Məlum olduğu kimi, bu ilin payızında ölkəmizdə bələdiyyə seçkiləri keçiriləcək. Bununla əlaqədar olaraq, hakim Yeni Azərbaycan Partiyası seçkilərə ciddi hazırlaşır və bununla əlaqədar bölgələrdə zona müşavirələri keçirilir. Bundan əlavə, YAP rayon təşkilatları da keçiriləcək bələdiyyə seçkilərinə ciddi hazırlaşır. Bunu "Səs" qəzetinə müsahibələrində Yeni Azərbaycan Partiyası rayon təşkilatlarının sədrləri bildirdilər.
Bəhruzər Rüstəmov,
YAP Tovuz rayon təşkilatının sədri:
-Bildiyiniz kimi, bu ilin payızında ölkəmizdə bələdiyyə seçkiləri keçiriləcək. Bu seçkilər də Azərbaycan cəmiyyətinin siyasi həyatında mühüm hadisədir. YAP Tovuz rayon təşkilatı, bundan əvvəl respublikamızda keçirilən bütün seçkilərdə olduğu kimi, qarşıdan gələn seçkilərə də ciddi hazırlaşır. Məlumdur ki, Yeni Azərbaycan Partiyası dekabrda keçiriləcək seçkilərlə bağlı bölgələrdə zona müşavirələri keçirir və iyunun 26-da YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının iştirakı ilə Göygöl şəhərində 11 rayon təşkilatının sədrlərinin iştirak etdiyi zona müşavirəsi keçirildi. Qeyd etmək istəyirəm ki, YAP Mərkəzi Aparatının tapşırıq və tövsiyələrinə əsasən, partiyanın Tovuz rayon təşkilatı da hazırlıq işləri görür və təşkilati məsələləri həyata keçirir. Bu bir faktdır ki, ölkəmizdə bütün seçkilər uğurla keçirilib.
2008-ci ilin prezident seçkiləri, bu ilin martında keçirilən referendum demokratik, ədalətli, şəffaf şəkildə və xalqın iradəsinə uyğun şəkildə keçirilmiş və bu, beynəlxalq təşkilatlar tərəfindən də müsbət qiymətləndirilib. Təbii ki, bütün bunlar deməyə əsas verir ki, cari ilin dekabrında keçiriləcək bələdiyyə seçkiləri də ölkə vətəndaşlarının iradəsinə uyğun olaraq, keçiriləcək. Bir məsələni də qeyd edim ki, hakim Yeni Azərbaycan Partiyası ölkədə keçirilən bütün seçkilərdə müasir seçki texnologiyasından istifadə edir.
Tovuz rayonunda hazırda 62 bələdiyyə fəaliyyət göstərir və onlar birləşdirildikdən sonra 42 bələdiyyə qalacaq. Son bələdiyyə seçkilərində 375 bələdiyyə üzvündən 302 nəfərinin YAP üzvü olması onu göstərir ki, ölkə vətəndaşları hər zaman ümumilli liderimiz Heydər Əliyev ideyalarına sadiqdir və Onun uğurlu siyasətinə dəstək olurlar. Bundan başqa, qarşıdan gələn seçkilərlə əlaqədar olaraq, bizim fəaliyyət proqramımız, seçki şüarlarımız və eləcə də, seçki qərargahımız mövcuddur. Həmçinin, bir məsələni də vurğulayım ki, 2004-cü ildə yerli özünüidarə orqanlarına keçirilmiş seçkilərdə seçilən bələdiyyə sədrlərindən 6-sı qadındır. Biz çalışacağıq ki, qarşıdan gələn seçkilərdə qadınlara və fəal gənclərə də böyük yer verək. İnanıram ki, ötən seçkilərdə olduğu kimi, dekabr seçkilərində də YAP-ın namizədləri qələbə qazanacaqlar.
David İbrahimxəlilov,
YAP Qusar rayon təşkilatının sədri:
- Yerli özünüidarə orqanlarına dekabrda keçiriləcək seçkilərlə əlaqədar olaraq, YAP Mərkəzi Aparatının rayon təşkilatları üçün fəaliyyət proqramı var. Bu fəaliyyət proqramı 3 mərhələdən ibarətdir. Həmçinin, bildiyiniz kimi, bir neçə gün öncə YAP-ın şimal bölgəsi üzrə rayon təşkilatlarının zona müşavirəsi keçirildi. Bundan əlavə, avqustda YAP seçki qərargahının Qusar rayon təşkilatı fəaliyyətə başlayacaq. Hazırda Qusar rayonunda 68 bələdiyyə fəaliyyət göstərir və birləşdirmə aparıldıqdan sonra 29 bələdiyyə qalacaq. Bütün bələdiyyələr üzrə öz namizədlərimizi müəyyənləşdirəcəyik. Ümumiyyətlə, vurğulamaq istəyirəm ki, YAP-ın digər rayon təşkilatları kimi, Qusar rayon təşkilatı da seçkilərə ciddi hazırlaşır. Ölkəmizdə keçirilən bütün seçkilərdə - prezident, parlament və bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinin uğur qazanması, onu deməyə əsas verir ki, qarşıdan gələn bələdiyyə seçkilərində də bizim namizədlər qələbə qazanacaqlar. Çünki xalqımız ulu öndər Heydər Əliyevin qurduğu və hazırda Prezident İlham Əliyev cənablarının Sədri olduğu Yeni Azərbaycan Partiyasına və onun namizədlərinə inanır və hər zaman onlara dəstək olur.
Ramazan Muradov,
YAP Gədəbəy rayon təşkilatının sədri:
- Bələdiyyə seçkiləri ilə əlaqədar olaraq, YAP Mərkəzi Aparatının seçki qərargahının rayon şöbəsi yaradılıb və tərkibi 17 nəfərdən ibarətdir. Gədəbəy rayonunda hazırda 44 bələdiyyə fəaliyyət göstərir və büdcəsini formalaşdıra bilmədiyinə özünü doğrultmadığına görə 31 bələdiyyə qalacaq. Bu il ölkəmizdə keçiriləcək seçkilərdə də YAP öz namizədlərini dəstəkləyəcək. Həmçinin, onu da bildirim ki, qeyd olunan seçkilərdə qadınların da namizədliyi dəstəklənəcək. Bundan başqa, bizim də fəaliyyət proqramımız hazırlanıb. Yəni, biz harada seçicilərlə görüşlər keçirəcəyik, hansı tədbirləri görəcəyik və.s bunlar hamısı həmin proqramda öz əksini tapıb. Onu da qeyd edim ki, artıq indidən YAP Gədəbəy rayon təşkilatı bəzi namizədləri müəyyənləşdirib. Ötən bələdiyyə seçkilərində hansı rayon təşkilatı tərəfindən namizədliyi irəli sürülmüş şəxslər bu etimadı doğrultmayıb, o şəxslərin dekabr seçkilərində namizədliyi irəli sürülməyəcək. Yəni biz ən fəal YAP üzvlərinin namizədliyini irəli sürəcəyik.