PDF Oxu

Xəbərlər

  • 7

Gənclər konstitusion islahatlarına səs verəcəklər

Gənclər konstitusion islahatlarına səs verəcəklər
Dünən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşəbbüsü ilə Gəncə şəhərində 18 martda keçiriləcək referendumla bağlı toplantı keçirilib. Görüşdə 800-dən çox gənc iştirak edib.
Tədbiri giriş sözü ilə açan "Yeni Azərbaycan" Təşviqat Qrupunun Gəncə şəhər şöbəsinin sədri İsrafil İsmayılov bildirib ki, Referendum Aktı tariximizin önəmli səhifələrindən biri olacaq. İ.İsmayılov xatırladıb ki, ötən ilin dekabr ayında Milli Məclis tərəfindən ölkədə Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsinin keçirilməsi haqqında qərar qəbul olunub.
İlk Konstitusiyamızın 1995-ci ildə qəbul edildiyini deyən İ.İsmayılov, Əsas Qanunun çox mükəmməl bir sənəd olduğunu bildirib. Bununla belə, o, qeyd edib ki, ölkəmizin cəmiyyətin inkişafına uyğun olaraq Konstitusiyada müəyyən dəyişikliklərin edilməsi zərurətdir. Bu baxımdan, referenduma çıxarılan məsələlər əhəmiyyəti ilə diqqəti cəlb edir.
YAP Gənclər Birliyinin sədri, "Yeni Azərbaycan" referendum üzrə Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi Ramil Həsənov çıxışında Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin dövlətimizin və xalqımızın maraqlarına xidmət etdiyini bildirib. Onun sözlərinə görə, referendumla bağlı gənclərin maarifləndirilməsi istiqamətində respublkanın müxtəlif bölgələrində görüşlər keçirilir.
YAP-ın sıralarında 190 min gəncin birləşdiyini deyən R.Həsənov, bu amilin vacib olduğunu vurğulayıb: "Partiyamızın sıralarına gənclərin axını onu göstərir ki, onlar ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir və Azərbaycanını gələcəyini bu siyasətdə görürlər. Bu baxımdan, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər də ölkəmizin inkişafına xidmət edir. Gənclərimiz böyük potensiala malikdirlər. Onlar düşünərək Konstitusiya dəyişikliklərinə münasibət bildirməlidirlər. Demokratiya yolu ilə inkişaf edən Azərbaycan üçün bu yeniliklər zəruridir. Gənclər ölkəmizin qazandığı uğurların davamlı olmağını istəyirsə, martın 18-də Referendum Aktına səs verməlidirlər. Sizi bu prosesdə fəal olmağa dəvət edirəm".
Görüşdə çıxış edən YAP Gənclər Birliyinin Şura üzvü Seymur Orucov bildirib ki, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər zərurətdən yaranıb. Onun sözlərinə görə, inkişaf etmiş Avropa dövlətləri də vaxtaşırı olaraq öz konstitusiyalarına müvafiq dəyişikliklər edirlər. Yəni, ölkəmiz bu prosesdə də dünya təcrübəsinə istinad edir: "Azərbaycan sürətlə inkişaf edən müstəqil dövlətdir. Respublikamız Cənubi Qafqaz bölgəsinin lider dövlətidir, eləcə də, dünyaya sürətlə inteqrasiya edən dövlətdir. Bu baxımdan müəyyən məsələlərlə əlaqədar Konstitusiyamıza dəyişikliklər olmalıdır".
S.Orucov onu da vurğulayıb ki, Əsas Qanuna ailə və cəmiyyət, insanların sosial təminatı və digər məsələlərlə əlaqədar ciddi dəyişikliklər təklif edilir. Bütün bunlar isə vətəndaşların maraqlarına xidmət edir.
Tədbirdə çıxış edən Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının rektoru Mirdaməd Sadıqov Azərbaycanın gələcəyinin gənclərin əlində olduğunu bildirib: "Gənclərimiz intellektual potensiala malikdir. Məhz Konstitusiyaya dəyişikliklər də Azərbaycanın gələcəyi naminə edilir. Siz gənclər bu prosesdə fəal olmalısınız. Dövlətimizin daha da güclənməsi üçün bilik və bacarığınızla öz töhfələrinizi verin".
Millət vəkili Aydın Abbasov isə gənclərimizin ölkəmizin ictimai-siyasi həyatında fəal olduğunu bildirib. Ölkəmizin sürətli inkişafında gənclərin də rol olduğunu vurğulayan A.Abbasov Azərbaycanın artıq dünyada böyük nüfuza malik olduğunu deyib. Onun sözlərinə görə, referenduma çıxarılan məsələlər dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edir: "Bu dəyişikliklər vətəndaşlarımız üçün çox mühümdür, Xalqımızı firavan gələcəyə doğru aparan yoldur. "Bəzi müxalifət partiyaları referendumun əleyhinə təbliğat aparır. Ancaq əminik ki, xalq onların yalan üzərində qurulmuş təbliğatına inanmır. Əslində, həmin partiyalar ölkəmizi 1990-cı illərin əvvəlinə qaytarmaq istəyir. Amma xalqımız heç vaxt buna yol verməyəcək. Bizim tutduğumuz yol doğru yoldur və ona görə də xalqımız Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti tamamilə dəstəkləyir. Əslində, referendum xalqın təşəbbüsündən irəli gəlib. Bu mənada inanırıq ki, martın 18-də ölkə vətəndaşları böyük fəallıq nümayiş etdirərək, Referendum Aktına səs verəcəklər".
101-ci maddəyə təklif olunan düzəlişə gəlincə, A.Abbasov bildirib ki, məhdudiyyətin aradan qaldırılması vətəndaşların seçmək və seçilmək hüququnu qoruyur. Ona görə də, bu dəyişiklik tamamilə ədalətlidir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədr müavini Rövşən Rzayev Azərbaycanın parlaq gələcəyinin olduğunu vurğulayaraq, Konstitusiya dəyişikliklərinin də məhz bu məqsədə xidmət etdiyini bildirib. Azərbaycanın hüquqi, demokratik və dünyəvi dövlət olduğunu deyən R.Rzayev, 1995-ci ildə qəbul olmuş ilk milli Konstitusiyanın bəşəri dəyərləri özündə ehtiva etdiyini qeyd edib. İnkişaf edən cəmiyyətimiz isə Əsas Qanunumuzun daha da təkmilləşdirilməsinə xidmət edir. Millət vəkili ötən il dekabrın 26-da Milli Məclis tərəfindən ümumxalq səsverməsinin keçirilməsi haqqında qəbul etdiyi qərarı tarixi qərar kimi səciyyələndirib.
Ölkəmizin 1995-ci ildən sürətli inkişaf yolu keçdiyini deyən R.Rzayev, bu səbəbdən də Konstitusiya dəyişikliklərinin zəruri olduğunu vurğulayıb: "Konstitusiyamızda olan dəyərləri biz daim qoruyacağıq və bu dəyərlər cəmiyyətimizin demokratik yolla inkişafına xidmət edəcək. Ancaq hər bir ölkə inkişafının müəyyən bir mərhələsində keçdiyi yolu qiymətləndirə bilir və müsbət qiymətləndirdiyi halda onun təminatına vasitələr yaratmağa başlayır. Fikrimcə, bizim xalqımıza da imkan yaradılır ki, Konstitusiyanın qəbulundan keçdiyi yolu təhlil edə bilsin, müasir tariximizi keçmiş tarixi ilə müqayisələndirsin, Əsas Qanuna təklif olunan əlavə və dəyişikliklərin müsbət məqamlarını duysun və referendumda öz iradəsini bildirsin". Onun fikrincə, müxalifətin bu məsələ ilə bağlı iddiaları əsassızdır. Onlar hətta təklif olunan dəyişiklikləri Azərbaycanda demokratiyanın boğulması kimi qiymətləndirirlər. Bu, siyasi ambisiyalar güdmək və Konstitusiya islahatları kimi ciddi məsələyə çox səthi yanaşmaqdır. Bir daha qeyd etmək istərdim ki, əksər dəyişikliklər Konstitusiya islahatlarının sosial yönümlüyünü göstərir. Məsələn, 17-ci maddəyə uşaq hüquqlarının qorunması ilə bəndlərin əlavə edilməsi, valideyn qayğısından məhrum olan uşaqların dövlət himayəsinə götürülməsini nəzərdə tutur. Düzdür, dövlətin bu funksiyası qanunvericiliyimizlə tənzimlənir, ancaq Konstitusiya səviyyəsində dövlətin xüsusi kateqoriya insanlarına sosial təminatının göstərilməsi, ümumilikdə, inkişaf etmiş sosial dövlətin vəzifəsinin bəyan edilməsidir. Dövlət tərəfindən tam şəkildə sosial öhdəliklərin öz üzərinə götürməsi ölkənin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması deməkdir.
101-ci maddəyə təklif olunan düzəlişlə bağlı, R.Rzayev qeyd edib ki, Azərbaycanda hakimiyyəti xalq formalaşdırır və bu baxımdan, xalqın seçiminə hər hansı məhdudiyyət qoymaq düzgün deyil. "Biz istərdik ki, insanlarımız öz seçimində məhdud olmasınlar. İqtisadi uğurları, humanist siyasəti, demokratik inkişafı təmin edən qüvvələrə yenidən səs verməyə imkanları olsun. Bizim Konstitusiyamız maddi cəhətdən yüksək dəyərləri özündə cəmləşdirir. Onları məhdudlaşdırmaq hətta Konstitusiya proseduru baxımından olmaz" deyə R.Rzayev vurğulayıb. Millət vəkili gənclərin ölkənin aparıcı qüvvəsi olduğunu bildirib və onları referendum aktına səs verməyə çağırıb.
Daha sonra Konstitusiya dəyişiklikləri ilə bağlı gənclərin çoxsaylı sualları cavablandırılıb.

Digər xəbərlər