Neft Akademiyasında “Bilik günü” qeyd edildi
Azərbaycan Dövlət Neft Akademiyasının "Heydər Əliyev Muzeyində" "Bilik günü" münasibəti ilə yığıncaq keçirilmişdir. Birinci kurs tələbələri ilə keçirilən bu görüşü ADNA-nın rektoru, akademik Siyavuş Qarayev açaraq bu il 1493 nəfər abituriyentin bilik yarışında qalib gələrək Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olduğunu nəzərə çatdırdı.
Abituriyentlərin Neft Akademiyasını seçməsinin obyektiv səbəbləri olduğunu bildirən rektor qeyd etdi ki, əvvəla XXI əsr yüksək intellekt, dərin təfəkkür, mənəvi zənginlik və informasiya texnologiyaları əsri olacaqdır. Bu baxımdan, gənclərin strateji sahələr üzrə dünyəvi elmi biliklərə yiyələnmək əzmi təqdirəlayiqdir.
Nəhayət, gənclərin, peşə seçimində üstünlüyün Neft Akademiyasına vermələri, təhsil müəssisəmizin qədim və şanlı ənənələri ilə izah edilir.
Akademik S.Qarayev görkəmli dövlət xadimi Heydər Əliyevin iki il bu ali məktəbdə oxuduğunu, 30 ilə qədər SSRİ Neft Sənayesinə və Dövlət Plan Komitəsinə başçılıq etmiş həmyerlimiz Nikolay Baybakov, SSRİ Qaz Sənaye naziri, Sosialist Əmək Qəhrəmanı Sabit Orucov, Rusiyanın bir çox rayonlarında neft-qaz yataqlarını kəşf edən Sosialist Əmək Qəhrəmanı Fərman Salmanov, Hindistan neftinin atası sayılan, 3 dəfə SSRİ dövlət mükafatı laureatı Əyyub Tağıyev, kosmonovt Jolobov, Anqolanın prezidenti Duş Santuş "Lukoyl" şirkətinin prezidenti Vahid Ələkbərov, sovetlər ittifaqında kosmik uçuşlar üzrə dövlət komissiyasının sədri, general-leytenant, Sosialist Əməyi Qəhrəmanı Kərim Kərimov və yüzlərlə görkəmli dövlət və ictimai xadimlərin, alimlərin Neft Akademiyasını bitirdiyini vurğuladı.
Rektor fərəh hissi ilə bildirdi ki, Neft Akademiyasına daxil olan tələbələrin topladıqları balların sayı ildən-ilə artır. Bu il birinci qrup üzrə toplanan balların sayına görə tələbələr arasında liderlik səviyyəsinə ucalan abituriyentlər Rüstəmov Cavid Zöhrab oğlu 680 balla kimya texnologiya fakültəsinə, Cəfərov İsmayıl Amil oğlu 680 balla qaz-neft mədən fakültəsinə daxil olmuşlar. Bu rəqəm respublikanın ali məktəblərinə daxil olan tələbələrin topladıqları ən yüksək bal səviyyəsindədir.
Keçən illərdə olduğu kimi, bu il də "İqtisadiyyat, beynəlxalq iqtisadi münasibətlər və menecment" fakültəsinə abituriyentlər arasında maraq olduqca böyük olmuşdur. Bu fakültəyə daxil olanların 15 nəfəri 600-dən çox, 91 nəfəri 500-600 arasında bal toplamışlar.
"İstehsal proseslərinin avtomatlaşdırılması" fakültəsinə qəbul edilənlər arasında 600-dən çox bal toplayanların sayı 15 nəfər təşkil edir. Bu il Neft Akademiyasına qəbul olan tələbələrin 81 nəfəri 600-680 arasında, 280 nəfəri 500-600 arasında bal toplamışlar.
Rektor onu da nəzərə çatdırdı ki, hörmətli Prezidentimiz cənab İlham Əliyevin göstərişi ilə Neft Akademiyasının maddi-texniki bazası ildən-ilə möhkəmləndirilir, tələbələrin təhsili üçün əlverişli şərait yaradılır.
Akademik S.Qarayev bu il Neft Akademiyasına daxil olan tələbələrin respublikamızın bütün bölgələrini, iqtisadi rayonlarını və əhalinin çoxsaylı təbəqələrini əhatə etdiyini vurğuladı.
Çıxışının sonunda rektor bilik yarışında qalib gəlib tələbə adını qazanan tələbələri təbrik etdi, onlara uğurlar dilədi və ən çox arzularını bildirdi, ümidvar olduğunu bildirdi ki, tələbələr təhsil aldıqları müddətdə əzmkarlıq göstərəcək, yüksək bilik qazanacaq və peşəkar mühəndis kimi formalaşacaqlar.
Rektor qiymət kitabçalarını və tələbə biletlərini tələbələrə təqdim etdi.
Yığıncaqda yüksək bal toplayan tələbələrdə Cavid Rüstəmov, İsmayıl Səfərov, Adil Məmmədov, Səidə Baxışova, Yusif Muştaqov, Seymur Əkbərov, Əli Ələkbərli və başqaları çıxış edərək müəllimlərin və valideynlərin etimadını doğruldacaqlarına söz verdilər.
Valideynlər də çıxış edərək öz tövsiyələrini bildirdilər.