PDF Oxu

Xəbərlər

  • 16

Şəmkir seçiciləri referendumda aktivlik nümayiş etdirəcək

Şəmkir seçiciləri referendumda aktivlik nümayiş etdirəcək

Dünən Şəmkir rayonunun Kür qəsəbəsində "Yeni Azərbaycan" referendum üzrə Təşviqat Qrupunun səlahiyyətli nümayəndələrinin və vəkil edilmiş şəxslərinin görüşü keçirildi. Görüşdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış edərək bildirdi ki, Konstitusiyaya əlavə və dəyişikliklər zamanın tələbindən irəli gəlir. Mahiyyət və keyfiyyət etibarilə beynəlxalq normalara və konvensiyalara uyğun olan əlavə və dəyişikliklərdə insan amilinə diqqət ön plana çəkilir.
Görüşdə çıxış edən "Yeni Azərbaycan" referendum üzrə Təşviqat Qrupunun vəkili Rafiq Məmmədhəsənov bildirdi ki, Azərbaycanın ötən müddətdə keçdiyi inkişaf yolundan geniş bəhs etdi. Azərbaycan bu gün həyata keçirdiyi demokratik islahatların əhəmiyyətinə görə nümunəvi ölkə kimi qeyd olunur. Son prezident seçkilərində Azərbaycan dövləti bir daha demokratik dəyərlərə sadiqliyini nümayiş etdirdi. Ölkəmizdə demokratiya institutu təkmilləşir, müasirləşir, mütərəqqi qanunların tətbiqinə diqqət artırılır. Konstitusiyaya əlavə və dəyişikliklərdə bu məqamlar öz əksini tapır. Ölkə vətəndaşlarının şəxsi həyatına müdaxilələrin qanunla qəbul olunmuş qaydalara uyğun müdafiəsinin təşkili üçün nəzərdə tutulan maddələr, eyni zamanda, uşaq hüquqlarının qorunması, onların həyatına, mənəviyyatına, sağlamlığına təsir edə biləcək halların qarşısının alınması üçün dövlət nəzarətinin artırılması, vətəndaşların hüquqlarının qorunması, insanların vəzifələrinin yalnız Ali Qanunla müəyyənləşdirilməsi kimi maddələr Konstitusiyaya əlavə və dəyişikliklərdə öz əksini tapır. Dəyişikliklərdə bələdiyyələrə səlahiyyətlərini həyata keçirməkdə müstəqillik verilməsi, yerli özünüidarə orqanlarının yerləşdikləri ərazidə yaşayan vətəndaşlar qarşısında məsuliyyət daşıdıqlarını təsdiqləyən maddələr də dünya təcrübəsinə uyğunlaşdırılır.
R.Məmmədhəsənov onu da bildirdi ki, ilk Konstitusiyamız ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul olunub. Bu gün Milli Məclisin qərarı ilə Milli Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi zərurəti aydındır.
Sonda R.Məmmədhəsənov bütün ictimaiyyəti, eyni zamanda, bütün şəmkirliləri ümumxalq səsverməsində də fəallıq nümayiş etdirəcəyinə əminliyini ifadə etdi.

"Vətəndaş Cəmiyyəti" referendum üzrə Təşviqat Qrupu maarifləndirmə işində fəal iştirak edir

"Vətəndaş Cəmiyyəti" referendum üzrə Təşviqat Qrupunun vəkiln Seymur Quliyev əsas diqqəti ölkəmizin 1994-cü ildən iqtisadi sahədə qazandığı uğurlara yönəltdi. Bildirdi ki, düşünülmüş siyasət nəticəsində Azərbaycan böyük inkişaf yolu keçib: "Cəmiyyət dəyişir, yeni iqtisadi sistem yaranır. Müstəqil Azərbaycan dövləti dinamik inkişaf edir. Yəni 1995-ci ildə qəbul olunan Konstitusiya Azərbaycanın milli maraqlarına, iqtisadi təhlükəsizliyin qorunmasına, eyni zamanda, insanların keşiyində durmasına xidmət edir. Nəzərdə tutulan dəyişikliklər də Azərbaycanın gələcəyinə insanların ümidini artırır."
S.Quliyev bildirdi ki, son zamanlar tədqiqatlarda keyfiyyətli həyat tərzi anlayışına daha çox rast gəlinir: "Təbii ki, hər bir dəyişiklik əhəmiyyətlidir. Amma bir iqtisadçı kimi deyə bilərəm ki, bu islahatlar bütövlükdə Azərbaycanın sivil bir cəmiyyət qurulması üçün vacibdir. Konstitusiyaya edilən üç dəyişiklik ondan ibarətdir ki, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Həyat səviyyəsi ilə layiqli həyat səviyyəsi arasında böyük bir fərq var. İqtisadi tərəqqi əhalinin sosial durumunun daha da yaxşılaşması ilə müşayiət olunur."
S.Quliyev hər bir Azərbaycan vətəndaşını, həmçinin, həmkirliləri fəal olmağa çağırdı.
Tədbirdə çıxış edən Pirverdi Dağlaroğlu, Fəxrəddin Əliyev, Lilpar Hacıyeva, Saleh Məmmədov, Arzu Hacıyeva və başqaları ümumxalq səsverməsinin əhəmiyyətini xüsusi vurğulayaraq, referendumda fəal iştirak edəcəklərini bildirdilər.

"Tərəqqi" referendum üzrə Təşviqat Qrupunun üzvləri Şəmkir ictimaiyyəti ilə görüşdü

Dünən "Tərəqqi" referendum üzrə Təşviqat Qrupunun səlahiyyətli nümayəndələri və vəkil edimiş şəxsləri Şəmkir şəhərinin Kür qəsəbə seçiciləri ilə görüş keçirdi. Qrupun vəkili seçilmiş Gündüz Kərimov Konstitusiyaya əlavə və dəyişikliklərin mahiyyəti baradə ətraflı məlumat verdi. Qeyd etdi ki, Azərbaycan hüquqi, dünyəvi dövlət quruculuğu yolunda inamla irəliləyir. İlk Konstitusiyamızın qəbulundan ötən dövr ərzində Azərbaycan iqtisadi, siyasi, demokratik islahatlar sahəsində mühüm uğurlara imza atıb, dünyanın nüfuzlu təşkilatlarının tamhüquqlu üzvüdür.
G.Kərimov onu da bildirdi ki, Azərbaycanın bugünkü inkişafı, tərəqqisi Konstitusiyaya əlavə və dəyikliklərdə öz əksini tapıb. Bu dəyişikliklər xalqın arzu və istəyinin nəticəsidir. Referendum Aktında insan hüquq və azadlıqlarının qorunmasına, təminatına xidmət edən dəyişikliklər xüsusi yer tutur. Bu da, onu təsdiq edir ki, dövlət siyasətində insan amilinə yüksək dəyər verir. Bir sıra dəyişikliklər barədə ətraflı məlumat verən "Tərəqqi" referendum üzrə Təşviqat Qrupunun vəkili qeyd etdi ki, bizim istəyimiz xalqın bu dəyişikləri dəstəkləməsidir. Bu dəyişikliklər mütərəqqi dəyişikliklərdir, Azərbaycanın uğurlu gələcəyinə xidmət edir. F.Muradov seçiciləri ümumxalq səsverməsində fəal olmağa çağırdı.
Tədbirdə çıxış edən seçicilər ümumxalq səsverməsini yüksək dəyərləndirərək, nəzərdə tutulan əlavə və dəyişiklikləri dəstəklədiklərini və referendumda fəal iştirak edəcəklərini bildirdilər.

Digər xəbərlər