PDF Oxu

Xəbərlər

  • 7

Zaqataladakı Heydər Əliyev muzeyində YAP sıralarına yeni qəbul olunmuş gənclərlə görüş keçirilib

Zaqataladakı Heydər Əliyev muzeyində YAP sıralarına yeni qəbul olunmuş gənclərlə görüş keçirilib
Zaqatala şəhərindəki Heydər Əliyev muzeyində Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 17-ci ildönümü və muzeyin fəaliyyətə başlamasının bir illiyi münasibətilə gənclərlə görüş keçirilib. Tədbir iştirakçıları əvvəlcə muzeyin ekspozisiyası ilə tanış olublar. Sonra ümummilli lider Heydər Əliyevə həsr olunmuş film nümayiş etdirilib.
YAP Zaqatala rayon təşkilatının sədri Habil Qurbanovun "Yeni Azərbaycan Partiyası Azərbaycanın bu gününə və gələcəyinə xidmət edən partiyadır" mövzusunda məruzəsi dinlənilib. Natiq bildirib ki, bu partiya Azərbaycan tarixinin son dərəcə ağır və kəşməkəşli günlərində, ölkəmizin ciddi sınaqlara məruz qaldığı bir dövrdə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında yaradılıb və təşkilat sıralarında vətənpərvər insanları birləşdirib. YAP görkəmli dövlət xadimi və əvəzedilməz lider Heydər Əliyevin əbədiyaşar abidəsi, müstəqil Azərbaycan dövləti isə onun şah əsəridir.
Heydər Əliyev muzeyinin bir illik fəaliyyəti barədə məlumat verən muzeyin direktoru Könül Abdulova 2008-ci il sentyabrın 19-da Prezident İlham Əliyevin bilavasitə iştirakı ilə açılan mədəniyyət ocağında ötən dövr ərzində ulu öndərin həyat və fəaliyyətinin, zəngin irsinin öyrənilməsi və təbliği sahəsində bir sıra tədbirlərin həyata keçirildiyini, uşaq və gənclərin muzeyə çoxsaylı ekskursiyalarının təşkil edildiyini bildirib. Azərbaycan Müəllimlər İnstitutu Zaqatala filialının direktoru Tovuz Eminli "Yeni Azərbaycan Partiyası gənclərin ilhamvericisi və gələcəyimizin qarantıdır" mövzusunda məruzə edib. Vurğulayıb ki, filialda təhsil alan tələbələrin böyük əksəriyyəti, yəni 350 nəfəri YAP-ın üzvüdür. Bu, gənclərin partiyaya olan dərin inam və məhəbbətinin, Heydər Əliyev ideyalarına sədaqətinin bariz nümunəsidir.
Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə YAP sıralarına yeni daxil olan gəncləri əlamətdar tarixi gün münasibətilə təbrik edib, onlara təhsildə və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, qədirbilən xalqımız müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu olan ümummilli liderimiz Heydər Əliyevin xidmətlərini heç vaxt unutmayacaq, ulu öndərin əziz xatirəsini qəlblərində əbədi yaşadacaqdır.
Tədbirin sonunda filialın YAP sıralarına yeni qəbul olunmuş 91 nəfərinə vəsiqələr təqdim edilib.

Digər xəbərlər