Əli Həsənov: “Referendumun ədalətli və şəffaf keçirilməsi üçün möhkəm hüquqi baza var”
Martın 4-də "Hyatt Regency-Naxçıvan" hotelində Azərbaycan Respublikası Prezidenti İcra Aparatının, Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı və ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə ikinci "Seçki prosesinə müdaxilənin qarşısının alınmasına dair məlumat sessiyası" keçirilmişdir. Prezidentin İcra Aparatı ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir ki, bu tədbir icra strukturları, dairə və məntəqə seçki komissiyalarının işinin təkmilləşdirilməsinə kömək məqsədi daşıyır.
Tədbirdə seçki institutlarına, mərkəzi və yerli icra hakimiyyəti strukturlarına seçkilərlə bağlı beynəlxalq tələblər, standartlar barədə məlumat veriləcəkdir. Əsas məqsəd və tələb odur ki, mərkəzi və yerli icra orqanları, seçki institutları öz səlahiyyətlərindən kənara çıxmasınlar, inzibati resurslardan səmərəli şəkildə, qanunauyğun istifadə edilsin, təşviqat qrupları üçün bərabər şərait yaradılsın, seçicilərin səsvermədə öz iradəsini sərbəst ifadə etməsinə yardım göstərilsin, səsvermə prosesinə qanunsuz müdaxiləyə yol verilməsin. Hökumət bunun üçün bütün lazımi addımları atmışdır. Azərbaycan Respublikasının Seçki Məcəlləsinə beynəlxalq təşkilatların rəy və təklifləri nəzərə alınmaqla bir sıra əlavələr və dəyişikliklər edilmişdir. Ə.Həsənov bildirmişdir ki, həm bu dəyişikliklər, həm də Prezident İlham Əliyevin seçkilərlə bağlı imzaladığı Sərəncamlar seçkilərin, eləcə də referendumun ədalətli və şəffaf keçirilməsi üçün möhkəm hüquqi baza yaratmışdır.
ATƏT-in Bakı ofisinin rəhbəri əvəzi Aleksis Şahtaxtinski demişdir ki, bu tədbirin də əsas məqsədi martın 18-nə təyin olunmuş referendumun şəffaf keçirilməsinə və seçki prosesinə müdaxilənin qarşısının alınmasına yardım göstərməkdir.
Azərbaycanda seçki prosesinin daim təkmilləşdiyini vurğulayan səfir, seçkilərin şəffaf və demokratik keçirilməsi üçün Azərbaycan Prezidentinin imzaladığı Fərman və Sərəncamları, Seçki Məcəlləsinə edilən əlavələri və dəyişiklikləri yüksək qiymətləndirmiş, bu tədbirlərin dövlətin demokratik seçki keçirmək əzminin göstəricisi olduğunu bildirmişdir.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat sessiyasının əhəmiyyətindən danışmış, dairə və məntəqə seçki komissiyalarının fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı görülən işləri diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, icra orqanları seçki komissiyalarının iş şəraitinin yaxşılaşdırılması və seçici siyahılarının dəqiqləşdirilməsində yaxından iştirak edir. Seçkilərin - indiki halda referendumun keçirilməsi üçün bəzi məsələlər var ki, onlar birbaşa icra strukturlarının səlahiyyətindədir. Ona görə də bu cür formatla keçirilən tədbirlərdə həm icra strukturları, həm beynəlxalq qurumlar öz fəaliyyətlərini ümumi dəyərlər baxımından bir daha müzakirə edir və müəyyən nəticələrə gəlir.
M.Pənahov dairə seçki komissiyalarının bütün lazımi avadanlıq və digər zəruri texnika ilə təmin olunduğunu, məntəqə seçki komissiyalarının iş şəraitinin yaxşılaşdırıldığını, onların da texniki və digər problemlərinin həll olunduğunu bildirmişdir.
Daha sonra tədbirdə rayon icra hakimiyyəti rəhbərlərinə, dairə seçki komissiyalarının sədrlərinə Seçki Məcəlləsinə edilmiş əlavələr və dəyişikliklər, seçki prosesinə müdaxiləyə yol verilməməsinə dair qanunda nəzərdə tutulmuş tələblər, eləcə də beynəlxalq seçki standartları ilə bağlı ətraflı məlumat verilmiş, suallar cavablandırılmışdır.