Atçılıq üzrə “Bakı turniri” keçirilib
Aprelin 4-də Bakı Dövlət Cıdır meydanında atçılıq üzrə "Bakı Turniri"nə start verilib. Yarış iştirakçılarını salamlayan Azərbaycan Respublikası Atçılıq İdman Federasiyasının prezidenti, Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev ölkəmizdə idmana və idmançılara olan diqqət və qayğının çox yüksək səviyyədə olduğunu bildirdi.
Qeyd etdi ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan ölkənin idman siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi. Vurğuladı ki, son illər Azərbaycan idmançılarının əldə etdiyi uğurlar və idmanla bağlı dövlət siyasəti nəticəsində ölkəmiz bir idman dövlətinə çevirilmişdir. İdmanın müxtəlif növlərinə, o cümlədən, Atçılıq idman növünə də son zamanlar diqqətin artıdığını bildirən E.Quliyev bu idman növünün də yaxın gələcəkdə daha yüksək zirvələr fəth edəcəyini bildirdi. E.Quliyev atçılıq idman növünün ölkəmizdə inkişafı üçün bütün zəruri prinsiplərin yerinə yetirildi və idmanın bu növünün də ictimai tərəfdar qazandığını vurğuladı. Yarış iştirakçılarına uğurlar arzulayan E.Quliyev bu yarışın atçılıq idmanının ölkədə daha da populyarlıq qazanması baxımından vacibliyini də diqqətə çatdırıb.
Qeyd edək ki, 10 aparıcı at çapanın qatıldığı yarışda "Günay" atçılıq məktəbinin idmançıları ilə yanaşı DSX-nin də atçapanları öz bacarıqlarını nümayiş etdiriblər. Maraqlı və böyük tərəfdar kütləsinin alqışları ilə baş tutan yarışı idman və gənclər nazirinin müavini İsmayıl İsmayılov, Beynəlxalq Bankın idarə heyətinin sədri Cahangir Hacıyev və digər qonaqlar da izləyirdilər.
Gərgin mübarizə şəraitində davam edən yarış "Günay" atçılıq idman məktəbinin yetirmələrinin qələbəsi ilə yekunlaşdı.