Metyu Brayza: “Azərbaycan-Türkiyə-Ermənistan öz münasibətlərini yaxşılaşdırsa daha yaxşı olar”
Bakıya səfər edən ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, səfərinin məqsədini açıqlayan M.Brayza bildirib ki, məqsəd münaqişənin həllinin tezləşdirilməsidir.
Bunları söylədikdən sonra səfərinin məqsədləri barədə danışan M.Brayza maraqlıdır ki, nitqinə Türkiyə-Ermənstan münasibətlərindən başladı: "Bizim rəhbərlik inanır ki, regionda olan müsbət dəyişikliklər, Türkiyədən başlayan və bütün Xəzər hövzəsini əhatə edən müsbət meyllər prosesin qabağa aparılmasında, daha çox nailiyyətlər əldə olunmasında öz müsbət təsirini göstərməkdədir. Biz inanırıq ki, Türkiyə bu məsələdə öz köməkçi rolunu oynayacaq və bizim işimizə kömək edəcək. Bildiyiniz kimi Türkiyə regionda müsbət bir rol oynayan ölkədir. Regionda baş verən müsbət dəyişiklər, bir yerdə baş verməlidir. Yəni Qarabağ münaqişəsinin həlli və Türkiyə-Ermənistan arasında münasibətlərin yaxşılaşdırılması bir-birinə təkan verən proseslərdir. Bütün bu məsələri bu gün Prezident İlham Əliyevlə, xarici işlər naziri Elmar Məmmədyarovla və onun müavini Araz Əzimovla müzakirə etdik".
Bununla bərabər amerikalı diplomatın iki ölkə arasında təhlükəsizlik və əməkdaşlığa dair məsələləri ilə bağlı sənaye və energetka naziri Natiq Əliyev və ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirovla da görüşləri olub.
Türkiyə-Ermənistan arasında münasibətlərinə dair şərh istəyən jurnalistlərin sualını isə ABŞ diplomatı belə cavablandırıb: "Mən Türkiyə-Ermənistan arasında münasibətlər haqqında heç bir şərhlər verə bilmərəm. Onlar öz maraqları çərçivəsində münasibətlər qura bilərlər"- deyən diplomat bircə onu qeyd etdi ki, Azərbaycan-Türkiyə-Ermənistan öz münasibətlərini yaxşılaşdırsa daha yaxşı olar.
Amerikalı diplomatın bu məsələ ilə bağlı dediyi son cümlə isə belə oldu: "Əgər bu istiqamətdə müsbət dəyişiklər baş verərsə bu sözsüz ki, Dağlıq Qarabağ probleminin həllində də müəyyən sıçrayışa və müəyyən irəliləyişə təkan verə bilər".