Şimon Peresin Azərbaycana gəlməsi heç kimi narahat etməməlidir
Məlum olduğu kimi, İsrail prezidenti Şimon Peresin ölkəmizə ilk rəsmi səfəri gözlənilir. Artıq bu günlərdə səfərin vaxtı da açıqlanıb. İsrailin xarici işlər naziri Aviqdor Libermanın bildirdiyinə görə, Ş.Peresin ölkəmizə səfəri bu ayın 28-də reallaşacaq. "Azərbaycana böyük nümayəndə heyəti səfər edəcək, heyətə İsrail biznes dairələrinin də təmsilçiləri daxildir. Bu, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasını bir daha təsdiqləyir. Azərbaycanla İsrail arasında konstruktiv dialoq mövcuddur. Münasibətlərimizin daha da inkişafına və dərinləşməsinə ümid edirik" deyə A.Liberman qeyd edib. Eyni zamanda, qeyd edək ki, İsrail prezidentinin Azərbaycana səfəri hələ reallaşmamış onun ətrafında geniş qalmaqal və ajiotaj yaşanmaqdadır.
Qonşu İran dövlətinin bəzi rəsmiləri, o cümlədən, Azərbaycanda İrana yaxınlığı ilə seçilən dairələr, İsrail prezidentinin Azərbaycana gözlənilən səfərinin əleyhinə çıxmaqla yanaşı, ölkəmizin əleyhinə öz təhdidedici bəyanatlarını da səsləndirməkdədirlər. Bir müddət öncə İran silahlı qüvvələrinin baş qərargah rəisi Həsən Firuzabadi belə bir açıqlama ilə çıxış edib ki, Ş.Peresi Bakıya dəvət etməklə Azərbaycan müsəlmanlara qarşı xeyirxahlıq etmir və İranla münasibətlərə zərbə vurur. Bu günlərdə isə İranın başqa bir rəsmisi, xarici işlər naziri Mənuçöhr Möttəki Tehranda keçirdiyi mətbuat konfransında bildirib ki, İslam Respublikası ilə Azərbaycan öz aralarında yaxşı əlaqələrə malikdir və bu münasibətlərin gələcəyi də parlaqdır. "Bəzi narahatlıq doğuran addımlara baxmayaraq, biz Azərbaycanla strateji əlaqələri gücləndirmək niyyətindəyik. Ümid edirik ki, biz sionist rejim tərəfindən yaradılan problemləri və təhlükələri də dəf edəcəyik" deyən M.Möttəki də İsrail prezidentinin Azərbaycana nəzərdə tutulan səfərinin onlar tərəfindən müsbət qarşılanmadığını bəyan edib. Bu yerdə onu da xatırladaq ki, İsrail prezidentinin Azərbaycana gözlənilən ilk rəsmi səfəri ilə bağlı İran dövlətinin rəsmilərinin və bu ölkəyə Azərbaycanda yaxınlığı ilə seçilən bəzi dairələrin ittiham xarakterli təhdidləri Azərbaycan cəmiyyətində, onun ictimai-siyasi dairələrində birmənalı olaraq müsbət qarşılanmayıb və qarşılanmır.
Azərbaycan siyasiləri, ziyalıları həmin dairələrin məlum səfərlə bağlı ultimativ bəyanatlarının, təhdidlərinin yolverilməz olduğunu qeyd edirlər. Bəs görəsən, ölkə parlamentariləri Ş.Peresin Azərbaycana gözlənilən səfəri və bu səfər ətrafında İranın bəzi rəsmi şəxsləri tərəfindən yaradılan ajiotaj, qalmaqal, eyni zamanda, haqqında tez-tez söhbət açılan İsrail-Türkiyə-Azərbaycan hərbi birliyi, üçbucağı ideyası barədə nə düşünürlər?
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Gültəkin Hacıbəyli, məsələ ilə bağlı münasibət bildirərək, onu da vurğuladı ki, bu gün İsrail-Türkiyə-Azərbaycan hərbi birliyinin yaranmasına ehtiyac yoxdur. Daha doğrusu, buna hansısa bir zərurət də mövcud deyil. Komitə sədrinin müavini qeyd edib ki, Azərbaycan istənilən halda qardaş Türkiyə ilə, bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlıq edə bilər və əslində, bu əməkdaşlıq çox təbii olardı. Ancaq bununla belə, bu əməkdaşlığa hər hansı üçüncü bir qüvvənin də qoşulması, cəlb olunması bu gün real görünmür: "O ki qaldı İran rəsmilərinin Şimon Peresin Azərbaycana səfəri ilə bağlı verdiyi bəyanatlara, hesab edirəm ki, bunlar Azərbaycanın daxili işlərinə qarışmaqdır və müəyyən mənada İran rəhbərliyinin Azərbaycana yanaşmada ədalətsiz, qərəzli münasibətinin göstəricisidir. İsrail İranın bir kvadratmetr ərazisini belə işğal etməyib, İsrail İranın bir vətəndaşının belə qaçqına çevrilməsinə səbəb olan hərbi əməliyyatlar həyata keçirməyib, İsrail İranın bir vətəndaşının belə ölümünə səbəb olan hücum əməliyyatları təşkil etməyib. Bununla yanaşı, təcavüzkar, işğalçı Ermənistan Azərbaycan ərazilərini işğal edib, Ermənistanın işğalı nəticəsində Azərbaycanın 20 faiz ərazisi, demək olar ki, Azərbaycandan faktiki şəkildə ayrı düşüb. Azərbaycanda bir milyon qaçqın və məcburi köçkün var, bu insanlar bu günə qədər həm mənəvi, həm psixoloji, həm maddi, həm də sosial-iqtisadi problemlərlə üzləşirlər. Həmçinin, Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində Azərbaycan 30 min insanını şəhid verib və bu günə qədər də bu münaqişə öz həllini tapmayıb.
Ancaq İran dövləti din birliyinə baxmayaraq, qonşu müsəlman dövlətini işğal etmiş Ermənistanın prezidenti Serj Sarkisyanı bu ölkəyə dəvət edir, ona hərarətlə qucaq açır, onu çox sıcaq şəkildə qəbul edir, ən əziz qonağı kimi ağırlayır, qəbul edib yola salır. Eyni zamanda, İran prezidenti ilə keçirdikləri mətbuat konfransında da Ermənistan rəhbərliyi, Ermənistan prezidenti öz ərazi iddialarından əl çəkməyəcəklərini bəyan edir.
Bir faktı da əlavə olaraq, qeyd etmək istəyirəm ki, bu gün İran olmasaydı, Ermənistan faktiki olaraq, öz mövcudluğuna son qoyardı. Çünki indiki durumda Ermənistanın iqtisadiyyatını məhv olmaqdan qoruyan Rusiya ilə yanaşı ikinci dövlət məhz İrandır. Belə olan halda, daha doğrusu, Azərbaycan ərazilərini işğal etmiş Ermənistana, Ermənistan rəhbərliyinə qucaq açan, ona istər siyasi, istər iqtisadi cəhətdən dəstək göstərən İran rəhbərliyi, İranın bir qarış ərazisini belə işğal etməyən, Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyən İsrail dövlətinin rəhbərinin, prezidentinin Azərbaycana səfərinə nə üçün bu şəkildə qısqanclıqla yanaşmalıdır? Mən şəxsən burada heç bir məntiq görmürəm".
Millət vəkili hesab edir ki, bu, qonşu İran dövləti tərəfindən Azərbaycanın daxili işlərinə qarışmaqdır: "Biz bir dövlət olaraq heç zaman İranın daxili işlərinə qarışmamışıq və qarışmırıq. Biz hər zaman bu ölkəyə, onun ərazi bütövlüyünə hörmətlə yanaşırıq. Baxmayaraq ki, tarixən İranda - Güney Azərbaycanda 35 milyona yaxın Azərbaycan türkü yaşayır və yaşamaqdadır, ancaq bununla yanaşı, biz daim İranın suverenliyinə, ərazi bütövlüyünə sayğı ilə yanaşmışıq. Bunun müqabilində isə, çox təəssüflər olsun ki, İran vaxtaşırı olaraq ölkəmizə qarşı beynəlxalq hüquqa zidd olan davranışını sərgiləyib. Odur ki, mən İran rəhbərliyini öz din qardaşlarına, ən yaxın qonşularına qarşı daha ədalətli və qərəzsiz olmağa çağırıram".
Digər bir millət vəkili, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Qüdrət Həsənquliyev də İsrail prezidentinin Azərbaycana gözlənilən səfərini müsbət qiymətləndirdiyini, eyni zamanda, bu səfər ətrafında əsassız hay-küy, ajiotaj yaratmağa çalışan İran dövlətinin və onun rəsmilərinin, eləcə də, həmin dövlətə yaxınlığı ilə seçilən bəzi daxili qüvvələrin davranışlarının yolverilməz olduğunu söyləyib. Q.Həsənquliyevin bildirdiyinə görə, dünyada nüfuzu ilə seçilən İsrailin və onun prezidentinin Azərbaycana səfəri çox vacib və əhəmiyyətlidir. Millət vəkili hesab edir ki, bu səfər iki dövlət və xalq arasında əməkdaşlıq münasibətlərinin daha yüksələn xətt üzrə inkişaf etməsinə gətirib çıxara bilər və çıxaracaq: "Ancaq bununla belə, bu səfər ətrafında hay-küy salmağa cəhd edən qüvvələrin, xüsusilə, İran rəsmilərinin ultimativ xarakterli bəyanatları, təhdidləri də olduqca yolverilməz və qəbuledilməzdir. Bu təhdidlər müstəqil bir dövlət olan Azərbaycanın suveren hüquqlarının, o cümlədən, beynəlxalq hüquq normalarının açıq-aşkar pozulması, tapdanması deməkdir. Bu gün heç kimə belə ixtiyar, haqq verilməyib ki, müstəqil dövlət olan Azərbaycanın daxili işlərinə, onun xarici siyasət kursuna müdaxilə etsin. O cümlədən, qonşu İrana da belə bir haqq, hüquq verilməyib. Bura kimin gəlib-gəlməyəcəyinə Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan rəhbərliyi qərar verə bilər və verir. Bu baxımdan, bir daha belə hesab edirəm ki, İran dövlətinin, onun rəsmilərinin və həmin ölkəyə yarınmaq istəyən bəzi daxili satqın, xəyanətkar qüvvələrin ultimatumları, təhdidləri heç bir halda qəbul oluna, bağışlanıla bilən davranışlar deyil".
Millət vəkili bildirib ki, bütün ultimatumlara, təhdid cəhdlərinə baxmayaraq, İsrail prezidenti Azərbaycana nəzərdə tutulan səfərini mütləq reallaşdırmalıdır: "İnanıram ki, bu səfər də baş tutacaq və bu səfəri əngəlləmək istəyən bütün qüvvələrin də cəhdləri uğursuzluğa düçar olacaq, onların arzusu gözündə qalacaq".