Son günlər siyasi gündəmi zəbt edən məsələlərdən biri də Türkiyə-Ermənistan əlaqələrinin yaxşılaşması və burada Azərbaycanın maraqlarının arxa plana keçirilməsidir. Təkcə son bir ayda Türkiyə tərəfindən Ermənistana isti mesajlar və birtərəfli yaxınlaşma tendensiyaları haqda xəbərlərin sayı onlarladır. Türkiyənın öz xarici siyasətini Ermənistanla münasibətlərin istiləşməsinə yönəltməsi fonunda bu ölkənin rəsmiləri sözdə qeyd edirlər ki, Türkiyənin Ermənistanla yaxınlaşması Azərbaycanın maraqlarına zərər vurmur, əksinə, münasibətlərin normallaşması Qarabağ münaqişəsinin həllinə töhfə verə bilər. Amma...
"Ermənistanla ikitərəfli əlaqələrin yenidən qurulmasına baxıla bilər, ancaq ilk növbədə Azərbaycan torpaqları işğaldan azad edilməlidir"- Türkiyənin Azərbaycandakı səfiri bir qədər öncə Qərb bölgəsinə səfəri zamanı belə demişdi. Ankaradan səslənən bəyanatlarda da buna oxşar fikirlər səslənib. Lakin erməni və rus mətbuatı Türkiyə rəsmilərinin daha fərqli bəyanatlarını önə çəkirlər. Bu materiallarda qeyd olunur ki, Türkiyə Ermənistanla münasibətlərin yaxşılaşması üçün Azərbaycan torpaqlarının işğaldan azad edilməsi tələbini siyahıdan çıxarıb. Maraqlıdır ki, nə Türkiyə Xarici İşlər Nazirliyi, nə digər rəsmi qurumlar bu kimi məlumatları təkzib etmədilər.
Yeri gəlmişkən, bir qədər öncə "Azadlıq" radiosunun erməni xidməti dediklərimizi təsdiq edən şok xəbər yayıb. Radio Ermənistan-Türkiyə danışıqlarında iştirak edən şəxslərdən birinin sözlərinə əsaslanaraq bildirib ki, Ankara Yerevanla rəsmi münasibətlər qurmaq və sərhədləri açmaq üçün irəli sürdüyü şərtlərdən biri olan işğal altındakı Azərbaycan torpaqlarının azad edilməsi tələbindən imtina edib.
Radionun iddiasına görə, hazırda Türkiyə hökumətinin yeganə şərti 1915-ci il hadisələrinin araşdırılması üçün tarixçilərdən ibarət birgə komissiyanın yaradılmasıdır. Ermənistan prezidenti Serj Sarkisyanın bu şərtə müsbət yanaşdığı, ancaq daşnakların və diaspora nümayəndələrinin bundan narahat olduqları və dövlət başçısına xəbərdarlıq etdikləri bildirilir.
Deyir, avazın yaxşı gəlir, oxuduğun Quran olsa. Belə köhnə bayatıları uzun illərdir ki, eşidirik. Zatən, belə açıqlamalarda bulunan səfir həzrətləri özü də belə sözlərdən artıq bezib. Elə biz jurnalistlər də.
Son aylarda regionda baş verən hadisələr, Türkiyənin yeni geosiyasi kursu, qardaş ölkə rəsmilərinin ziddiyyətli bəyanatlarından baş açmaq olmur. Türkiyə xarici işlər naziri Əli Babacan da nala-mıxa döyməkdən yorulmur. Əli abinin dediyindən belə anlaşılır ki, Türkiyə qonşuları ilə dinc yanaşı yaşamalı, bütün olub-keçənləri unutmalı, münasibətlərin normallaşması üçün heç bir şərt qoymamalıdır. Bakıda bir cür, Yerevanda ayrı cür, Ankarada isə bir başqa cür bəyanatlar verən diplomat buraxın Azərbaycanı, heç Türkiyənin də mənafelərini müdafiə edə bilmir.
Türkiyə səfirinin açıqlamaları ilk baxışdan xoş təsir bağışlayır. Amma qardaş ölkənin xarici işlər naziri Əli Babacanın, cumhurbaşqanı Abdullah Gülün son bəyanatları, həmçinin Türkiyə rəsmilərinin son açıqlamaları məsələnin bir qədər başqa cür olduğunu göstərir. Təkcə son bir neçə ayda indiyədək görünməmiş birtərəfli yaxınlaşma kursu götürülüb.
Bundan öncə isə, Türkiyədəki erməni icması baş nazir Rəcəb Tayyib Ərdoğana müraciət edərək, bu filmin nümayişinin dayandırılmasını xahiş etmişdi. Müraciətdə qeyd olunur ki, "Əgər hökumət və Baş Qərargah olaraq bu DVD-lərin göstərilməsində türk toplumu üçün önəmli bir fayda görürsünüzsə, onda heç olmasa, erməni uşaqlarının bu filmi izləyərkən duyacağı əziklik, günahkarlıq və təcrid hissindən xilas olması üçün erməni məktəblərində DVD-lərin nümayişinin dayandırılmasını və dövlət məktəblərində oxuyan erməni şagirdlərin DVD-ni izləməkdən azad edilməsini rica edirik".
Qeyd edək ki, "Sarı Gəlin-erməni probleminin iç üzü" sənədli filmi erməni silahlı dəstələrinin 1915-ci ilə qədər türk kəndlərinə basqınlar edərək kəndləri yandırması, insanları işgəncə verərək öldürməsindən bəhs edir. Film 2003-cü və 2004-cü illərdə TRT-də yayımlanıb. Türkiyənin əsassız soyqırım iddiaları ilə mübarizə üzrə Koordinasiya Şurası 2007-ci il martın 15-də sənədli filmin DVD şəklində Təhsil Nazirliyinə göndərilməsinə qərar verib. 2007-ci il dekabrın 17-də 56 min 388 ədəd DVD nazirliyə verilib və 2008-ci ilin yayında bu disklər orta məktəblərə paylanıb.
Bəzi ekspertlər bildirirlər ki, Türkiyə özünün çulunu sudan çıxarmaq üçün Azərbaycanın mənafelərini qurban verməkdə tərəddüd edir. Ankara böyük tarixi dilemma qarşısındadır: ya Azərbaycan, ya da Ermənistan. Bu ağır seçim olacaq, lakin gec-tez bu seçim edilməlidir. Terrorçu dövlət, türk xalqını tarixən böyük soyqırıma məruz qoymuş ölkə ilə, genetik və qan qohumluğu olan, eyni mədəniyyətə və ortaq tarixə malik, strateji müttəfiq olan bir ölkə arasında özünü seçim etmək durumuna salan Ankara hansı qərarı verəcək? Bunu öyrənməyə az zaman qaldı.
Azərbaycan özünün xarici siyasətində konkret mövqelər müəyyənləşdirib və bu mövqelər beynəlxalq hüquqa, humanist prinsiplərə uyğundur. Lakin Azərbaycan Türkiyənin mənafeyinə xələl gətirə biləcək heç bir fəaliyyətdə bulunmayıb.
Ankara ilə Bakı arasında problem yaratmağa çalışılırsa, bu Bakıdan qaynaqlanmır. Ankaranın Yerevanla münasibətlərində yaxınlaşma varsa, bu da bizi narahat etmir. Bizi düşündürən bir məqam var- Türkiyə öz qürurunu, şərəfini, strateji maraqlarını, ermənilər tərəfindən terrora və soyqırıma məruz qoyulmuş günahsız türk qurbanlarının qanını çox ucuz satmır ki?