Müxalifət böhtan vərdişindən əl çəkə bilmir
Məlum olduğu kimi, bu il martın 18-i Azərbaycan xalqı üçün həm tarixi sınaq, həm də bayramlar ayı ilə zəngin oldu. Xalqdan ayrı düşən radikal müxalifət isə düşmən obrazında çıxış edib, xalqın bayram əhvali-ruhiyyəsinə sərinlik gətirməyə çalışdılarsa da, bir nəticə əldə edə bilmədilər. Çünki xalq martın 18-də keçirilən referendumda bir daha birlik nümayiş etdirdiklərini sübut etdi. Elə bu birliyin məntiqi nəticəsidir ki, səsvermədə seçicilərin 70 faizdən çoxu iştirak etmiş və onların 87-92 faizi əlavə və dəyişikliklərin lehinə səs vermişdir.
Qeyd etmək yerinə düşər ki, referendumun gedişini izləmiş 50 minə yaxın yerli və xarici müşahidəçi, o cümlədən, çoxsaylı xarici və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri seçki prosesinin yüksək səviyyədə hazırlanıb keçirilməsindən razılıq etmişlər. AŞPA, MDB, Böyük Britaniya, İsveçrə, Belorus, digər qurum və ölkələrdən olan müşahidəçilər referendumun azad və ədalətli şəkildə keçdiyini artıq bəyan ediblər.
Bu faktı qeyd etmək lazımdır ki, MSK-da qeydə alınmış referendum üzrə doqquz təşviqat qrupunun hər birinə geniş kampaniya aparmaq üçün tam bərabər imkanlar yaradılmışdı. "Yeni Azərbaycan" referendum üzrə Təşviqat Qrupu yaradılmış bu imkandan istifadə edərək, qanunun tələblərinə uyğun şəkildə kampaniya gedişində ölkənin bütün bölgələrində, ümumilikdə, 1500-dən yuxarı müxtəlif xarakterli görüşlər keçirmiş, referenduma çıxarılan məsələlərin mahiyyətini seçicilərə geniş izah etməklə, eyni zamanda, əhalinin seçkidə fəal iştirakını təşviq etmişdir. Həmçinin, MSK üzvləri telekanallarda 100-ə qədər maarifləndirmə xarakterli çıxış, yazılı mətbuatda 120-yə qədər məqalə ilə çıxış etdilər. Referendumla bağlı kifayət qədər təlimatlar qəbul olundu, onlar toplu şəklində çap olunaraq bütün seçki komissiyalarına paylanıldı. 24 beynəlxalq təşkilatdan 172 beynəlxalq müşahidəçi, 20 xarici KİV nümayəndəsi, 47 min yerli müşahidəçi və yerli KİV təmsilçiləri səsvermə prosesini izləmişlər.
Uğursuzluğunu artıq qabaqcadan anlayan müxalifət patiyalarının yaratdığı iki təşviqat qrupu isə, yaradılmış bu bərabər imkanlar şəraitindən istifadə edə bilmədiyi üçün, vur-tut cəmi 5 görüş keçirə bildi. Lakin bu gün radikal müxalifətin yüksək seçici fəallığı ilə keçirilən referendumla bağlı hay-küylü bəyanatlar verib, fikirlər səsləndirməsi isə, onların böhtan vərdişlərindən əl çəkmədiklərini təsdiqləyir. Hətta Müsavat qərargahında nəzarət qurumu yaradaraq cəmiyyəti, insanları iğtişaşlar yaradacaqları, ölkədəki, ictimai-siyasi sabitliyi pozacaqları ilə hədələyirlər. Daha doğrusu, artıq bəzi yerlərdə müxalifətdən olan ünsürlərin pozuculuq aktları törətməyə cəhdlər göstərdikləri barədə informasiyalar yayılmaqdadır.
Bütün bunların fonunda dünən Yeni Azərbaycan Partiyasının Mətbuat Xidməti müxalifətin şəffaf və demokratik prinsiplərə uyğun olaraq keçirilən referenduma kölgə salmaq cəhdlərinə cavab verib. Belə ki, YAP Mətbuat Xidməti bu cür cəhdlərin, sadəcə olaraq, müxalifətin gündəmdə qalmasına doğru atılan addım kimi qiymətləndirir. Qeyd edək ki, radikal müxalifətin yenə də öz "vərdişlərinə" uyğun olaraq, guya səsvermədə yetərsayın olmadığını iddia etmələri yalnız acı təəssüf doğurur. Bəzi müxalifət təmsilçilərinin ölkə seçicilərinin 50 faizdən çoxunun Azərbaycanda olmadığı haqqında söylədikləri fikirlər isə, yumuşaq desək, sayıqlamadan başqa bir şey deyildir.
YAP Mətbuat Xidməti nəzərə çatdırır ki, ölkə üzrə bütün məntəqələrdə müşahidə aparan "Yeni Azərbaycan" referendum üzrə Təşviqat Qrupunun müşahidəçiləri prosesi ardıcıl izləmişlər və faktlar sübut edir ki, müxalifət partiyalarının yaratdıqları təşviqat qrupları məntəqələrin yalnız 5 faizində təmsil olunmuşlar. Bu faktın özü onu deməyə əsas verir ki, onların referendumu müşahidə ilə bağlı söylədikləri fikirlər tam əsassızdır. Müxalifəti ən çox narahat edən odur ki, martın 18-də keçirilən referendumda xalq səsverməyə çıxarılan əlavə və dəyişiklikləri tam dəstəklədiklərini sübut etdilər. Xalqın bu qələbəsi isə, müxalifət dairələrinin yersiz və mənasız iddialarına verilən ən tutarlı cavabdır.