PDF Oxu

Xəbərlər

  • 15

“Yeni Azərbaycan” referendum üzrə Təşviqat Qrupu Xaçmaz ictimaiyyəti ilə görüş keçirdi

“Yeni Azərbaycan” referendum üzrə Təşviqat Qrupu Xaçmaz ictimaiyyəti ilə görüş keçirdi
Dünən "Yeni Azərbaycan" referendum üzrə Təşviqat Qrupu martın 18-də keçiriləcək ümumxalq səsverməsi ilə əlaqədar olaraq, Xaçmaz rayonunun Qımıl-qışlaq, Müşkür, Hacıəlibəyli və Qalağan kəndlərində seçicilərlə görüş keçirdi.
Tədbiri giriş sözü ilə açan YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev qeyd etdi ki, istənilən dövlətdə Konstitusiyaya müxtəlif zamanlarda düzəlişlər edilir: "Azərbaycanın ilk Konstitusiyası ulu öndər Heydər Əliyevin müəllifliyi ilə 1995-ci ildə qəbul edilib. 2002-ci ildə Əsas Qanunumuza əlavə və dəyişikliklərin edilməsi ilə əlaqədar olaraq, referendum keçirildi. Martın 18-də keçiriləcək referendum da zamanın tələbindən doğan bir məsələdir. Ümumxalq səsverməsinin yalnız bir məqsədi var, bu da dövlətimizin güclənməsidir. Buna görə də, mən hər bir vətəndaşı, o cümlədən, bütün xaçmazlıları güclü dövlət naminə referendumda aktiv iştirak etməyə çağırıram. Çünki Azərbaycanın daha firəvan, daha parlaq gələcəyi xalqımızı martın 18-də keçiriləcək ümumxalq səsverməsində bildirəcəyi münasibətdən asılıdır. Ümid edirəm ki, ölkə vətəndaşları Konstitusiya Aktına müsbət münasibət bildirəcək".
Daha sonra çıxış edən "Yeni Azərbaycan" referendum üzrə Təşviqat Qrupunun vəkili, Milli Məclisin üzvü, akademik Abel Məhərrəmov bildirdi ki, ölkənin Əsas Qanunu olan Konstitusiyaya ediləcək düzəlişlərin əksəriyyətini ölkə vətəndaşlarına, həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəlib: "Respublikamız günü-gündən inkişaf edir və Avropaya inteqrasiya edir. Bütün bunların arxasında uğurlu siyasət dayanır. Bu siyasətin səmərəliliyini daha da artırmaq üçün Konstitusiyaya müxtəlif əlavə və dəyişikliklərin edilməsi vacibdir".
Millət vəkili, həmçinin, düzəliş edilməsi üçün ümumxalq səsverməsinə çıxarılan bəzi maddələr barəsində də məlumat verdi: "Bəzi müxalif qüvvələr ölkədə keçiriləcək referenduma başqa don geyindirmək istəyirlər. Onlar martın 18-də keçiriləcək demokratiyaya zidd olduğunu bildirirlər. Əslində, bu, yanlış fikirdir. Təbii ki, xalq da onların yalan sözlərinə inanmır. Düzəliş edilməsi üçün referenduma çıxarılan maddələrdən biri də 101-ci maddədir. Həmin maddəyə təklif olunan variantda qeyd olunur ki, müharibə zamanı, hərbi əməliyyatlar bitənə qədər ölkəmizdə prezident seçkilərinin keçirilməsi təxirə salınır. Bu, əslində, doğru təklifdir. Necə ola bilər ki, bir ölkədə müharibə getsin, digər tərəfdən də eyni vaxtda seçkilər keçirilsin? Digər maddələr də vardır ki, onlar, əsasən, texniki xarakter daşıyır. Yəni Milli Məclisin daimi komissiyalarının komitə, Milli Bankın Mərkəzi Bank adlandırılması buna misaldır. Ümid edirəm ki, xalqımız martın 18-də seçki məntəqələrinə gedərək, Konstitusiya Aktına ediləcək əlavə və dəyişikliklərə öz münasibətini bildirəcək. Çünki bu, Azərbaycan xalqının, dövlətimizin parlaq gələcəyi naminədir".
Tədbirdə "Yeni Azərbaycan" referendum üzrə Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, millət vəkili Eldar İbrahimov çıxış edərək, qeyd etdi ki, Konstitusiyaya hər bir ölkə üçün nə qədər vacib bir sənəd olsa da, yeni ictimai-siyasi münasibətlərin meydana çıxması bu sənəddə də islahatların aparılmasını zəruri edir: "Zaman keçdikcə, cəmiyyət dəyişdikcə, Konstitusiya islahatlarının həyata keçirilməsi zəruriyyətə çevrilir. Məmnunam ki, xalqımız da Konstitusiyaya ediləcək əlavə və dəyişikliklərin tərəfdarıdır. Bu da onu göstərir ki, Azərbaycan hakimiyyətinin atdığı hər bir addım xalqımızın marağına tam uyğundur. Bu gün iqtisadiyyatımız sürətlə inkişaf edir. Şübhəsiz ki, xalqımız bu inkişaf naminə referendumda fəal iştirak edəcək. Daha sonra millət vəkili əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulan bəzi maddələrə də aydınlıq gətirdi: "Konstitusiyanın 12-ci maddəsinə təklif edilən dəyişikliyə görə, respublika vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi, dövlətin əsas məqsədləri sırasına daxil edilir. Digər düzəliş edilməsi nəzərdə tutulan maddə 15-ci maddədir. Bu maddəyə "sosialyönümlü" sözünün əlavə edilməsi təklif olunur ki, bu da ölkə ictimaiyyəti tərəfindən sevinclə qarşılanır. Mən bir daha Azərbaycan vətəndaşını, o cümlədən, Xaçmaz seçicilərini referendumda aktivlik göstərməyə çağırıram. İnanıram ki, ümummilli liderimiz Heydər Əliyev siyasətinə sadiqlik nümayiş etdirən və oktyabr seçkilərində fəal olan xaçmazlılar martın 18-də də fəallıq nümayiş etdirəcək".
Daha sonra çıxış edən "Yeni Azərbaycan" referendum üzrə Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi, YAP İdarə Heyətinin üzvü Kərim Kərimov vurğuladı ki, referenduma çıxarılan Konstitusiya dəyişikliyi içərisində dövlətin, bilavasitə ailənin qayğısına qalması, şəxsi həyatın toxunulmazlığının qorunması, bələdiyyələrin parlament qarşısında hesabatla çıxış etməsi və s. məsələlərin yer alması təqdirəlayiqdir. Eləcə də, 40 min vətəndaşın referendum keçirmək imkanının yaradılması müsbət haldır. Ümumilikdə, Konstitusiyanın 29 maddəsinə ediləcək 41 düzəlişin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının daha geniş təminatına imkan yaradır. Cəmiyyətlərin inkişafını, demokratik qanunlar, hüquqi islahatlar tənzimləyir. Qloballaşan dünyamızda daim demokratik islahatların aparılmasına ehtiyac duyulur. Bu mənada, ölkəmizdə Konstitusiya islahatlarının həyata keçirilməsinə zərurət var. Məhz bunları nəzərə alan Yeni Azərbaycan Partiyası ölkə parlamenti qarşısında Konstitusiya islahatlarının həyata keçirilməsi üçün məsələ qaldırdı. Sosial sifarişi yüksək qiymətləndirən Milli Məclis Konstitusiyada əlavə və dəyişikliklərin edilməsi ilə əlaqədar olaraq, martın 18-nə referendum təyin etdi. Əslində, MM-in çıxardığı bu qərar ölkə vətəndaşlarının arzu və istəklərindən doğub. Mən bütün xalqımızı 18 martda Konstitusiya islahatlarına müsbət münasibət bildirməyə çağırıram.
Daha sonra isə, seçiciləri maraqlandıran suallara aydınlıq gətirildi.

Digər xəbərlər