“Xalq diplomatiyası” münaqişənin həllinə necə kömək edə bilər?
Məlum olduğu kimi, "xalq diplomatiyası" çərçivəsində bir qrup ziyalı Azərbaycan və Ermənistanın Rusiyadakı səfirlərinin təşkilatçılığı ilə Dağlıq Qarabağa səfər etdilər. İndi isə bir qrup Azərbaycan jurnalisti Xankəndinə səfər etməyi planlaşdırır. Dağlıq Qarabağa bu cür səfərləri necə qiymətləndirirsiz və bu kimi səfərlər münaqişənin həllinə necə kömək edə bilərmi? Bu məsələyə aydınlıq gətirmək üçün politoloq Elşad Mirbəşiroğluna müraciət etdik.
- Bu, "xalq diplomatiyası" vasitəçiliyinin bir formasıdır. Yəni, burada söhbət ondan gedir ki, bizim ziyalılar və jurnalistlər səfər zamanı orada yaşayan ermənilərlə dialoq yaratsınlar və münaqişənin tezliklə həll olunmasına kömək etsinlər. Bildiyimiz kimi, bu yaxınlarda Ermənistan nümayəndələri Azərbaycana gəldi və Prezidentimiz həmin nümayəndə heyəti ilə görüş keçirdi. Eyni zamanda, Azərbaycan tərəfinin nümayəndə heyəti də Dağlıq Qarabağ məsələsi ilə bağlı Ermənistanda səfərdə oldular və Ermənistanın rəhbərliyi tərəfindən bizim nümayəndə heyəti qəbul edildi. Onlarla görüşlər keçirildi. Fikrimcə, belə görüşlərin keçirilməsi çox yaxşı haldır.
Ümümiyyətlə, bu, özü-özlüyündə müsbət bir təşəbbüsdür. Çünki biz heç kəsin köməkliyi olmadan bu məsələnin həlli ilə bağlı iş görürük. Yəni, birbaşa olaraq, nümayəndə heyətimiz düşmən tərəfinə gedərək, onların məqsədləri və maraqları haqqında, həmçinin, gələcək planları haqqında onlardan informasiya əldə edir və həmin informasiyanı bizə olduğu kimi çatdırır. Bu siyasi münaqişənin tənzimlənməsi prosesində qarşı tərəfin məqsəd və maraqları haqqında düzgün informasiyaya malik olmaq özü-özlüyündə münaqişənin tənzimlənməsində, gələcək addımların koordinasiya olunmasında çox müsbət haldır. Mən belə səfərlərin tez-tez olmasının tərəfdarıyam.