“Azərbaycanda İnternet Medianın Tənzimlənməsi” mövzusunda konfrans keçiriləcək
Avropa Şurası və Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası iyunun 4-də Excelsior Mehmanxanasının Afurca salonunda "Azərbaycanda İnternet Medianın Tənzimlənməsi" mövzusunda konfrans keçirəcək.
Avropa Şurasının Azərbaycandakı nümayəndəliyindən "Səs" qəzetinə verilən məlumata əsasən, tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Rabitə və İnformasiya Texnologiyası Nazirliyinin, Milli Televiziya və Radio Şurasının məsul şəxsləri, Milli Məclisin üzvləri, internet və ənənəvi medianın əməkdaşları, həmçinin, Azərbaycanda akkreditəolunmuş beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri, Avropa Şurasının ekspertləri iştirak edəcəklər.
Çağdaş günümüzdə baş verən sosial, mədəni və texnoloji dəyişiliklər media üzərində olduqca böyük təsirə malikdir. Yeni kommunikasiya xidmətlərinin və medianın ortaya çıxması bu sahələrdəki ənənəvi vasitələrin böyük çağırışlara məruz qalmasına səbəb olur. Bu yeni vasitələr özləri ilə həm böyük imkanlar, həm də, hələ də araşdırılmasına ehtiyac duyulan potensial təhlükələr gətirir. Müxtəlif maraqlı tərəfləri bir araya gətirməklə konfrans, yeni media təşəbbüsləri tərəfindən demokratik dəyərələrin, prinsiplərin tətbiqi və inteqrasiyası yollarının axtarılması üçün dialoq məkanının formalaşdırılmasına çalışacaq. Tədbir, eyni zamanda, bu sahədə hər hansı məxsusi standartlara və tənzimləmə mexanizmlərinə ehtiyac olub-olmaması sualına da cavab axtarmağa səy gösətərəcək.