BMİ-nin Dünya Konqresi Azərbaycanda keçiriləcək
Dünən Azərbaycan Mətbuat Şurasında Bakıda səfərdə olan Beynəlxalq Mətbuat İnstitutunun sədri Ceyn Virkunnen və qurumun icraçı direktoru Devid Dədc ilə görüş keçirilib. Görüşdə Şuranın İdarə Heyətinin üzvləri ilə yanaşı, ölkəmizin aparıcı media vasitələrinin təmsilçiləri də iştirak ediblər.
MŞ sədri Əflatun Amaşov Azərbaycanda media sahəsində görülən işlər barədə məlumat verib. O, bu tədbirlər sırasında medianın iqtisadi imkanlarının genişləndirilməsinə xüsusi önəm verildiyini vurğulayıb. "Azərbaycanda medianın problemləri var. Bunlar istər jurnalist peşəkarlığını, istər ilk mənbədən informasiya alınmasını, istərsə də, digər sahələri əhatə edir. Lakin düşünürəm ki, həmin çətinliklər aradan qaldırılacaq. Tezliklə fəaliyyətə başlayacaq kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun bu işdə müstəsna rol oynayacağına əminəm" deyə, o bildirib.
C.Virkunnen ölkəmizə səfərlərindən məqsədin BMİ-nin Dünya Konqresinin və 59-cu Baş Assambleyasının Azərbaycanda keçirilmə imkanlarını dəyərləndirmək olduğunu deyib. Cənab Virkunnen belə bir mötəbər tədbirin Azərbaycanda təşkili üçün qlobal amillərin mövcudluğuna diqqət çəkib.
BMİ sədri təmsil etdiyi təşkilatın dünyada mətbuat azadlığına dəstək olmaq kimi vacib bir missiya daşıdığını da diqqətə çatdırıb.
D.Dədc isə bildirib ki, BMİ-nin beynəlxalq miqyaslı tədbirlərindən, o cümlədən, Azərbaycanda keçirilməsi planlaşdırılan dünya konqresindən başlıca məqsəd müxtəlif yerlərdə fəaliyyət göstərən jurnalistləri bir yerə toplamaq, söz, fikir və ifadə azadlıqlarının vəziyyətini müzakirə etməkdir. Həmçinin, toplantılarda dünya media qurumlarının bir-birləri ilə əlaqələrinin inkişaf istiqamətləri nəzərdən keçirilir. Tədbirin məhz Azərbaycanda baş tutması isə, həm də Qafqaz ölkələrindəki media vasitələrinin informasiya mübadiləsini möhkəmləndirmək baxımından əhəmiyyətlidir.
Görüşdə BMİ-nin Dünya Konqresinin Azərbaycanda keçirilməsi üçün istər texniki, istərsə də təşkilati imkanların genişliyi vurğulanıb. Qeyd edək ki, bununla bağlı son qərar iyunun 6-9-da Helsinkidə Dünya Konqresinin və 58-ci Baş Assambleyanın keçirilməsindən bir gün öncə çıxarılacaq.