına etirazı varsa, və qərarı düzgün hesab etmirsə, bu etirazları Avropa Məhkəməsinə, İnsan Hüquqları Məhkəməsinə göndərə bilər".
Ə.Həsənov gələn il millət vəkili Aydın Həsənovun Azərbaycanda keçiriləcək parlament seçkilərinin təxirə salınması barədə Milli Məclisdəki çıxışına da münasibət bildirdi: "Bu gün nəinki Azərbaycan dövlətinin seçkilər keçirməyə pulu var, biz hətta başqa dövlətlərə seçki keçirmək üçün yardım etmək imkanına malikik. Azərbaycanda demokratik hakimiyyət bölgüsü, seçkilər, eləcə də, digər ümumrespublika tədbirləri müvafiq qrafikə uyğun olaraq həyata keçirilir: "Bunların təxirə salınmasından söhbət gecə bilməz. Belə məsələlərin qaldırılması cəfəngiyyatdır".

Digər xəbərlər