PDF Oxu

Xəbərlər

  • 9

Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi təbii prosesdir

Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi təbii prosesdir
Dünən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında "Yeni Azərbaycan" referendum üzrə Təşviqat Qrupunun təbliğat-təşviqat kampaniyası çərçivəsində 8-ci mikrorayon Naxçıvani küçəsinin seçiciləri ilə görüşü keçirildi. Tədbirdə təşviqat qrupunun səlahiyyətli nümayəndələri, vəkillər iştirak edirdilər.
Tədbirdə çıxış edən təşkilatın sədri Nəbi Xəlilov, fevralın 18-də ölkə Konstitusiyasına edilən əlavə və dəyişikliklərlə bağlı keçiriləcək referendumun təbliğat-təşviqat kampaniyasına start verildiyini bildirdi. Nəzərə çatdırdı ki, referendumun birinci mərhələsi artıq yekunlaşıb. Növbəti mərhələdə təbliğat-təşviqat kampaniyası aparılmalıdır. O, qanunvericiliyin verdiyi imkanlar çərçivəsində "Yeni Azərbaycan" Təşviqat Qrupunun bu kampaniyada aktiv iştirak edəcəyini də vurğuladı: "1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanda ilk Konstitusiya aktı qəbul olundu. 2002-ci il avqustun 24-də həmin Konstitusiya aktının 22 maddəsinə ilk əlavə və dəyişikliklər olundu. Bu gün də ölkəmizin sürətli inkişafı ilə paralel olaraq Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi zərurəti ortaya çıxıb. Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsi bu dəyişiklikləri milli dövlətçilik ənənələrimizin daha da möhkəmlənməsi və insan hüquq və azadlıqlarının müdafiəsinə uyğun olduğunu nəzərə alaraq cari ilin martın 18-də referendumun keçirilməsi haqda müsbət rəy verib".
N.Xəlilovun sözlərinə görə, 18 mart 2009-cu il tarixində milyonlarla seçici seçki məntəqələrinə gələrək "Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsinə dair" referendum aktına münasibətini bildirəcək. Ölkə əhalisi, eləcə də əksər ictimai və siyasi təşkilatlar tərəfindən Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi təşəbbüsünun dəstəklənliyini diqqətə çatdırdı. Əlavə və dəyişikliklərin Konstitusiya islahatları kimi qiymətləndirildiyini qeyd edən təşkilat sədri, bu məsələyə zamanın tələbi kimi yanaşmağın məqsədəuyğun olduğunu bildirdi: "29 maddəni əhatə edən əlavə və dəyişikliklər kifayət qədər ciddi əhəmiyyət kəsb edir. İnanıram ki, martın 18-də referenduma çıxarılan əlavə və dəyişikliklər xalq tərəfindən yüksək səs çoxluğu ilə dəstəklənəcək".
Tədbirdə çıxış edən "Tərəqqi" referendum üzrə Təşviqat Qrupunun vəkili, millət vəkili Rafael Cəbrayılov, qanunun bir ehkam olduğunu və onun mövcud inkişafla ayaqlaşa bilmədiyini söylədi. Yəni, cəmiyyətimizdə daim inkişaf gedir, lakin qanunlar bu inkişafla uyğunlaşa bilmədiyindən mövcud qanunvericiliyə müəyyən əlavə və dəyişikliklərin edilməsi zərurəti ortaya çıxır. Bu baxımdan, o, Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsini sensassion hal kimi dəyərləndirənlərin hüquqdan kənar şəxs olduqlarını bildirdi. "Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi təbii prosesdir. Yalnız Qurani-Kərim dəyişilməzdir və onun qədər gələcəyi proqnozlaşdıran ikinci bir kitab ola bilməz" - deyə bildirdi. Təşviqat Qrupunun vəkilinin sözlərinə görə, dövlətimiz mövcud nöqsanları aradan qaldırmaq istiqamətində təxirəsalınmaz addımlar atır. Bəzi boşluqları aradan qaldırmaq üçün də Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi olduqca vacibdir. Qeyd etdi ki, bu dəyişikliklərin edilməsi ilə cəmiyyətdə xalqın rolu daha da artırılacaq: Konstitusiya dövlətin əsas qanunudur və bütün qanunlar ona istinad edir. Bəzi qanunları Milli Məclis qəbul edirsə, ümumilikdə Konstitusiyanı qəbul edən yeganə subyekt xalqdır. Konstitusiyada dövlətin fəaliyyəti və xalqın inkişaf prinsipləri öz əksini tapır. Bu baxımdan, ölkəmizin əsas qanunlar toplusuna əlavə və dəyişikliklərin edilməsi tarixi zərurət və zamanın diqtəsidir".
O, Konstitusiyanın 29 maddəsində ümumilikdə 41 əlavə və dəyişikliyin nəzərdə tutulduğunu vurğuladı: "Texniki dəyişikliklər istisna olmaqla, digərlərinin böyük əksəriyyəti insan hüquq və azadlıqlarının daha da genişləndirilməsinə xidmət edir. Referendum Aktı layihəsində Konstitusiyanın mülkiyyət hüququ adlanan 29-cu maddəsinin IV hissəsinə təklif edilən dəyişikliyə toxunmaq istəyirəm. Bu dəyişiklik hər kəsin mülkiyyət hüququnun daha səmərəli təminatına xidmət edir. Mövcud variantda göstərilir ki, dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Lakin təklif olunan variantda ictimai ehtiyaclar sözü çıxarılıb. Çünki şəxsin mülkiyyət hüququ ictimai ehtiyaclar ucbatından məhdudlaşdırıla bilməz. Əgər dövlət ehtiyacı tələb edirsə, yəni hər hansı neft, qaz, su və s. kəmərlərinin, körpü, yol ötürücülərinin salınması məqsədilə şəxsin mülkiyyət hüququ özgəninkiləşdirilə bilər".
Tədbirdə çıxış edən seçicilər də martın 18-də keçiriləcək referendumda fəal iştirak edəcəklərini bildirdilər.

Digər xəbərlər