PDF Oxu

Xəbərlər

  • 11

YAP Qadınlar Şurası bölgələrdə

YAP Qadınlar Şurası bölgələrdə

Cari il dekabrın 23-də ölkədə keçiriləcək bələdiyyə seçkilərinə respublikamızın bütün regionlarında ciddi hazırlıq işləri davam edir. İqtidar partiyası olan Yeni Azərbaycan Partiyasının bu istiqamətdə apardığı işlər daha diqqətəlayiqdir. Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının respublikamızın bölgələrində bələdiyyə seçkiləri ilə bağlı tədbirlərin keçirilməsi, bir daha onu göstərir ki, həmişə olduğu kimi, bu seçkidə də, YAP qələbə qazanacaq. Keçirilən tədbirlərlə bağlı N.Əliyeva bildirdi ki, məqsəd bələdiyyə seçkiləri ilə əlaqədar partiyanı təmsil edən qadınlarla görüşüb, müzakirələr aparmaqdır: "Eyni zamanda, seçkilərlə yanaşı, şuranın ümumilikdə gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, qarşıda duran vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılır. Artıq bir sıra bölgələrdə tədbirlərimizi keçirmişik. Belə ki, görüşlər mərkəzi aran, cənub bölgələrini və başqa rayonları əhatə edir. Noyabrın sonlarına qədər bu tədbirlərimiz davam etdiriləcək. Qeyd etmək istəyirəm ki, görüşlər çox səmərəli keçir. Bizi sevindirən cəhət odur ki, ucqar rayonların qadınları ölkədəki ictimai-siyasi prosesləri diqqətlə izləyir və öz mövqelərini ortaya qoyurlar".
YAP Qadınlar Şurasının sədri N.Əliyeva onu da bildirdi ki, bu gün ölkənin bütün bölgələrində böyük quruculuq işləri həyata keçirilir, rayonlar, kəndlər abadlaşır və yeni-yeni iş yerləri açılır: "Səfərlər zamanı bu deyilən faktların hər birinin şahidi oluruq. Qeyd edim ki, bu proseslərdə qadınlar daha fəal iştirak edirlər. Xüsusilə, görüşlər zamanı müxtəlif məsələlərlə bağlı qadınların müəyyən təkliflər irəli sürməsi bizi sevindirir. Bu, bir daha onu göstərir ki, bölgələrdə yaşayan qadınlarımız yüksək intellektə malikdirlər".
N.Əliyeva Azərbaycan qadınının ölkənin ictimai-siyasi proseslərində fəal iştirak etməsini, dövlət idarəçiliyində onların yüksək səviyyədə təmsil olunmasını müsbət hal kimi qiymətləndirdi. Onun sözlərinə görə, qadınların bələdiyyələrdə təmsil olunması günü tələbidir. Əlbəttə, bələdiyyələr daha çox əhalinin sosial məsələləri ilə məşğul olan qurumdur və qadınların yerli özünüidarəetmə orqanlarında təmsil olunması ana şəfqəti, ana diqqəti və ana ədalətini bu quruma gətirilməsi deməkdir: "Keçirdiyimiz görüşlərdən məlum oldu ki, ümumilikdə, partiyamız tərəfindən bələdiyyyə üzvlüyünə irəli sürülən namizədlərin 30-35 faizi qadınlardır. Görüşlərdə namizəd qadınlarla söhbət etdik və inanırıq ki, bu seçkilərdə qələbə qazanacaqlar, fəal və ədalətli olacaqlar".
YAP Qadınlar Şurasının sədri N.Əliyevanın sözlərinə görə, yeni nəslin vətənpərvər, tərbiyəli, savadlı böyüməsi qadınlarımızın səyi nəticəsində həyata keçirilir: "Bu gün, şükürlər olsun ki, qadınlarımıza dövlət qayğısı hər zaman göstərilib və bu gün də bu qayğı ilə əhatə olunurlar. Elə bunun nəticəsidir ki, bu istiqamətdə böyük nailiyyətlər əldə olunmaqdadır. Xüsusilə, müasir tələblərə cavab verən məktəblərimizin günbəgün artması, bir daha onu göstərir ki, gələcəyimiz olan gənclərimiz dövlət qayğısı nəticəsində ölkəmizin inkişafında daha fəal iştirak edəcəklər. Elə buna görədir ki, qadınlarımız öz fəaliyyətlərini cəmiyyətimizdən, dövlətimizdən əsirgəmirlər. Xüsusilə, Heydər Əliyev Fondunun fəaliyyəti və bu fondun həyata keçirdiyi uğurlu layihələr, onu deməyə əsas verir ki, qadınlarımız cəmiyyətin inkişafında həmişə uğurlu nailiyyətlərə nail olacaqlar. Böyük və çoxsahəli fəaliyyəti ilə Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSEESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva bütün qadınlara nümunə olmalıdır".

YAP Qax rayon
təşkilatı
bələdiyyə seçkilərinə
tam hazırdır

YAP Qax rayon təşkilatının sədri Nizami Əhmədov ölkədə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıqla bağlı "Səs" qəzetinə verdiyi açıqlamasında bildirdi ki, seçki prosesi məsuliyyətli olmaqla bərabər, həm də çətin bir işdir. Onun sözlərinə görə, seçki ölkədə siyasi, iqtisadi, sosial atmosferə təsir edə bilən siyasi prosesdir: "Bu çətinliklərə baxmayaraq, Yeni Azərbaycan Partiyası ölkədə keçirilən bütün seçkilərdə böyük siyasi qüvvə kimi dərin təcrübəyə, mükəmməl seçki texnologiyasına malik olub. Elə bunun nəticəsidir ki, YAP bu siyasi proseslərdə qələbə qazanıb".
112 saylı Qax seçki dairəsinin 54 məntəqəsində 38764 seçicinin 20 bələdiyyəyə partiya tərəfindən 182 namizədin verildiyini qeyd edən rayon təşkilatının sədri N.Əhmədov seçkilərdə fəal namizədlərin çoxluq təşkil edəcəyini vurğuladı: "Düşünürük ki, bu seçkilərdə ölkənin ictimai-siyasi həyatında daha fəal qadınlarımıza və gənclərimizə üstünlük veriləcək. İnanıram ki, rayon seçiciləri də partiyanın irəli sürdüyü namizədləri dəstəkləyəcəklər".
Müxalifətin "planlarına" toxunan YAP Qax rayon təşkilatının sədri onu da vurğuladı ki, sosial bazası, seçki texnologiyası, alternativ planlaşması olmayan müxalifət budəfəki seçkilərdə də məğlub olacaq. Siyasi fəaliyyət məqsəddən və bu məqsədi reallaşdırmaq üçün vasitələrdən, ideyalardan ibarətdirsə, demək müxalifət fəaliyyətsiz bir "çürük orqanizmdir". Çünki müxalifətin nə məqsədi, nə ideyaları, nə də fəaliyyəti nəzərə çarpır. Ona görə də, xalqın onlara inamı artıq sıfırdır.
YAP Qax rayon təşkilatı gənclər birliyinin sədri Nadir Muxtarin isə, gənclərin əvvəlki seçkilərdə olduğu kimi, bu siyasi kampaniyada da fəal olacağını söylədi: "Gənclər birliyinin əsas prinsiplərindən biri ondan ibarətdir ki, budəfəki bələdiyyə seçkilərində onların namizədliyinə üstünlük veriləcək. İnanırıq ki, rayonun seçiciləri də bunun reallaşması üçün məntəqələrə gələrək, gələcəyimiz olan gənclərin yerli özünüidarəetmə orqanlarında səmərəli fəaliyyət göstərməsi üçün zəmin yaradacaqlar. ".
YAP Qax rayon təşkilatı qadınlar şurasının sədri Şəkər Abdullayeva qadınların siyasi proseslərdə aktiv iştirak etdiyini bildirərək, rayon qadınlarının bu seçkilərdə də fəal olacaqlarına əminliyini bildirdi. Ş.Abdullayevanın sözlərinə görə, 3274 partiya üzvünün 51 faizinin qadınlar olduğunu qeyd edərək, qadınlara bu seçkilərdə daha geniş yer veriləcəyini vurğuladı: " Rayonumuzda seçici fəallığı, əlbəttə ki, qadınların da hesabına təmin olunur. Qadınlar şurasının əsas vəzifəsi odur ki, seçkilərdə daha çox qadınlar iştirak etsin, siyasi proseslərdən geri qalmasınlar. Ümidvaram ki, YAP Qax rayon təşkilatının irəli sürdüyü namizədlər, xüsusilə də, qadınlarımızın hər biri bu seçkilərdə qələbə qazanaraq, xalqın inamını doğruldacaqlar".

YAP Oğuz rayon təşkilatı bələdiyyə
üzvlüyünə 135
namizəd irəli sürüb

YAP Oğuz rayon təşktlatının sədri Saleh Məhərrəmov "Səs" qəzetinə verdiyi açıqlamasında bələdiyyə seçkilərinə hazırlıq işlərinin davam etdirildiyini bildirdi. Təşkilat sədrinin sözlərinə görə, Oğuz rayonun 23769 seçicisi 117 saylı Oğuz-Qəbələ Dairə Seçki Komissiyasının 36 seçki məntəqəsində 15 bələdiyyəyə 135 bələdiyyə üzvünün seçilməsində iştirak edəcək.
YAP Oğuz rayon təşkilatının sədri onu da qeyd etdi ki, yerli əhali tərəfindən dəstəklənən və hazırkı bələdiyyələrdə təmsil olunan YAP üzvlərinin namizədlikləri yenidən irəli sürüləcək. Bundan başqa göstərilən etimadı ötən 5 ildə doğrulda bilməyən bələdiyyələrə isə yeni namizədlər irəli sürüləcək. YAP Oğuz təşkilatının sözlərinə görə, YAP fəallarının vasitəsilə bugünədək yaşayış məntəqələrində rəy sorğuları keçirilib, ictimaiyyətin fikri öyrənilib. Bu sorğular zamanı yerli əhəmiyyətli sosial problemlər müəyyən edilib, indiki bələdiyyələrin ötən 5 illik fəaliyyəti təhlil edilib.
YAP Oğuz rayon təşkilatı qadınlar şurasının sədri Mariya Həsrətova ulu öndər Heydər Əliyev ideyalarına sadiq insanların Yeni Azərbaycan Partiyası ətrafında sıx birləşdiyini və bu partiyanın ölkənin ən güclü, nüfuzlu siyasi qüvvə olduğunu bildirdi: "Bu gün ölkəmizin böyük uğurlara nail olmasında ümummilli lider Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin xidmətlərini xüsusi vurğulamaq lazımdır. Ölkəmizdə demokratik, sivil cəmiyyət qurulmasında, aparılan nəhəng quruculuq işlərində qadınların rolunun durmadan artmaqdadır. Xüsusilə, Azərbaycan qadını istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə yaxından tanınmasında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın fəaliyyəti hər birimiz üçün nümunədir. Biz bununla fəxr etməliyik."
M.Həsrətova onu da vurğuladı ki, Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas fəaliyyəti hesab edən qadınlarımız mövqelərində sadiqdirlər, ictimai-siyasi prosesin fəal iştirakçısıdılar: "Ona görə də, qadınlarımızın bələdiyyələrdə təmsilçiliyi onların cəmiyyətdəki mövqeyinə adekvat deyil və qarşıdan gələn seçkilərdə onların fəallığın artırılması vacib məsələdir. Qeyd etmək istəyirəm ki, YAP Oğuz rayon təşkilatının 3 minə yaxın partiya üzvünün 1180 nəfərdən yuxarısını qadınlar təşkil edir. Seçkilərə qadın namizədlərinin irəli sürülməsi, bir daha onu göstərir ki, qadınlarımız yerli özünüidarəetmə orqanlarında da öz fəallıqlarını nümayiş etdirməlidirlər. İnanınıram ki, üçüncü bələdiyyə seçkilərində YAP qadınları seçicilər tərəfindən tam dəstəklənəcək və qalib gələcəklər."

Digər xəbərlər