Türkiyə Azərbaycanı yalnız dildə razı salmağa çalışır
Türkiyə-Ermənistan sərhədlərinin açılmasına qarşı artıq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi səviyyəsində öz etirazını bildirmişdir. Protokolların imzalanmasından sonra buna qarşı dövlət səviyyəsində etiraz bildirilib. Azərbaycan ictimaiyyətinin bu məsələ ilə bağlı narahatlığı təkcə hökumət səviyyəsində deyil, eyni zamanda, parlament səviyyəsində də hiss olunub. Millət vəkillərinin bu həftə Türkiyəyə səfər etməsi də bu narahatlığın bariz nümunəsi idi.
Azərbaycanlı millət vəkillərindən ibarət nümayəndə heyətinin Türkiyəyə səfərinin əsas məqsədi Türkiyə-Ermənistan protokollarının imzalanması və sərhədlərin açılmasına qarşı öz etirazını bildirmək, türkiyəli millət vəkilləri və dövlət xadimləri ilə müzakirələr aparmaqdan ibarət idi. Bu məqsədlə millət vəkilləri, ilk olaraq, Türkiyə parlamentinin nümayəndələri və baş nazir Rəcəb Tayyib Ərdoğan və AKP-dən olan millət vəkilləri ilə görüşlər keçirmiş, Azərbaycan tərəfinin narahatlığını onlara çatdırmışlar. Onlar Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasının ikitərəfli münasibətlərə göstərəcəyi təsir barədə fikir mübadiləsi aparmışlar. Əlbəttə ki, bu müzakirələrin mərkəzində bu proseslərin fonunda Dağlıq Qarabağ münaqişəsinin gedişatına hansı təsir göstərəcəyi məsələsi də dayanmışdır.
Türkiyə tərəfi ilə keçirilən görüşlər barədə danışarkən, onu qeyd etmək lazımdır ki, türklər həmişəki kimi, bu dəfə də Azərbaycanı razı salmağa və Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasının yalnız Azərbaycan torpaqlarının erməni işğalından azad olunmasından sonra baş tutacağına inandırmağa çalışıblar. Əlbəttə ki, bu sözlər protokollar imzalanmamışdan qabaq da deyilirdi. Lakin buna baxmayaraq protokollar imzalandı. İndi də Türkiyə rəhbərliyi bu protokolların parlamentdən keçməyəcəyinə inamını itirməməklə bizi də arxayın salmağa çalışır. Əlbəttə, protokolların parlamentdə ratifikasiya olunmaması da inandırıcı görünmür. Çünki parlamentdə çoxluq təşkil edən partiya məhz bu protokolları imzalayan dövlətin hakim partiyasının nümayəndələridir ki, oneların da buna qarşı çıxmaları inandırıcı görünmür. Yalnız parlamentdə təmsil olunan müxalifət partiyalarının nümayəndələri məsələyə etirazlarını bildirməklə buna qarşı parlamentdə də öz mövqelərini bildirməkdən çəkinməyəcəklərini daim vurğulayırlar. Yeri gəlmişkən, azərbaycanlı millət vəkilləri Türkiyədə müxalifət nümayəndələri ilə də görüşlər keçirmiş, müzakirələr aparmışlar. Türkiyə müxalifətinin liderləri də Azərbaycanın Türkiyə üçün oynadığı böyük roldan danışaraq onun Türkiyə üçün böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.
Ümumiyyətlə, Azərbaycan nümayəndə heyətinin keçirdiyi görüşlərdən belə nəticə çıxarmaq olar ki, Türkiyə öz mövqeyini yalnız şifahi şəkildə bildirməklə Azərbaycana qarşı heç bir xəyanətə əl atmayacaqlarını nəzərə çatdırıblar. Onlar bunu yalnız dildə deməklə məşğuldurlar. Digər tərəfdən isə, öz siyasətlərini yeritməkdə davam edirlər. Sanki gözdən pərdə asmaq məqsədi güdürlər.
Qeyd edək ki, protokolların ratifikasiya edilməsi üçün parlamentə təqdim edilməsi oktyabrın 21-də baş tutuacaq. Bununla yanaşı, Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun Azərbaycana səfər etməsi gözlənilir.