PDF Oxu

Xəbərlər

  • 17

Yeni Azərbaycan Partiyası xalqın mənafeyini ifadə edir

Yeni Azərbaycan Partiyası xalqın mənafeyini ifadə edir
Ölkəmizdə növbəti seçkilərə - 2009-cu ilin dekabrında keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işləri aparılır. Bu münasibətlə Yeni Azərbaycan Partiyası rayon təşkilatları da, həmişə olduğu kimi, növbəti bələdiyyə seçkilərində fəal iştirak etmək və qalib gəlmək üçün ciddi hazırlıq işləri görürlər.
YAP Zərdab rayon təşkilatının sədri Tofiq Zeynalov söhbət əsnasında bildirdi ki, 2008-ci il Azərbaycan xalqı üçün əlamətdar bir il kimi yadda qalacaq. Çünki 2008-ci il avqustun 2-də Yeni Azərbaycan Partiyasının IV qurultayı keçirildi və həmin gün bütün ictimaiyyətin arzusunu ümumiləşdirən tarixi bir qərar qəbul edildi. Qurultayda 2008-ci ilin oktyabrında keçirilən prezident seçkilərində xalqımızın sabahının və gələcəyinin qarantı olan Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin namizədliyinin irəli sürülməsi ilə bağlı qərarın qəbul olunması idi. Bu qərar bütün Yeni Azərbaycan Partiyasının üzvlərini, eyni zamanda, Azərbaycan ictimaiyyətinin sevincinə səbəb oldu. Çünki xalqımız Yeni Azərbaycan Partiyasının ölkəmizdə gedən qlobal inkişafın ön sıralarında addımladığının şahididir. Cəmiyyətin avanqardı olan Yeni Azərbaycan Partiyasının qəbul etdiyi tarixi qərar yüksək əhval-ruhiyyə, xoş təəssürat içərisində olan xalqımızın arzusunu həyata keçirdi. Belə ki, 2008-ci il oktyabrın 15-də keçirilən prezident seçkilərində qurultay nümayəndələri, ümumilikdə, bütün Azərbaycan ictimaiyyəti ümummilli liderimiz Heydər Əliyev ideyalarına sədaqətlərini, Onun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevə səs verməklə öz diqqət və qayğılarını bir daha nümayiş etdirdilər. Məhz bu düzgün addımın nəticəsidir ki, ölkə Prezidenti İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir ki, Azərbaycan inkişaf etmiş ölkələr sırasında dayanır. Regionlarda aparılan sosial-iqtisadi inkişafın surətlənməsi, yoxsulluğun səviyyəsinin 40 faizdən 14 faizə endirilməsi 800 minə yaxın yeni iş yerinin açılması, məhz dövlət başçısının uğurlu siyasətinin nəticəsidir. Qazanılan nailiyyətlərin əsasında bu gün ölkəmizin iqtisadi qüdrətinin artması maliyyə imkanlarının genişlənməsi dayanır. Bu da əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan düşünülmüş və məqsədyönlü siyasətin bəhrəsidir.
YAP Zərdab rayon təşkilatının sədri ökəmizdə 2009-cu ildə keçiriləcək bələdiyyə seçkilərində məhz demokratiyanın prinsiplərinə uyğun baş tutacağını vurğuladı. Bu qurumun - bələdiyyənin fəaliyyətinin az müddət olduğunu qeyd edərək, bildirdi ki, bu gün xalqımız bu seçkilərə də böyük fəallıqla qoşulurlar. T.Zeynalov YAP Mərkəzi Aparatından göndərilən Fəaliyyət Proqramına müvafiq olaraq təşkilatın Fəaliyyət Proqramının hazırlandığını, 15 nəfərdən ibarət yaradılmış qərargah üzləri arasında iş bölgüsü aparıldığını, 53 nəfərdən ibarət isə müşahidəçi müəyyən edildiyini bildirdi: "Artıq hamının konkret vəzifələri müəyyənləşdirilib. Onu da bildirim ki, hal-hazırda 36992 seçici qeydiyyata alınıb. Lakin bu, heç də dəqiq rəqəm deyil. Çünki seçicilərin siyahıları daim dəqiqləşdirilir. Eyni zamanda, seçkinin yüksək səviyyədə keçməsi və qərargahın işini canlandırmaq məqsədilə lazımi texniki avadanlıqlar, inventarlar alınmışdır. Eyni zamanda, onu da deyim ki, zərdablılar 92 saylı Zərdab-Ucar Dairə Seçki Komissiyasının tərkibində olan 48 məntəqəsində 30 bələdiyyə və 262 bələdiyyə üzvünün seçilməsinə səs verəcəklər".
YAP Zərdab rayon təşkilatının sədri T.Zeynalov, xüsusilə, bələdiyyələrdə qadınların və gənclərin rolunun artırılmasına daha çox üstünlük veriləcəyini də vurğuladı. Qeyd etdi ki, ölkəniin ictimai-siyasi həyatında qadınlarımız və gənclərimiz həmişə irəlidə olublar. Çünki Azərbaycan qadını özünün ictimai-siyasi fəallığı, sədaqəti, ailəyə bağlılığı və fədakarlığı sayəsində bütün Şərq və Qərb dünyası üçün unikal inkişaf yolu keçibdir. Bu da, danılmaz həqiqətdir ki, ölkəmizdə dövlət qadın siyasətinin təməl prinsiplərinin müəyyən edilməsi və dövlət siyasəti səviyyəsinə yüksəldilməsi, məhz ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğu danılmaz faktdır. Məhz bunun nəticəsidir ki, müasir dövrdə qadınlarımızın ölkə həyatında rolunu yüksək qiymətləndirən dövlət başçısı İlham Əliyev isə qeyd edib ki, cəmiyyət qarşısında öz məsuliyyətini bütün dərinliyi ilə dərk edən Azərbaycan qadınının bundan sonra da müstəqil dövlətimizin tərəqqisinə töhfələr verəcəyinə əminəm. Bu qələbəyə nail olmaq üçün müvafiq təşkilati və təbliğati tədbirlər görülür".
YAP Zərdab rayon təşkilatının sədri onu da vurğuladı ki, bu dəfə keçiriləcək seçkilərdə daha çox qadınlara və gənclərə üstünlük veriləcək. Çünki istər qadınlarımızın, istərsə də gənclərimizin ölkəmizdə əldə edilən böyük uğurlarda əməkləri çox olub. İnanıram ki, bu seçki də yüksək seçici fəallığı yekunlaşacaq və Yeni Azərbaycan Partiyasının irəli sürüləcəyi namizədlər zərdablılar tərəfindən dəstəklənəcəklər.
Bu mənada YAP Qax rayon təşkilatının sədri Nizami Əhmədov bizimlə söhbəti zamanı bildirdi ki, əvvəlki seçkilərdə olduğu kimi, qarşıdan gələn bələdiyyə seçkilərində də ciddi nəticələrin əldə edilməsi istiqamətində də vacib addımlar atılır. N.Əhmədov rayon ərazisində fəaliyyət göstərən 112 saylı Qax Dairə Seçki Komissiyasının 54 məntəqəsində hazırlıqla bağlı ciddi işlər görülüdüyünü qeyd edərək, rayon ərazisinin yerli özünüidarəetmə orqanlarının layiqli şəxslərin namizəd olması üçün artıq müəyyən məsləhətləşmələrin aparıldığını dedi. Rayon təşkilat sədri qarşıya çıxan hər bir məsələnin yerindəcə tam dolğunluğunun həlli üçün zəruri tədbirlərin görüldüyünü vurğuladı: "Yeni Azərbaycan Partiyasının Qax rayon təşkilatı, bütün seçkilərdə olduğu kimi, bu seçkilərdə də yüksək fəallıq nümayiş etdirməkdədirlər. 3274 nəfər partiya üzvünün rayon əhalisi ilə apardığı görüşlər deyilənləri bir daha təsdiqləyir. Belə ki, bu görüşlər zamanı 20 bələdiyyənin, 182 bələdiyyə üzvünün seçilməsi üçün 38314 seçicinin Yeni Azərbaycan Partiyasının irəli sürəcəyi namizədə səs verəcəyini bildiriblər."
"Seçki siyahılarının dəqiqləşdirilməsi və qarşıdan gələn bələdiyyə seçkilərinin də, digər seçkilər kimi, Qax rayonunda yüksək səviyyədə keçirilməsi üçün, demək olar ki, ən zəruri və xırda detallara əməl edilir" fikrini söyləyən N.Əhmədov bu seçkilərin də tam demokratik və şəffaf formada keçiriləcəyinə əminliyini ifadə etdi: "Müasir və güclü Azərbaycan dövlətinin əsas qayəsi olan vətəndaşların hüquq və azadlıqlarının geniş aspektdə təbliği ilə bağlı yetərli olaraq addımlar atılıb. Seçki Məcəlləsinin təkmilləşdirilməsi və bununla bağlı ölkə Prezidentinin verdiyi sərəncamlar dediklərimizə əsas sübutdur. Bu gün məhz bu baxımdan da, Seçki Məcəlləsi ölkəmizdə daha geniş anlamda və yüksək səviyyədə təbliğ olunmaqdadır. Əhali arasında hüquqi maarifləndirmə prosesi Avropa tələblərinin ictimai miqyasda qavranılması baxımından önəmlidir. Seçki Məcəlləsinin təkmilləşdirilməsinin nəticəsidir ki, ölkəmizdə seçkilər ədalətli, demokratik və şəffaf şəkildə keçirilir. Respublikamızın bütün regionlarında olduğu kimi, YAP Qax rayon təşkilatının üzvləri bu seçkilərdə böyük fəallıq nümayiş etdirməklə, demokratik qanunların dolğun şəkildə ictimaiyyətə çatdırılmasında və təbliğində fəaliyyətlərini genişləndirirlər. Onlar başa düşürlər ki, qarşıdakı bələdiyyə seçkiləri yerli özünüidarəetmə sisteminin formalaşması ilə yanaşı, demokratik seçki texnologiyasının bərqərar olması üçün də önəmli mərhələdir."
"Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan demokratik dəyərlər günü-gündən daha da inkişaf etdirilir və ümummilli liderimizin müəyyənləşdirdiyi milli strategiya bu gün Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin böyük səyi və bacarığı nəticəsində daha geniş aspektdə müsbət şəkildə görünməkdədir" fikrini söyləyən YAP Qax rayon təşkilatının sədri N.Əhmədov Azərbaycana sivil dəyərlərin gətirildiyini və inkişaf mərhələsinin başlanıldığını bildirdi. Qeyd etdi ki, bu gün bu istiqamətdə əldə olunan nəticələr və qarşıya qoyulan vəzifələr daha məqsədli formada yerinə yetirilir.
Yeni Azərbaycan Partiyasının ölkəmizin ictimai-siyasi həyatında olduqca böyük rolunun olduğunu vurğulayan N.Əhmədov xalqın artıq öz istək və arzularının bu təşkilat tərəfindən həyata keçirildiyini dedi: "Çünki Yeni Azərbaycan Partiyası ümummilli liderimiz Heydər Əliyevin yaratdığı partiyadır. Xalq-Heydər, Heydər-Xalq birliyi ümummilli liderimizin Azərbaycana ikinci siyasi hakimiyyətə qayıdışından sonra daha da möhkəmləndi. Bu birlik özünü Yeni Azərbaycan Partiyasının sıralarının artmasında və üzvlərinin 500 mindən çox olmasında bir daha göstərdi. Bu gün Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin ulu öndərimiz Heydər Əliyevin milli strategiyasının layiqli davamçısı kimi, Onun ətrafında daha sıx birləşir və bundan sonra da biləşəcəklər. Çünki bu gün Azərbaycan ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı işlərin aparılmasını daha da sürətləndirməkdədir. Bu baxımdan da, dağ rayonu olan Qaxda böyük quruculuq işləri aparılır. Bu isə xalqımızın, o cümlədən, Qax rayon seçicilərinin sabaha olan inamını artırır."
N.Əhmədov onu da bildirdi ki, YAP-ın apardığı hər bir iş sırf vətəndaş mövqeyinə əsaslanır. Qax rayonu ərazisində fəaliyyət göstərən seçki dairəsinin tərkibində olan 112 saylı Qax DSK-nin 54 məntqəsinin hər birində partiya üzvləri daha böyük fəallıq nümayiş etdirərək, cari ilin sonunda bələdiyyə seçkilərinin ədalətli, demokratik və şəffaf keçirilməsi üçün maarifləndirmə işləri aparırlar.
YAP Göyçay rayon təşkilatının sədri Ramiz İbrahimov söhbət əsnasında bildirdi ki, dövlətimizin və cəmiyyətimizin inkişaf təzahürlərini özündə ehtiva edən prinsiplərdən ən başlıcası hesab edilən seçki məsələsi dövlətimizin qarşısında dayanan ən ümdə vəzifələrdən hesab olunur. Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri R.İbrahimov Azərbaycanın seçki qanunvericiliyində mütəmadi olaraq aparılan təkamül nəzəriyyələri birbaşa vətəndaşların istək və arzularına uyğun olduğunu bildirdi. Onu da bildirdi ki, seçki məsələsinin həssaslıq və prinsipiallığını nəzərə alan dövlətimiz bu istiqamətdə zəruri olan məqamları yerinə yetirir: "Məlum olduğu kimi, qarşıdan yerli özünüidarəetmə orqanlarına seçkilər gəlir. İnanırıq ki, ölkəmizdə formalaşmış olan seçki ənənələri və seçki mədəniyyəti bu prosesin də şəffaflığının təmin edilməsinə imkan yaradacaq. Elə bu məqsədlə də təşkilatımız müəyyən işlər görür".
R.İbrahimov söhbət zamanı təşkilatın və şəhər əhalisinin bələdiyyələrə etimadının yüksək səviyyədə olduğunu bildirdi. Vurğuladı ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra Qərbə inteqrasiya yolunda və vətəndaş cəmiyyəti quruculuğunda bir sıra irəliləyişlər əldə edib: "Azərbaycanın Avropa Şurasına üzv olması, Avropa Birliyi ilə Fəaliyyət Planı imzalaması, Avropa Birliyinin Şərq Tərəfdaşlıq Proqramında iştirak etməsi, bir sıra beynəlxalq konvensiyalara, o cümlədən, Avropa İnsan Haqları Konvensiyasına qoşulması və s. buna misal ola bilər. Azərbaycanın Qərbə inteqrasiyasında prioritet məsələlərdən biri ədalətli və şəffaf seçkilərin keçirilməsidir. Avropa Birliyi ilə Azərbaycan arasında imzalanmış Fəaliyyət Planında müəyyən edilmiş on prioritet sahədən ikincisi "Beynəlxalq tələblərə cavab verən ədalətli və şəffaf seçki prosesi vasitəsilə ölkədə demokratiyanın gücləndirilməsi"nə aiddir".
R.İbrahimov YAP Göyçay rayon təşkilatının bələdiyyə seçkilərinə ciddi hazırlıq işlərinin aparıldığını qeyd etdi. Bildirdi ki, bu seçkilərdə YAP namizədlərinin geniş yer alması üçün bütün imkanlardan istifadə olunacaq: "88 saylı Göyçay və 89 saylı Göyçay-Ağdaş Dairə Seçki Komissiyasının tərkibində 72 seçki məntəqəsində 2600 seçici səs verəcək. Qeyd edim ki, Mərkəzi Qərargahın planına uyğun olaraq, 15 nəfərdən ibarət yerli təşkilatın seçki qərargahını yaratmışıq. Bu günlərdə seçicilərin siyahılarının dəqiqləşdirilməsi və yeni namizədlərin seçim prosesi gedir. Xalqa bacarıqla xidmət edən insanların namizədliyinin irəli sürülməsi və təbliğat kampaniyasını həyata keçirəcəyik. Bu münasibətlə qalibiyyət əldə etmək üçün yerli qərargahımıza daha savadlı və qabiliyyətli partiya üzvlərini cəlb etmişik. Ümidvarıq ki, apardığımız təşviqat işləri, o cümlədən, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət və bu siyasətə səs verəcək insanlar YAP-ın timsalında partiyamızın irəli sürdüyü namizədləri dəstəkləyəcəklər.

Digər xəbərlər