PDF Oxu

Xəbərlər

  • 13

Əmanətlərin Sığortalanması Fonduna 42 bank üzvdür

Əmanətlərin Sığortalanması Fonduna 42 bank üzvdür

Dünən Əmanətlərin Sığortalanması Fondu "Əmanətlərin sığortalanması haqqında" qanuna dəyişikliklə bağlı tədbir keçirdi. Tədbiri giriş sözü ilə ƏSF-in icraçı direktoru Azad Cavadov açdı. O bildirdi ki, ölkə ərazisində fəaliyyət göstərən və fiziki şəxslərin əmanətlərinin cəlb edilməsi üçün bank lisenziyasına malik olan bütün banklar və xarici bankların yerli filialları fondun məcburi iştirakçılarıdır. Onun sözlərinə görə, hazırda Əmanətlərin Sığortalanması Fonduna 42 bank üzvdür.
A.Cavadov bildirdi ki, Milli Məclis "Əmanətlərin sığortalanması haqqında" Qanunda dəyişikliklər və əlavələr edilməsi barədə Qanunu 1-ci oxunuşda qəbul edib: "Qanun yaxın bir neçə gündə Prezident tərəfindən imzalandıqdan sonra dərc edilməklə qüvvəyə minəcək. Həmin dəyişikliklərə uyğun olaraq cəlb edildiyi günə qorunan əmanətlər üçün illik faiz dərəcəsinə olan həddin müəyyən edilməsi səlahiyyətləri ƏSF-in Himayəçilik Şurasına verilib. Yeni qəbul olunmuş Qanuna dəyişikliyə əsasən 2009-cu il yanvarın 1-dən sonra Mərkəzi Bankın uçot dərəcəsinin 1,8 mislindən yuxarı faiz dərəcələri ilə, lakin fondun Himayəçilik Şurasının Mərkəzi Bankla razılaşdırdığı faiz dərəcəsinin yuxarı həddinədək olan faiz dərəcələri ilə cəlb edilmiş əmanətlər qorunan əmanət hesab ediləcək. Bundan başqa qanuna dəyişikliyə uyğun olaraq, hər hansı iştirakçı bankda sığorta hadisəsi baş verərsə, əmanətçilər sığortalanmış əmanətlər üzrə əmanətin 100 % həcmində və maksimum 30000 min manat məbləğində kompensasiya ala biləcək. Qeyd etmək lazımdır ki, kompensasiya məbləğinin 30 min manata çatdırılması MDB məkanında ən yüksək kompensasiya məbləğidir".
İcraçı direktor onu da vurğuladı ki, fonda üzv olan banklarda fiziki şəxslərin ümumi əmanətləri 2009-cu ilin I rübü ərzində 1746862 min man, qorunan əmanətləri 1097698 min man (ümumi əmanətlərdə), qorunmayan əmanətçilərin əmanətləri (ümumi əmanətlərdə) 126484 min man, fiziki şəxslərin qorunmayan əmanətləri (ümumi əmanətlərdə) 522680 min man təşkil edib: " I rüb üçün fiziki şəxslərin ümumi əmanətlərinin 63 faizi qorunan əmanətlərin və 37 faizi isə qorunmayan əmanətlərin payına düşür. Keçən ilə nisbətən bu il fiziki şəxslərin ümumi əmanətləri 35605 min man (2 faiz) artmış, qorunan əmanətlərində isə 275771 min man (20 faiz) azalma müşahidə olunub. Lakin Qanuna edilmiş dəyişikliklərin 2009-cu il yanvarın 1-dən cəlb edilmiş əmanətlərə tətbiq olunması ilə 2009-cu ilin I rübü üçün göstərilmiş fiziki şəxslərin qorunan əmanətlərində artımın olması gözlənilir".

Digər xəbərlər