Dünən "Cıdır Düzü" şadlıq sarayında "Yeni Azərbaycan" referendum üzrə Təşviqat Qrupunun təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşü keçirildi. Tədbirdə, "Davamlı İnkişaf Naminə" referendum üzrə Təşviqat Qrupunun, eləcə də, Binəqədi rayon ərazisində yerləşən dairə seçki komissiyalarında qeydiyyatdan keçən "Yüksəliş", "İrəli" və "İnam" referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələri və vəkilləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov martın 18-də keçiriləcək referendumla bağlı fikirlərini bölüşdü. O bildirdi ki, ölkə Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsini sensassion bir hadisə kimi qiymətləndirmək olmaz. Çünki hər bir ölkənin tarixində onun Əsas Qanunu olan Konstitusiyasına zamanın tələbindən irəli gələn əlavə və dəyişikliklərin edilməsi yolveriləndir: "O cümlədən, müstəqil Azərbaycanın Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi əhalinin tələbindən irəli gəlir. İctimaiyyət nümayəndələrinin istək və arzusundan doğan bu təklifin qəbulu, yalnız ölkəmizin milli maraqlarına xidmət edir".
Təşkilat sədrinin fikrinə görə, əlavə və dəyişikliklər içərisində insan hüquq və azadlıqlarının müdafiəsinə daha geniş yer verilib. Bu da ölkə vətəndaşlarının dövlətin bilavasitə qayğısı ilə əhatə olunmasından xəbər verir. N.Xəlilov, eyni zamanda, Binəqədi seçicilərinin daha rahat və sərbəst səs verməsi üçün seçki məntəqələrində lazımi şəraitin yaradıldığını söylədi. "Ötən prezident seçkiləri ilə müqayisədə referenduma hazırlıq mərhələsində səsvermə kabinalarının sayı 8-10-dək artırılıb" - deyə bildirdi.
"TƏRƏQQİ" REFERENDUM ÜZRƏ TƏŞVİQAT QRUPU BİNƏQƏDİ SEÇİCİLƏRİ İLƏ GÖRÜŞÜB
Tədbirdə çıxış edən Təşviqat Qrupunun vəkili, Milli Məclisin deputatı Rafael Cəbrayılov ayrı-ayrı maddələrə edilən əlavə və dəyişikliklərlə bağlı təhlillər apardı. Geniş və məzmunlu nitq söyləyən vəkil, onu da bildirdi ki, Konstitusiyanın 96-cı maddəsinin (Qanunvericilik təşəbbüsü hüququ) I hissəsinə təklif edilən əlavəyə görə, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına qanunvericilik təşəbbüsü hüququnun verilməsi əhali qruplarının, ümumilikdə, xalqın hüquqi mənafeyinin daha dolğun, etibarlı qorunması baxımından təqdirəlayiqdir. Onun sözlərinə əsasən, hazırkı variantda Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ yalnız millət vəkillərinə, ölkə Prezidentinə, Ali Məhkəməyə, Respublika Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mənsubdur: "Bu variantda Azərbaycan xalqının qanunvericilik təşəbüsü hüququnun olmaması Konstitusiyanın I maddəsinin tələblərinə ziddir. Əsas Qanunun I maddəsinə görə Azərbaycanda hakimiyyətin mənbəyi Azərbaycan xalqıdır. Bu baxımdan, xalqın hər hansı qanun layihəsini Milli Məclisin müzakirəyə çıxarmaq hüququnun olmaması isə heç bir halda məqbul sayıla bilməz".
R.Cəbrayılov belə hesab edir ki, ölkənin seçki hüququ olan 40 min vətəndaşına qanunvericilik təşəbbüsü hüququnun verilməsi Konstitusiyanın demokratikləşməsi istiqamətində atılmış mühüm addımdır.
R.Cəbrayılov 101-ci, 108-ci və 129-cu maddələrə təklif edilən əlavə və dəyişikliklərlə bağlı fikir mübadiləsi apardı. Qeyd etdi ki, Konstitusiyanın 29 maddəsinə təklif olunan 41 əlavə və dəyişikliyin hər biri, m`ahiyyət etibarilə, ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına təminatı gücləndirməyə xidmət etməklə yanaşı, Azərbaycanın çoxşaxəli inkişafından irəli gələn sosial tələbatdır. Bu əlavə və dəyişikliklər, eyni zamanda, respublikamızın hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda, liberal dəyərlərə sadiqliyini əyani şəkildə büruzə verir.
Tədbirdə Təşviqat Qrupunun vəkili, Milli Məclisin deputatı Madər Musayev də çıxış edərək, Binəqədi seçicilərinin 18 mart ümumxalq səsverməsində fəal iştirak edəcəyinə əminliyini ifadə etdi: "Mən artıq 20 ildir ki, Binəqədi seçicilərinin etimadı ilə millət vəkiliyəm. Bu rayonda çoxlu tədbirlər keçirmişik və seçicilərlə görüşlərimiz olub. Tam əminliklə deyə bilərəm ki, Binəqədi sakinləri referendum aktı layihəsini bəyənir və dəstəkləyir".
Ötən prezident seçkilərində Binəqədinin ən fəal rayonlar sırasında olduğunu diqqətə çatdıran M.Musayev, martın 18-də keçiriləcək referendumda da bu aktivliyin qorunub saxlanacağını bildirdi.