PDF Oxu

Xəbərlər

  • 13

Azərbaycan KTMT-yə qoşula bilərmi?

Azərbaycan KTMT-yə qoşula bilərmi?
Ötən həftə MDB-nin icraçı katibi səviyyəsində Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olması barədə rəsmi təklif səslənib. Rusiyanın KTMT-yə üzv dövlətlərin çevik hərbi qüvvəsinin yaratdığı bir ərəfədə bu təklifin ortaya çıxması təsadüfi sayıla bilməz. Rusiya rəsmiləri açıq şəkildə Azərbaycanı bu hərbi blokda görmək istədiklərini söyləyiblər. Politoloq Elman Nəsirov hesab edir ki, bu təklif Rusiya tərəfindən gəldiyindən Azərbaycan cəmiyyətində reaksiya özünü göstərməkdədir. Onun sözlərinə görə, son günlər KİV-də yer alan məsələrdən biri Azərbaycanın MDB-nin KTMT-yə qəbul edilməsi ilə bağlı təklifdir. - Azərbaycan dövləti onsuz da MDB-nin üzvüdür. Həmin təşkilata da üzv olan Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal edib, 1 mln-dan çox qaçqın və məcburi köçkünün yaranmasına səbəb olub. Nə qədər ki, Ermənistan Dağlıq Qarabağ probleminin tənzimlənməsi ilə bağlı danışıqlarda qeyri-konstruktiv mövqe ortalığa qoyur, təşkilatın əsas söz sahiblərindən biri olan Rusiyadan haqqı ödənilmədən silah-sursat alır, Vahid Hava Müdafiə Sistemi yaradır, belə olan təqdirdə bu təşkilata daxilolma Azərbaycanın milli dövlətçilik maraqlarına qətiyyən uyğun gəlmir. Necə ola bilər ki, eyni təşkilatın tərkibində olasan, lakin təşkilatın üzvlərindən biri digərinin ərazisini işğal altında saxlasın və onu geri qaytarmaq niyyətini də ortalığa qoymasın. Bu nöqteyi-nəzərdən, ideyanın özü populistdir. Azərbaycan cəmiyyəti, dövləti belə ideyaları çox eşidə bilər. Əsas məsələ nə qədər ki, həllini tapmayıb, işğalçı cəzasını almayıb, işğal siyasətinə son qoyulmayıb, onunla bir təşkilatda olmaq Azərbaycan üçün qeyri-mümkündür. Doğrudan da, MDB-nin KTMT-ı özünə hörmət edən təşkilatdırsa, ilk növbədə, münaqişə tərəfi olan Ermənistanın işğalçılıq aksiyasına son qoyulması ilə bağlı təşkilat olaraq ciddi addım atmalıdır. Yəni, adıçəkilən təşkilat Ermənistanın işğalçılıq siyasətinə son qoymaq üçün əməli addımlar atmalı və öz üzvünün işğalçığa son qoymasına dəvət etməlidir. Konkret olaraq, bununla bağlı real işlər görməlidir. Politoloq Cümşüd Nuriyev: - Azərbaycan 1993-cü ildə KTMT-na üzv olub və 1994-cü ildə həmin müqavilə qüvvəyə mindiyindən ölkəmiz 5 il həmin təşkilatın üzvü olub. Həmin dövr ümummilli liderimiz Heydər Əliyev KTMT-nin qarşısında məsələ qaldırdı ki, müqavilənin tərkbində olan ölkənin biri digərinin ərazisini işğal edib və bu məsələyə son qoyulsun. Lakin o vaxt Yeltsin və digərlərinin təkidi ilə bu məsələ həll olunmadığına görə, Azərbaycan 1999-cu ildə adıçəkilən təşkilatın üzvlüyündən çıxdı. KTMT-in yeni çevik qüvvələrinin yaradılmasından sonra yenidən həmin layihənin gündəmə gəlməsinin əsas səbəbi ondan ibarətdir ki, guya həmin qüvvələr Azərbaycan qarşı, bu və ya digər formada istifadə oluna bilər. KTMT-in nizamnaməsinin 7-ci bəndinə görə, həmin qüvvələrin Azərbaycana qarşı hər hansı formada təzyiq göstərməsi yol verilmir. Ancaq transmilli cinayətkarlığa, narkotrafikə və digər hallara qarşı bundan istifadə edə bilərlər. Eyni zamanda, Azərbaycan öz ərazisini separtizmdən təmizləməyə cəhd eləsə, yenə KTMT-in çevik qüvvələri Azərbaycana qarşı istifadə oluna bilməz.

Digər xəbərlər