PDF Oxu

Xəbərlər

  • 19

HDİM Xaçmazda insan alveri sahəsində maarifləndirmə ilə bağlı seminar keçirib

HDİM Xaçmazda insan alveri sahəsində maarifləndirmə ilə bağlı seminar keçirib
Hüquqi və Demokratik İslahatlar Mərkəzi (HDİM) Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "İnsan alverinə qarşı ümummilli maarifləndirmə" adlı layihə çərçivəsində Xaçmaz rayonunda növbəti seminar keçirib. Xaçmaz rayonunun Heydər Əliyev adına Mədəniyyət Sarayında təşkil olunan tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, rayonun aktiv gəncləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan HDİM-nin sədri İlham Əliyev qeyd edib ki, Azərbaycanın regionlarında insan alveri ilə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi zəruri məsələdir. Onun sözlərinə görə, bu layihə cari ilin may ayından etibarən tətbiq olunmağa başlayıb və sözügedən layihə çərçivəsində əsasən unversitetlərdə və digər təhsil müəssisələrində mütəmadi olaraq maarifləndirmə tədbirləri təşkil olunur. "İnsan alveri qlobal bir problemə çevrilib və bununla mübarizə tədbirləri görülməsi vacibdir. İnsan alveri dünyada narkotika və silah alverindən sonra üçüncü yerdə durur" deyən İ.Əliyev, hər il müxtəlif ölkələrin sərhədlərindən insan alverinin qurbanı olan 800 minə qədər insan keçdiyini diqqətə çatdırıb. İ.Əliyev Türkiyə, Yunanıstan, Dominikan Respublikaları və Bosniyanın artıq insan alverilə mübarizə apara bilməyən ölkələr sırasından çıxarıldığını da vurğulayıb.
Daha sonra Xaçmaz rayon icra hakimiyyətinin baş məsləhətçisi Əzizağa Şirinov çıxış edərək insan alveri cinayətinin dünyada ən təhlükəli və mübarizə aparmaq məsələsində çətinlik yaradan cinayət olduğunu söyləyib. Qeyd edib ki, bu cinayətin aradan qaldırılması üçün Azərbaycan dövləti də bir sıra qərarlar verib, ölkə Prezidenti İlham Əliyev tərəfindən müvafiq proqramlar qəbul edilib. Ə.Şirinov Xaçmaz rayonunda köləliyin qalığı olan insan alveri ilə bağlı bir o qədər ciddi faktlara rastlaşmadığını bildirib. O, bu cür tədbirlərin Azərbaycanda çox az-az hallarda təşkil olunduğunu qeyd edib və buna görə HDİM-yə təşəkkürünü ifadə edib.
Tədbirdə Heydər Əliyev adına Mədəniyyət Sarayının direktoru Südabə Məhərrəmova da çıxış edib. O, vurğulayıb ki, maddi imkansızlıq və yoxsulluq halları insan alverinin qurbanına çevrilməyə əsas ola bilməz. Hər zaman azərbaycanlıların öz milli-mənəvi dəyərlərinə, əxlaqına bağlı olduğunu və bu prinsiplər əsasında yaşadığını qeyd edib. S.Məhərrəmova təkliflə çıxış edərək bildirib ki, insan alveri tacirlərinə qarşı daha sərt cəzaların verilməsi üçün Milli Məclis qanunlar qəbul etməlidir. Tədbirdə, həmçinin, rayonun ictimai fəallarından Aydın Məmmədov, Leyla Ələsgərova, Leyla Qonaqova, Vüqar Mirzəyev və s. çıxış edərək təəssüf hissi ilə vurğulayıblar ki, Avropada köləliyə 200 il bundan əvvəl son qoyulsa da, onun tör-töküntüləri insan alverinin timsalında hələ də davam etdirilir. Çıxış edənlər bu bölgədə insan alveri ilə bağlı mərkəzin yaradılmasını vacib sayıblar.

Digər xəbərlər