PDF Oxu

Xəbərlər

  • 6

Ermənistanın işğalçı siyasəti iflasa uğrayır

Ermənistanın işğalçı siyasəti iflasa uğrayır
Avropaya inteqrasiya yolunda dayanmadan irəliləyən Azərbaycanın beynəlxalq dayaqları durmadan möhkəmlənir və artır. Ötən ilin martında BMT-nin Baş Məclisinin 62-ci sessiyasında qəbul olunan "Azərbaycanın işğal olunan ərazilərində vəziyyətə dair" qətnamə və NATO-nun Buxarest sammitinin yekun bəyənnaməsi bir daha sübut etdi ki, Azərbaycanın xarici siyasəti düz istiqamətdə inkişaf edir.
Məhz bu davamlı və qətiyyətli siyasətin nəticəsidir ki, ölkəmiz son bir neçə ildə Avropa ölkələri ilə tərəfdaş qismində bir neçə böyükmiqyaslı layihələrə imza atıb, onların reallaşdırılmasına köməklik göstərib. Azərbaycan iqtisadi uğurların davamı kimi xarici sferada da istədiyi nəticəni əldə edir. Həm insan hüquqlarının qorunması qismində ölkədə görülən işlər, həm də qanunvericiliklərdə aparılan təkmilləşdirmələr beynəlxalq aləmin Azərbaycana rəğbətinin artmasında mühüm rol oynayan amillərdir. Təsadüfi deyil ki, ötən il ölkəmizə səfər edən Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Luis Mariya de Puç da ölkəmizdə insan hüquqlarının qorunması istiqamətində əsil inkişaf olduğunu bildirib. Prezident Azərbaycanın artıq demokratikləşmə yolunda olduğunu və ölkədə insan hüquqlarının qorunduğunu, o cümlədən, hüquqi dövlət yaradıldığını qeyd etmişdi.
Artıq bütün dünya Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ikili standartlardan əl çəkməyə başlayır. Bu isə ölkəmizin iqtisadi yüksəlişi ilə yanaşı, demokratik təchizatların da inkişafı məsələsi ilə birbaşa əlaqəlidir. Təsadüfi deyil ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri də əvvəlkindən fərqli olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən bəyanatlar verirlər. Avstriyanın paytaxtı Vyanada Böyük Britaniyanın "İnternational Alert" qeyri-hökumət təşkilatının (QHT) təşkilatçılığı ilə "Dağlıq Qarabağ münaqişəsi: çağırışlar və cəmiyyətlər arasında etimadı möhkəmləndirmə üçün imkanlar" mövzusunda keçirilən dəyirmi masada çıxış edən qurumun fransalı həmsədri B. Fasie problemi vasitəçilərin həll etmədiklərini, sadəcə, bu işdə tərəflərə yardım etdiklərini və beynəlxalq qarantiyaya nail olunmasına çalışdıqlarını söyləyib. Onun fikrincə, kompromis mövqelərin əldən verilməsi yox, problemin məğlubiyyətsiz həlli deməkdir. B. Fasie bəyan edib ki, Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması, habelə, Dağlıq Qarabağ ərazisinin heç bir şərtsiz Azərbaycana qaytarılması cəhdləri yeni müharibəyə səbəb ola bilər.
"Madrid prinsipləri"nin ideal olmadığını qeyd edən diplomat, bununla belə ideal olmayan kompromisin ideal müharibədən üstün olduğunu vurğulayıb: "İndiki vəziyyətdə nisbətən real variant Ermənistan hərbçilərinin nəzarətində olan ərazilərin Azərbaycana qaytarılması, Dağlıq Qarabağın müvəqqəti statusuna Bakı və Yerevan üçün məqbul olan təhlükəsizlik qarantiyası verilməsidir. Problemin hazırda həlli mümkün olmayan hissəsinin - əhalinin öz müqəddəratını təyin etməsi məsələsinin reallaşması isə azərbaycanlı icmasının qayıdışından sonra - 5-10, yaxud 15 ildən sonra mümkündür".
Amerikalı həmsədr Metyu Brayza isə bildirib ki, öz xalqlarının başında dayanan Azərbaycan və Ermənistan prezidentləri onları sülhə gətirməlidirlər. M. Brayza Dağlıq Qarabağ ermənilərinin ərazilərin qaytarılmasına ehtiyatla yanaşmalarını anladığını vurğulayıb: "Hamı bilməlidir ki, bu proses təkcə Azərbaycanın deyil, beynəlxalq qarantiya altında baş verəcək". M. Brayza ABŞ-ın yeni dövlət katibi Hillari Klintonun ona münaqişənin həllinə hər cür yardım göstərməyə hazır olduğunu bəyan etdiyini də tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Rusiyalı həmsədr Y. Merzlyakov da bildirib ki, həlli çətinləşdirən məsələlərdən ən əsası, hazırkı "status-kvo"nun tərəflərdən birini tam qane etməməsidir: "Sonuncu monitorinqlərdən biri atəşkəsin pozulması ucbatından baş tutmayıb. Bundan başqa, tərəflər ATƏT-in Minsk Qrupunun snayperlərin ön cəbhədən çəkilməsi ilə bağlı çağırışına da əməl etməyiblər. Odur ki, vasitəçilər prezidentlərlə yanaşı, Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətləri arasında da danışıqların aparılmasının tərəfdarıdırlar. Hələlik belə görüşlər Bakı və Yerevanda deyil, digər şəhərlərdə keçiriləcək".
Jurnalistlərə müsahibəsində fransalı həmsədr Fasie bir daha vurğulayıb ki, hazırkı durumda Dağlıq Qarabağın Azərbaycana qayrtarılması ən uğurlu variant ola bilər. Bu məsələnin arxasında nələr dayanır? Məlumdur ki, hər zaman Ermənistanın ən yaxınlarından biri qismində çıxış edən Fransa tərəfinin bu fikirləri dilə gətirməsi artıq Ermənistan hakimiyyətinin Dağlıq Qarabağı əlində saxlaya bilmədiyini ortaya qoyur. Yəni, dünyanı cənginə alan iqtisadi böhran nəticəsində nəinki Dağlıq Qarabağı, heç Ermənistanı dolandırmaq imkanında olmayan hakimiyyət, Dağlıq Qarabağı işğal altında saxlamaqla həm qlobal layihələrdən, həm də bölgədə həyata keçirilən bir sıra fəaliyyətlərdən kənarda qaldığını anlayıb. Bu isə Azərbaycanın iqtisadi siyasətinin uğuru kimi qəbul olunmalıdır. Çünki Azərbaycanın apardığı bu siyasət nəticəsində Ermənistan on ildən yuxarıdır ki, regionda reallaşdırılan bütün proqramlardan kənarda qalır. Beləliklə işi dalana dirənən Ermənistan işğalçı siyasətinə son verməyə məcbur olur.
Artıq danışıqların yeni mərhələsinə qədəm qoyulur. Problemin sülh yolu ilə tənzimlənməsinin tərəfdarı qismində çıxış edən Azərbaycan, bu yeni mərəhələyə bir sıra üstünlüklərlə qədəm qoyur. Azərbaycanın ən böyük üstünlüyü isə Ermənistanın işğalçı olduğunu bütün dünyaya sübut etməsidir. İnandırıcıdır ki, məhz bu amil qarşıdakı növbəti dövrdə problemin həllində öz müsbət rolunu oynayacaq.

Digər xəbərlər