Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının yeni inzibati binasının açılışı olub
Respublikamızın hər yerində 15 İyun Milli Qurtuluş Günü geniş qeyd olunur. Bu tarixi bayram günüdə YAP Qusar rayon təşkilatının yeni inzibati binasının açılış mərasimi Yeni Azərbaycan Partiyasının üzvlərinin, ümumiyyətlə, bütün qusarlıların sevincinə səbəb olub. Tədbiri giriş sözü ilə YAP Qusar rayon təşkilatının sədri David İbrahimxəlilov açaraq bildirib ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə tarixi qayıdışının ən möhtəşəm nəticəsi bugünkü Azərbaycan, onun sürətli inkişafı, hər bir kəsin həyatında baş verən müsbət dəyişikliklərdir.
Təbii ki, Azərbaycanın inkişafı, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolu ilə irəliləməsi cənab İlham Əliyevin rəhbərlik etdiyi YAP-ın da güclənməsinə, sıralarının artmasına, cəmiyyətdə mövqeyinin əhəmiyyətli dərəcədə möhkəmlənməsinə səbəb olub: "Bu gün partiyanın sıralarında 500 mindən artıq üzv birləşir. Partiyamız üçün əlamətdar tarixi günlərdə YAP Qusar rayon təşkilatının yeni inzibati binasının açılışı partiya üzvlərinə dövlətin diqqət və qayğısının bariz nümunəsidir. Yeni inzibati binanın inşasında zəhməti olan hər bir kəsə YAP Qusar rayon təşkilatı adından minnətdarlığımızı bildirirəm".
Tədbirdə YAP Sədrinin müavini, İcra katibi, millət vəkili Əli Əhmədov çıxış edərək rayon təşkilatının binasının açılışının tarixi bir gündə - 15 İyun Milli Qurtuluş Gününün 16 -cı ildönümünün qeyd olunduğu zamanda keçirildiyini bildirib. Ə.Əhmədov Milli Qurtuluş Gününün Azərbaycan xalqının tarixində çox mühüm hadisələrdən olduğunu qeyd edib. Natiq onu da vurğulayıb ki, qurtuluşdan başlanan inkişaf, tərəqqi bu gün daha da sürətlənib, ümummilli liderimiz Heydər Əliyev vurğulayıb ki, Azərbaycan demokratik iqtisadiyyat sahəsində başqa dövlət üçün nümunə olub. Xalqımız yeni həyatın başlanğıcını qoyan ulu öndərimiz Heydər Əliyevin ideyalarına sadiqdir, bu irsin öyrənilməsi və təbliği istiqamətində səylər göstərir.
Ə.Əhmədov Qurtuluş Gününün Azərbaycanın müstəqillik tarixində dönüş nöqtəsi olduğunu qeyd edərək bildirib ki, Azərbaycanın bu günü, prespektivi birbaşa ulu öndər Heydər Əliyevin qayıdışı ilə bağlıdır. Qurtuluş Günü olmasaydı bugünkü Azərbaycan olmayacaqdı. Müasir Azərbaycan Heydər Əliyevin adı ilə bağlıdır və bu, Onun yaratdığı əsərdir.
YAP-ın İcra katibi onu da bildirib ki, Azərbaycan yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə daim dünyanın diqqət mərkəzində olub. Bu gün həmin marağın daha da artdığının şahidiyik. Böyük enerji layihələrinin mərkəzinə çevrilən Azərbaycanın dünyada iqtisadi və siyasi mövqeyi möhkəmləndiyini deyən Ə.Əhmədov, bugünkü reallıqların əsas səbəbini açıqlayaraq, bildirib ki, bu ulu öndər Heydər Əliyevin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" fikrini bir daha təsdiqləyir. Belə ki, Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasətinin ölkə Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsinin nəticəsində iqtisadi cəhətdən qüdrətlənən Azərbaycan bütün sahələrdə böyük inkişafa, tərəqqiyə nail olub. Bugünkü Azərbaycan sürətlə yeniləşən, inkişaf edən, müasirləşən Azərbaycandır. Bu gün bu yol, bu inkişaf, bu tərəqqi Heydər Əliyevin 1993-cü ildə Azərbaycana qayıtması Qurtuluş məfkurəsinin Azərbaycanda əsasının qoyulması və Qurtuluşdan sonra başlanılan Heydər Əliyevin siyasətinin bilavasitə nəticəsidir. Heydər Əliyevin bu yolu, uğurlu siyasəti Onun layiqli davamçısı, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev layiqincə həyata keçirməkdədir.
YAP Sədrinin müavini Ə.Əhmədov bu günədək ölkədə keçirilən seçkilərdə YAP-ın uğurla çıxdığını önə çəkərək, bunu şərtləndirən amilləri diqqətə çatdırıb: "YAP nəinki Azərbaycanda, eyni zamanda, bölgədə çox böyük siyasi qüvvədir."
Tədbirdə Dövlət Neft Şirkətinin sosial inkişaf şöbəsinin müdiri Bədəl Bədəlov, Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasov, YAP Qusar rayon təşkilatının gənclər təşkilatının sədri Dilarə İsmayılova və b. çıxış edərək ulu öndər Heydər Əliyevin 15 iyunda Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ölkəni 1991-1993-cü illərin böhranından xilas etdi, bugünkü inkişafın, tərəqqinin əsasını qoydu. Azərbaycanın dövlət müstəqilliyini sarsılmaz, əbədi edən ümummilli lider Heydər Əliyev bildirirdi ki, müstəqilliyimiz tarixi nailiyyətimizdir. Bu gün qarşımızda duran əsas vəzifə onu qorumaq, daha da möhkəmləndirməkdir. Bu gün hər bir kəs ulu öndər Heydər Əliyevin ruhu qarşısında baş əyir, Ona ehtiramını bildirir.
Tədbir iştirakçıları onu da vurğuladılar ki, bu tarixi gün rayon üçün əlamətdar hadisədir. İştirakçılar ümummilli lider Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının cəmiyyətdə artan nüfuzundan danışıblar. Prezident İlham Əliyevin "YAP bölgənin aparıcı siyasi təşkilatına çevrilib" fikrini önə çəkən rayon sakinləri ölkəmizin bugünkü inkişafında, tərəqqisində hakim partiyanın böyük rolu olduğunu qeyd ediblər.
Sonda bir qrup partiya sıralarına yeni daxil olan gənclərə üzvlük vəsiqələri verilib.