PDF Oxu

Xəbərlər

  • 14

Konstitusiya dəyişikliyində hüquqi cəhətdən heç bir qüsur yoxdur

Konstitusiya dəyişikliyində hüquqi cəhətdən heç bir qüsur yoxdur

Dünən "Yeni Azərbaycan" referendum üzrə Təşviqat Qrupu "Aqua Park"da seçicilərlə görüş keçirib. Tədbirdə Təşviqat Qrupunun səlahiyyətli nümayəndələri və vəkillər iştirak ediblər. Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov çıxış edərək bildirdi ki, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbulundan 13 il ötür. Bu müddətdə ölkədə aparılan sürətli siyasi, iqtisadi islahatlar, gedən demokratik proseslər Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi zərurətini ortaya çıxarıb.
Təşkilat sədri Konstitusiya islahatlarının, sosial sifariş olduğunu diqqətə çatdırdı. Bildirdi ki, 101-ci maddənin 5-ci bəndində öz əksini tapmış məhdudiyyətin - bir şəxsin iki dəfədən artıq prezident seçilə bilməməsi ilə bağlı məhdudiyyətin aradan qaldırılması cəmiyyətdən gələn sosial sifarişdir. "Ümumilikdə isə Referendum Aktı layihəsində Konstitusiyanın 29 maddəsində təklif olunan əlavə və dəyişikliklərin çoxu insan hüquq və azadlıqlarının təminatını daha da möhkəmləndirəcək, xalqın öz iradəsini ifadə etməsinə daha geniş imkanlar yaradacaq" - deyə N.Xəlilov fikrini tamamladı.

"TƏRƏQQİ" REFERENDUM ÜZRƏ TƏŞVİQAT QRUPU BİNƏQƏDİ SEÇİCİLƏRİ İLƏ GÖRÜŞÜB

"Tərəqqi" referendum üzrə Təşviqat Qrupunun vəkili, millət vəkili Madər Musayev, Konstitusiya layihəsində seçki hüququ olan 40 min vətəndaşa qanunvericilik təşəbbüsü ilə çıxış etmək imkanının verilməsinin nəzərdə tutulduğunu söylədi. Yaxud layihədə Əsas Qanunun 101-ci maddəsinin 5-ci bəndində belə bir əlavə edilib: "Müharibə şəraitində hərbi əməliyyatların aparılması şəraitində Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir".
M.Musayevin sözlərinə əsasən, Referendum Aktının layihəsində 84-cü maddənin 1-ci hissəsində müharibə şəraitində hərbi əməliyyatların aparılması zamanı parlamentə seçkilərin keçirilməsini mümkün etmədikdə Milli Məclisin çağırışının səlahiyyət müddətinin də eynilə hərbi əməliyyatların sonunadək uzadılması nəzərdə tutulub. Bələdiyyələrin fəaliyyəti, səlahiyyətləri ilə bağlı müddəanın da Əsas Qanunda öz əksini tapmasının mühüm əhəmiyyət kəsb etdiyini söylədi: "Layihədə qeyd olunur ki, qanunla müəyyən edilmiş hallarda bələdiyyələr öz fəaliyyəti barədə Milli Məclisə hesabat təqdim etməlidirlər.
Qeyd etmək lazımdır ki, "Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsinə istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə maraq böyükdür".
Tədbirdə çıxış edən Təşviqat Qrupunun vəkili, Milli Məclisin deputatı Rafael Cəbrayılov, Konstitusiyanın dövlətin əsas qanunu olduğunu və bütün qanunların ona istinad etdiyini bildirdi. Qeyd etdi ki, bəzi qanunları Milli Məclis qəbul edirsə, ümumilikdə, Konstitusiyanı qəbul edən yeganə subyekt xalqdır: "Konstitusiyada dövlətin fəaliyyəti və xalqın inkişaf prinsipləri öz əksini tapır. Bu baxımdan, ölkəmizin əsas qanunlar toplusuna əlavə və dəyişikliklərin edilməsi tarixi zərurət və zamanın diqtəsidir". Konstitusiyanın cəmiyyətdəki münasibətləri tənzimləyən rəsmi sənəd olduğunu nəzərə çatdıran millət vəkili, onun bu münasibətləri tam tənzimləyə bilmədiyi üçün dəyişikliklərin edilməsi zərurətinin ortaya çıxdığını söylədi. Son illər ərzində dövlət büdcəsinin 22 dəfədən çox artması faktı bu dəyişikliyi daha real edir: "Konstitusiyanın 29 maddəsində, ümumilikdə, 41 əlavə və dəyişiklik nəzərdə tutulub. Texniki dəyişikliklər istisna olmaqla digərlərini iki cəhətdən xarakterizə etmək olar. İnsan hüquq və azadlıqlarının daha da genişləndirilməsi, ya mövcud maddələrin genişləndirilməsi, ya da yeniliklərin edilməsi ilə reallaşacaq. İkinci xarakteristikada isə bu dəyişikliklərlə insan hüquq və azadlıqlarının təminatı ilə bağlı dövlətin üzərinə əlavə məsuliyyət qoyulur".
101-ci maddənin 5-ci bəndinə edilən əlavəyə aydınlıq gətirən R.Cəbrayılov, onu da vurğuladı ki, bu, hakimiyyətin bütün qolları arasında balans yaradacaq. Əgər millət vəkili məhdudiyyətsiz seçilmə hüququna malikdirsə, nə üçün bir şəxsin iki dəfədən artıq prezident seçilməsi qadağan edilməlidir? "Məhdudiyyət sözünün özü demokratiyaya ziddir. Bu dəyişikliklərin əleyhinə çıxan bəzi qüvvələrin çıxışlarına baxsanız, orada siyasət görərsiniz. Konstitusiyaya edilən əlavə və dəyişikliklərdə hüquqi cəhətdən heç bir qüsur yoxdur".

"ŞƏHƏR" REFERENDUM ÜZRƏ TƏŞVİQAT QRUPU BİNƏQƏDİ SEÇİCİLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİB

Tədbirdə çıxış edən Təşviqat Qrupunun səlahiyyətli nümayəndəsi Əbülfəz Babayev, Əsas Qanununun mətnində zamanın tələblərinə müvafiq olaraq dəyişiklik və əlavələrin edilməsini hər bir dövlətin müəyyən tarixi inkişaf mərhələsi ilə bağlı olduğunu söylədi. Bildirdi ki, dünya ölkələri üçün vahid konstitusiya modeli mövcud deyil və bu sənədin qəbulu hər bir dövlətin və vətəndaşlarının daxili işi olduğundan, sənədin mətnində hansısa dəyişikliklər və əlavələrin edilməsi də beynəlxalq aləmdə hər bir xalqın suveren hüququ kimi qəbul edilir. Bu baxımdan da Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilərək mətndə bəzi düzəlişlərin həyata keçirilməsi zamanın diqtəsidir.

Digər xəbərlər